Logo

“Yüksəliş” müsabiqəsinin iştirakçıları idarəetmə bacarıqları üzrə imtahan verəcəklər

02.06.2023 17:11 301 baxış
IMG

İyunun 11-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin idarəetmə bacarıqları üzrə imtahanı baş tutacaq.

Tehsil.biz xəbər verir ki, bu mərhələdə müsabiqə iştirakçılarının sosial intellekti, tənqidi düşüncə, qərarvermə və layihələrin idarə edilməsi bacarıqları yoxlanılır. İştirakçılar öncədən təyin olunan məkanlarda əyani şəkildə iştirak edirlər. Bununla bağlı buraxılış vərəqələri iştirakçıların şəxsi kabinetində yerləşdirilir.

İdarəetmə bacarıqları üzrə imtahanda “Qərarların verilməsi” üzrə 20 situasiya tipli sual, “Tənqidi düşüncə” üzrə 20 tapşırıq, 60 sual, “Layihələrin və iş prosesinin idarə olunması” üzrə 20 situasiya tipli sual, “Sosial intellekt” üzrə isə 20 situasiya tipli sual təqdim olunacaq.

İdarəetmə bacarıqları üzrə imtahan sualları üçün iştirakçılara 3 saat 30 dəqiqə vaxt ayrılır.

Qeyd edək ki, yalnız əyani mərhələnin qabiliyyət üzrə yoxlama imtahanından uğurla keçən namizədlər idarəetmə bacarıqları üzrə imtahana qatıla biləcəklər.

Əyani mərhələsinin ilk imtahanı olan qabiliyyət üzrə yoxlama imtahanı iyunun 10-da keçiriləcək.

Əyani mərhələ ilə bağlı ətraflı məlumat - təlimat və buraxılış vərəqəsi yaxın günlərdə iştirakçıların şəxsi kabinetinə göndəriləcək.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Xəbər lenti