Tovuzda məktəb binası qəzalı vəziyyətdədir
Tehsil.biz xezerxeber.az-a istinadən bildirir ki, Tovuzda fəhlə yataqxanasından illərdir məktəb kimi istifadə olunur. Fəhlə yataqxanası dedikdə yəqinki tədrisin təşkil olunduğu ərazi barədə müəyyən bir təəssürat yaranır. İstismar müddətini başa vuran bina qəzalı vəziyyətdədir. Hazırda burada şagirdlərin təhsil almaları olduqca təhlükəlidir. Mövcud vəziyyətdən isə məktəbin müəllim-şagird kollektivi, həmçinin valideynlər narahatdır. Bəs problem nə zaman həll olunacaq ?
Bura Tovuz rayonunun Qovlar şəhərinin 3 nömrəli tam orta məktəbidir. 1971-ci ildə yataqxana olaraq tikilən bina 1974-cü ildən məktəb kimi fəaliyyət göstərir. 47 ildir istifadədə olan və istismar müddətini artıq başa vuran təhsil ocağı hazırda qəzalı vəziyyətdədir..
İkimərtəbəli binanın nə dam örtüyü, nə divarları, nə döşəmə və tavanı, nə də pəncərələri qaydasındadır. Ümumiyyətlə bu məktəbdə tam şəraitsizlik hökm sürür. Siniflərin qızdırılması isə odunla təmin olunur.
161 şagird yerlik 12 sinfi olan məktəbin belə qəzalı vəziyyətinə görə bir neçə valideyn övladlarını bu məktəbdən çıxarıb. Deyirlər ki, onlar övladlarının yaxşı təhsili ilə bərabər, sağlamlıqlarını da düşünürlər.
Məktəb rəhbərliyi bildirir ki, binanın qəzalı vəziyyəti ilə bağlı dəfələrlə aidiyyatı üzrə müraciət ediblər. Lakin beş ildir müraciətləri cavabsız qalıb.
Rayon təhsil şöbəsi də öz növbəsində məktəbin hazırkı vəziyyəti ilə bağlı Təhsil Nazirliyinə müraciət etdiyini bildirir.
Görünən odur ki, verilən vədlər yerinə yetirilənədək şagird və müəllimlərin əziyyətli günləri davam edəcək.