Logo

Anasına Oksfordda oxuduğunu deyən qız illərdir ev alverçisi imiş

11.03.2021 11:53 600 baxış
IMG

Türkiyənin Hatay şəhərində gül satmaqla ailəyə baxan Gülseren Bozkurt indiyə qədər xaricdə övlad oxutdurduğunu düşünüb. Amma sosial medianın gündəminə düşmək bütün həqiqətləri üzə çıxarıb. Qızı Mervenin heç də İngiltərədə təhsil almadığı məlum olub. Gülseren Bozkurtun övladı İstanbulda makler işləyirmiş.

 

Bizimyol.info xəbər verir ki, qadın illərdir Antakya ilçəsindəki Asri məzarlığında gül satır. Gülseren Bozkurt həmişə qızının Oksford Universitetinin tibb fakültəsində oxuduğunu düşünüb. Qadın Merveyə vaxtaşırı pul göndərirmiş. Beş ildir həqiqət gizli qalıb.

 

 

Gülseren Bozkurt və qızı Merve

 

Gerçək martın 8-də ortaya çıxıb. Həmin gün küçə reportajında mikrofonu ana-balaya uzadıblar. 25 yaşlı qız anası haqda yüksək fikir deyib: “Anam çətinliklərlə bizi bu günlərə gətirdi”.

 

Merve reportaj zamanı qardaşının hərbçi olduğunu, Hakkaridə xidmət çəkdiyini deyib. Gülsatanın qızı bu məsələdə yalan danışmayıb. Merve deyib ki, anası ondan “gözəl yer”ə daxil olmağını istəyib. Qız inadla çalışaraq Oksford Universitetinin məzunu olmağı bacardığını dilə gətirib.

 

Reportaj sosial mediada çox paylaşılıb. Xeyli insanın ailəyə ürəyi yanıb. Onlara kömək etmək istəyənlər meydana çıxıb. Hətta qızın İngiltərədə aylıq xərclərini ödəmək fikrinə düşənlər onunla əlaqə yaratmağa cəhd edib. Azacıq araşdırma isə acı gerçəyi ortaya çıxarıb. Mervenin heç ümumvətəndaş pasportu da yoxmuş. Qız heç vaxt İngiltərədə olmayıb. Nəinki İngiltərə üzü görməyib, ona Türkiyədən çıxmaq şansı da yaranmayıb. Merve illərdir İstanbulda yaşayır və əmlak agenti kimi fəaliyyət göstərirmiş.

 

Həqiqət üzə çıxandan sonra makler qız bütün sosial platformalardakı hesablarını bağlayıb. Türkiyə mətbuatı yazır ki, Merve anasını aldatdığına görə çox peşman olub: “Bir hekayə uydurdum. Bu hekayəyə özüm də daxil olmaqla hamını inandırdım. Halbuki çox vaxt İstanbulda əmlak ofisində otururam”.

 

Gülseren Bozkurt hadisədən çox sarsılıb. Son iki gün ərzində onu anasının gül satdığı Asri məzarlığı tərəflərdə görən olmayıb.

Xəbər lenti