Logo

Mingəçevirdə "STEAM layihəsi və rəqəmsal bacarıqların inkişafı" adlı tədbir keçirilib - FOTOLAR

04.06.2023 12:23 219 baxış
IMG

Mayın 30-da Mingəçevir Dövlət Universiteti (MDU) və Mərkəzi Aran Regional Təhsil İdarəsinin (RTİ) birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “STEAM layihəsi və rəqəmsal bacarıqların inkişafı” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, Mingəçevir şəhər 9 saylı tam orta məktəbin ev sahibliyi ilə keçirilən tədbirdə şəhərin bir sıra ümumi təhsil müəssisələrinin müəllim və şagird kollektivi üzvləri, universitetin əməkdaşları, tələbə və magistrantları iştirak ediblər.

Tədbirin açılışında Mingəçevir şəhər 9 saylı tam orta məktəbin direktor əvəzi Mənsur Həsənov və MDU-nun Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanın etibarlı gələcəyinin təmin olunmasında gənclərin potensialını daim yüksək qiymətləndirdiyini və bu baxımdan onların keyfiyyətli təhsilə əlçatanlığına böyük həssaslıqla yanaşdığını qeyd ediblər. Bildirilib ki, hazırda ölkəmizdə təhsilin müasir tələblər səviyyəsində keyfiyyətinin yüksəldilməsi istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində şagirdlərə müasir dövrün zəruri texnoloji bacarıqlarını aşılamaq məqsədi daşıyan “STEAM Azərbaycan” layihəsinə start verilməsi bunun bariz nümunələrindən hesab edilir. Eləcə də, rəqəmsal texnologiyaların müasir dövrdə cəmiyyətin inkişafında və insan həyatında həlledici rol oynadığı diqqətə çatdırılıb və şagirdlərin məktəbdə təhsil aldığı dövrdə bu istiqamətdə bacarıqlarının inkişaf etdiriliməsinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, hazırki birgə tədbirin əsas məqsədi müasir təhsil modellərindən sayılan və gəncləri real həyatın problemlərinin həllinə hazırlayan STEAM metodunun imkanları barədə şagirdləri məlumatlandırmaq və onların rəqəmsal bacarıqlarının artırılmasını təşviq etməkdir.

Sonra tədbirin proqramına uyğun olaraq məruzələr dinlənilib. MDU əməkdaşlarından Aidə Mustafayeva “Təhsildə STEAM metodunun tətbiqi perspektivləri”, Sinan Toklu “Süni intellekt və STEAM metodu: proseslərin avtomatlaşdırılmasında yeni perspektivlər və imkanlar”, Zemfira Əliyeva “Rəqəmsal bacarıqlar” layihəsinin orta məktəblərdə tətbiqinin təhlili” və Məryəm Əsədova “Dünyada və Azərbaycanda ümumi təhsil müəssisələrində informatikanın tədrisinin müqayisəli təhlili” mövzusunda məruzələrlə çıxış ediblər.

Təqdim olunan məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Daha sonra tədbir iştirakçıları Mingəçevir şəhər 9 saylı tam orta məktəbdə fəaliyyət göstərən STEAM Mərkəzində şagirdlər üçün yaradılmış şəraitlə tanış olublar.

Qeyd edək ki, Mingəçevirdə və MDU-da “Heydər Əliyev İli” çərçivəsində müxtəlif formatlı tədbirlər həyata keçirilir. Sözügedən tədbir 2023-cü il aprelin 20-də MDU ilə Mərkəzi Aran RTİ arasında təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq təşkil edilib.

Xəbər lenti