Logo

Azərbaycanlı alimə Qırğızıstan Milli Universitetinin “Fəxri professoru” adı verilib

02.06.2023 14:15 256 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərliyə Qırğızıstan Milli Universitetinin (QMU) “Fəxri professor”u adı verilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Bişkekdə, Qırğızıstan Milli Universitetində keçirilən tədbirdə universitetin rektoru Tolobek Abdrahmanov Nazim Müzəffərliyə “Fəxri professor” diplomunu təqdim edib.

Bununla yanaşı, Qırğızıstan Milli Universiteti ilə Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu arsında elm və təhsil sahəsində qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi professor Nazim Müzəffərli və rektor Tolobek Abdrahmanov imzalayıblar.

Qeyd edək ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Cəmiyyət və elm” ictimai fondunun təşkilatçılığı ilə “İqtisadi və ekoloji çağırışlar şəraitində davamlı inkişaf” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib. Qırğızıstan Milli Universitetində keçirilən tədbirdə Azərbaycandan Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərlinin rəhbərliyi ilə institutun Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, dosent Azər Səfərov və aparıcı elmi işçi, dosent Famil Rüstəmov iştirak ediblər. Alimlərimiz beynəlxalq konfransda məruzə ilə çıxışlar ediblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Konfrans MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil olunub. Beynəlxalq tədbirə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Moldova, Özbəkistandan olan alim və tədqiqatçılar qatılıblar.

Xəbər lenti