Logo

Hücrənin ekzistensial sakini

06.06.2023 18:27 357 baxış
IMG

Dəyişkən ruh halı, çarəsizliyin verdiyi kədər və bir az da yalnızlıq. Bəlkə də yaşamaq budur. Bəlkə də yaşamaq kədərin verdiyi ağrı-acılara zəncirlənməkdir. Amma bilmirəm...

Bu sətirləri yazarkən ağlımda o qədər düşüncə var ki! Onlar dayanmır, hər zaman və hər yerdədilər. Bəzən hər şeyin yaxşı olduğunu düşünürəm amma bu sadəcə bir anlıq olur sonra isə pessimizm məni yenə dövrəsinə alır. 

Bəzən yata bilmirəm səhərə qədər özümlə danışmağa məcbur oluram. Artıq ürəyim bulanır... Fikrimi toplamaqda çətinlik çəkirəm və bu mənə əzab verir. 

Şəhərdə yüzlərlə insana rast gəlirəm, bir çoxu qaşlarını çatıb, özlərini güclü göstərməyə çalışır. Bəziləri isə xoşbəxt olduğunu hamıya sübut etdirmək üçün üzlərindən təbəssümünü əskik etmir. Əvvəlcə aldanırsan, Bir müddət üzlərinə baxdıqdan sonra isə təbəssümlərin saxta olduğunu dərk edirsən. İnsanın ürəyi bulanır. Bu təbəssümlər o qədər sünidir ki! 

Bütün bunların çarəsizlikdən qorunmaq üçün bir maska olduğunu bilirəm və bu mənə əzab verir. Bəzən həqiqətləri bilmək necə də əzab vericidir!

Axşam saatlarıdı, öz otağımdayam. Toz basmış rəflərimi, saralmış kitab səhifələri zinətləndirən otağımda. 

Kiçik olmasına baxmayaraq, yalnızlığımı mənə hiss etdirməyən və hərdən taxta pəncərələrimin arasından çıxıb gələn külək vıyıltılarını eşitdiyim otağımda. 

Kitab oxuyuram, bir yandan da təzə dəmlənmiş çayımı içirəm. Amma bu zaman yadıma bir həftə bundan qabaq universitetdən çıxarkən, skamyada oturan, bığı siqaret çəkmədən saralmış dayının üzündəki çarəsizliyi xatırlayıram. Sonra bir qurtum çay içirəm, kitabımı oxumağa çalışıram amma yenə fikrim yayınır.

Bu səfər ağlım məni daha da keçmişə aparır-uşaqlıq illərinə. Nədənsə keçmişimlə bağlı ancaq pis xatirələr yadıma düşür. Sanki heç vaxt xoş xatirələrim olmayıb. Ən son nə vaxt güldüyümü belə xatırlamıram. Bu gedişlə ağlım özünə yeni-yeni problemlər tapmaqda davam edir. Deyəsən elə əlimdən gələn yeganə iş budur.

Bir müddət sonra elə bil, yuxudan ayılıram və fikir verirəm ki, hansı cümlədə olduğumu, hansı kitabı oxuduğumu belə unutmuşam. 

Yenə kitab oxumaqdayam amma bu zaman fikrimi yayındıran yeni bir düşüncə yaranmaqdadır. Sevdiyim insanların təbəsümündəki çirkinlik, üzlərindəki mimikaların acizliyi, baxışlarındakı çarəsizliyi gördükdə onlara yazığım gəlir və onlara yazığım gəldiyi üçün özümdən nifərt edirəm. Bunun niyə belə olduğunu bilmirəm. 

Sevdiyim insanlara yazığım gəldikdən sonra onların üzünə əvvəlki kimi baxmaqda çətinlik çəkirəm. Baxışlarımı qaçırdıram, onlarla söhbət etmək istəmirəm. Bu mənə əzab verir... 

Bizlər yaşadığımız bu həyatda bəzi sualların cavabını bilməyə bilərik amma burada məslə dünyayla, kainatla bağlı suallar deyil axı! Burada məsələ mənəm. Özümü anlaya bilmirəm... Hərdən düşünürəm ki, əgər sevdiyim insanlara yazığım gəlirsə deməli o əsl sevgi deyil. Deməli onları sevmirəm. Artıq belə düşünməyə başladıqdan sonra, hisslərimə şübhəylə yanaşıram...

Deyəsən artıq bizi yanıldan ən böyük şeyin hisslərimiz olduğunu anlamağa başlayıram. Əslində bunu çoxdan bilirdim amma bu hər insanın başına gəlir axı-bəzən fərqində olamdan bəzi şeyləri anlayarıq. Sadəcə zaman yanlışdır. Sadəcə bunları özümüzə etiraf etmək bizə çətin gələr. Həqiqətlər yanlış zamanda üzə çıxar və zaman yanlış olduğu üçün anı pozmaq istəmərsən. Hisslərimiz bəzən bizə bir yalanı yaşamağa vadar edər. 
Yenə fikrim yayınır və “Cinayət və cəza” da Raskolnikovun dediyi bir cümlə yadımda düşür : “ Amma mən çox danışıram ha... Çox danışdığım üçün də heç bir şey eləmirəm. Deyəsən elə heç bir şey eləmədiyim üçün də çox danışıram”. Mənimki də o misaldı. Çox danışdığım üçün kitabımı oxuya bilmirəm. Deyəsən elə kitabımı oxuya bilmədiyim üçün də çox danışıram. Bunları demək olar ki, hər gün yaşayıram və bütün bunlara dözmək həqiqətən çətindir. Bəs necə olacaq? Görəsən tab gətirə biləcəyəmmi bunlara? Bilmirəm...

Var olmaq qorxuncdur. Var olmaq düşünməkdirsə, düşünmək də əzab çəkməkdir. Yaşamaq üçün əzab çəkməyin lazım olduğunu bilmək, necə də əzab vericidir!

Ağarza Hüseynov
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti