Logo

“Dərs vaxtı” telelayihəsinin bir ili

11.03.2021 16:27 509 baxış
IMG

Ümumtəhsil məktəblərinin şagirdləri üçün koronavirus (COVID -19) pandemiyası ilə əlaqədar ötən ilin 11 mart tarixindən “Dərs vaxtı” telelayihəsinə start verilib. Bu layihə çərçivəsində indiyədək ümumilikdə 7600-dən çox dərs yayımlanıb, gün ərzində 36-38, bir ay ərzində isə 800-dək teledərs yayımlanır.

 

Təhsil Nazirliyinin təşkilatçılığı ilə hazırlanan teledərslər artıq bir ildir ki, həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanır. Teledərslər həm Azərbaycan, həm də rus bölmələri üzrə bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. İbtidai siniflərdə “Azərbaycan dili”, “Rus dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, “Musiqi”, “İnformatika-rəqəmsal bacarıqlar”, V-XI siniflərdə isə “Azərbaycan dili”, “Rus dili”, “Riyaziyyat”, “Xarici dil”, “Azərbaycan tarixi”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” və “İnformatika-rəqəmsal bacarıqlar” fənləri üzrə videodərslər təqdim edilir.

 

Həmçinin “Dərs vaxtı” çərçivəsində məktəbəhazırlıq dərsləri, məktəbdənkənar fəaliyyət, bir sıra peşə ixtisasları, müxtəlif fənlər üzrə inteqrativ dərslər, “Virtual məktəb”də müəllimlərə dəstək, “Qüvvət elmdədir (Nizami Gəncəvi - 880)” və “Elmin möcüzələri” kimi telelayihələr, xüsusi təhsil və STEAM dərsləri də yayımlanmaqdadır.

 

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Facebook" səhifəsindən (https://www.facebook.com/tehsil.gov.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Xəbər lenti