Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Böyük Britaniyanın Avropa və Mərkəzi Asiya üzrə enerji təhlükəsizliyi və iqlim səfiri David Moranla iqlim dəyişikliyi mövzusunda müzakirə keçirilib.
ADNSU-dan "Tehsil.biz"ə bildirilib ki, rektor Mustafa Babanlı qonaqlara universitet haqqında məlumat verib. Müzakirə olunacaq mövzunun aktuallığını vurğulayan rektor ADNSU-da enerji təhlükəsizliyi məsələlərinin prioritet təşkil etdiyini deyib.
Universitetdə olmaqdan məmnunluğunu ifadə edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Fergus Auld dünyada iqlim və enerji təhlükəsizliyi sahəsində səylərin beynəlxalq miqyasda mühüm əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə hökumətlərarası dialoqun vacibliyini vurğulayıb.
David Moran iqlim və enerji təhlükəsizliyi, o cümlədən enerji ehtiyatları ilə bağlı problemlərin həllinin vacibliyi və bu istiqamətdə dünya hökümətlərinin üzləşdiyi çətinliklər və gördükləri işlər, həmçinin diqqət yetirilməli olan məqamlar haqqında danışıb.
Görüş iqlim dəyişikliyi mövzusunda müzakirələrlə davam edib.
ADNSU-da aparılan müzakirələr çərçivəsində rektor M.Babanlı ilə səfir F.Auld arasında görüş keçirilib. Tərəflər birgə əməkdaşlıq və perspektiv məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.