İyunun 1-də Şuşada “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı keçirilib.
Tehsil.biz xəbər verir ki, türkdilli dövlətlərin uşaq rəqs qrupları arasında keçirilən festival Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutub.
Festivalda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər qonaqlar iştirak ediblər.
Festivalda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Azərbaycandan olan 150-yə yaxın məktəblinin ifasında müxtəlif rəqs nömrələri nümayiş etdirilib.
Qeyd edək ki, beynəlxalq rəqs festivalının təşkilində məqsəd uşaq və gəncləri dünyaşöhrətli siyasətçi Heydər Əliyevin türk dünyası ilə bağlı gördüyü işlər haqqında məlumatlandırmaq, türkdilli dövlətlərin gənc nəslinə ölkəmizi tanıtmaq, uşaqları bir-birlərinin milli adət-ənənələri ilə tanış etmək, onlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini iştirakçılara tanıtmaqdan ibarətdir.