İyunun 1-dən Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası ənənəvi formada başlayıb.
Bu barədə "Tehsil.biz"ə BSU-dan məlumat verilib.
BSU-da ilk dəfə olaraq əsas tədris binasında keçirilən imtahanlar mərkəzləşdirilmiş qaydada təşkil olunub. 400 tələbə eyni vaxtda bir zalda imtahan verəcək. İmtahan keçirilən zalda imtahanın başlama və bitmə saatlarını göstərən monitorlar yerləşdirilib.
İmtahan sessiyası Azərbaycan Respublikası elm və təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinin tələblərinə uyğun olaraq həyata keçirilir. Yaz semestrinin imtahan sessiyası iyulun 6-dək davam edəcək.
İmtahanla bağlı BSU-da əlaqədar struktur bölmələrə müvafiq tapşırıqlar verilib. İmtahan sessiyasının keçirilməsi üçün mövcud pandemiya şəraiti nəzərə alınaraq tədbirlər həyata keçirilib.
Hər fənn üzrə tələbələrin giriş balları fakültələrdə müvafiq lövhələrdə asılıb. 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerində operativ həllini təmin etmək məqsədilə universitet rəhbərliyinin, universitetdə fəaliyyət göstərən valideyn şuralarının, tələbə gənclər təşkilatlarının, mətbuat nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb.