Logo

“Elm” nəşriyyatının direktoru beynəlxalq tədbirdə ölkəmizi təmsil edib - FOTO

06.06.2023 10:07 227 baxış
IMG

AMEA-nın “Elm” nəşriyyatının direktoru, Avropa Elmi Redaktorlar Assosiasiyasının (EASE) Azərbaycan bölməsinin sədri filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov Türkiyənin İstanbul şəhərində keçirilən EASE-nin XVII Baş Assambleyasında ölkəmizi təmsil edib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Bildirilib ki, S.Qəhrəmanov tədbir çərçivəsində TÜBİTAK-ın nəzdində fəaliyyət göstərən Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) direktoru Mehmet Mirat Satoğlu, eyni zamanda, müxtəlif ölkələrdən olan tədqiqatçı və mütəxəssislərlə görüşlər keçirib, elmi redaktorların peşəkar inkişafını, elmi redaktənin qlobal standartını və keyfiyyətini yaxşılaşdırmaq istiqamətində aparılan müzakirələrdə yaxından iştirak edib.

“Elm” nəşriyyatının direktoru EASE-nin XVII Baş Assambleyası çərçivəsində təşkil olunmuş “Keyfiyyətli elmi nəşr” mövzusunda konfransda da iştirak edib. 36 ölkədən 200-ə yaxın alim və mütəxəssisin iştirak etdiyi konfransda “Elmi nəşriyyat: keyfiyyət, etika və dürüstlük – yaxşı elmi nəşriyyat necə olmalıdır?”, “Keyfiyyət naşirlər, redaktorlar və müəlliflər üçün nə deməkdir və biz buna uyğunlaşırıqmı?”, “İndeksləşdirmə üçün keyfiyyət göstəriciləri tələbləri” və digər mövzularda sessiyalar keçirilib.

Qeyd edək ki, EASE Azərbaycan bölməsinin digər üzvləri konfransa onlayn qoşulublar.

Xəbər lenti