Logo

BMU-da yaz semestrinin imtahan sessiyasına start verilib

02.06.2023 13:54 284 baxış
IMG

Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.

Tehsil.biz xəbər verir ki, hər iki təhsil pilləsi üzrə əyani formada təşkil olunan imtahan sessiyası iyul ayının 5-dək davam edəcək.

İmtahan prosesində tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflığın və obyektivliyin təmin edilməsi, auditoriyalarda imtahanların yüksək səviyyədə təşkili üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Tələbələrin fənlər üzrə imtahanqabağı ballarının “Elektron Məlumat Sistemi” vasitəsilə avtomatik hesablanması məqsədilə nəzərdə tutulan işlər tamamlanıb. Belə ki, tələbələrin imtahana qədər əldə olunmuş bütün qiymətləndirmə məlumatları, o cümlədən dərsə davamiyyət, semestr daxili fəaliyyətlər, sərbəst iş, laboratoriya işi, kurs işi nəticələri fənn müəllimləri tərəfindən sessiya başlayanadək sistemə tam daxil edilib.

İmtahan nəticələri imtahanın keçirildiyi gün fənn müəllimi tərəfindən universitetin Elektron Məlumat Sisteminə daxil ediləcək.

Sessiyanın gedişinə operativ nəzarət etmək, imtahanlarda yarana biləcək şikayətlərin həllini təmin etmək məqsədilə universitetdə Qərargah və Apellyasiya komissiyası yaradılıb. Tələbələr universitetdaxili intizam qaydaları, imtahan cədvəlləri üzrə kafedralarda müvafiq imtahanqabağı məsləhət saatlarının təşkili, eyni zamanda imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət qaydaları haqda ətraflı məlumatlandırılıb.

Sessiya müddətində imtahanların mövcud normativ sənədlər əsasında və təlimata uyğun keçirilməsi, nizam-intizamın yüksək səviyyədə təşkili universitet rəbərliyinin diqqət mərkəzində saxlanılacaq, eyni zamanda imtahanların gedişi ardıcıl surətdə yoxlanılacaq.

Xəbər lenti