Havanın qızmar vaxtı idi. O isə dayanmadan yol gedirdi. Zalımın balası elə bil harasa tələsirdi. Gedəcəyi yer hara olsa yaxşıdır? Yenə o uçurumun kənarı...
Hər gün eyni vaxt, eyni saatda tələm-tələsik evdən çıxıb uçurum kənarına niyə getsin ki, bir adam? Onu ora sövq edən hansı qüvvə idi?
Nə yaşamışdı ki? Bəlkə də daxilində nə fırtınalar qopurdu.
O, bu kəndə gəlmə idi. Yerli camaat onun sadəcə adını və çox bacarıqlı dulusçu olduğunu bilirdi. Hə, bir də yaşadığı ünvanı. Onsuz da kənddə hamı bir-birinin kandarını yaxşı tanıyır.
Aqşin çoxlarından fərqli idi. O, heç kəslə normal ünsiyyət qurmurdu. Güc-bəlayla bir iki söz deyirdi, vəssalam! Amma yox, heç kəs deməyək, çünki Gülnarla münasibəti yaxşı idi.
Yeri gəlmişkən deyim ki, Gülnar da bu yerlərə sonradan gələnlərdən idi. Özü də pedaqoji elminə hali olan bacarıqlı təhsil işçisi – ibtidai sinif müəllimi idi. Gülnarın maraqlı tərəfi, fərqli məziyyəti kəndin hər bucağına bələdliyində idi. Səhərdən günortaya kimi dərsdə olub, daha sonra düşürdü kəndin yollarına. Necə deyərlər, kəndi ələk-vələk edirdi. Aqşini də belə tanımışdı: az gedib, üz gedib, dərə-təpə düz gedib, gəlib çıxmışdı gil qabların hazırlandığı kiçik emalatxanaya.
Aqşin yaşadığı evin qarşısındakı dulusçuluq emalatxanasının son tamamlanma işlərini görürdü. İçəridə görüləsi çox işlər vardı. Elə ki nəfəsi çiyinlərindən çıxdı, o zaman bir küncdə oturub kitab oxuyurdu.
Gülnar emalatxananın aralı qapısını görüb içəri boylanır və kitab oxuyan bir nəfər onun marağına səbəb olur. Axı, özü də mütaliə etməyi çox sevirdi. Həm də kənddə kitab oxumağı sevən çox az adam var idi. Gülnar marağını gizlədə bilməyib salamlaşmadan bir başa mətləbə keçdi:
– Bilmək olar, oxuduğunuz kitab nə haqdadır?
Deyəsən, Gülnarın sözləri toz-dumanlı otağın havasındaca asılı qaldı: ünvana yetişmədi... Və yenidən daha uca səslə sualını təkrar etdi:
– Kitab. Kitabı soruşuram, nə barədədir?
Ancaq bu cəhdi də baş tutmamış kimi göründü. Oxu atıb, yayı gizlədən Gülnarın, elə oxu da gizli qaldı, yəni ünvansız... Əslində Aqşini qınamaq da olmazdı. Fiziki yorğunluq və zehni fəaliyyət onu tam özünə qapanmağa sövq etmişdir. Anvaq inadkar və qətiyyətli Gülnarın səsi yenidən eşidildi:
– Bilirsiniz (bir qədər də uca səslə), mən də sonuncu kitabı dünən bitirdim. Düşünürəm, əgər mən oxuduğum janrdadırsa sizdən bir neçə günlük götürərdim. Yəni, əgər siz də detektiv janra üstünlük vermirsinizsə. Yoxsa mənim bütün qrup yoldaşlarım dedektiv oxuyur. Sanki, hər kəs Şerlok Holms olacaq. Sizcə bu, gülməli deyil? Bir bilsəniz nə qədər fikir ayrılığı yaşamışıq. İndiyə kimi də davam edir bu. Halbuki, mən kənddə onlar şəhərdə...
Birdən Gülnar Aqşinin təəccüblü baxışlarına fikir verdi. Aqşin nə baş verdiyini anlamağa çalışırdı. Elə bu an Gülnar bir addım geri atıb, üzrxahlıq edərək əlavə etdi:
– Fikrinizi yayındırdım, üzrlü sayın. Adım Gülnardır. Kənd məktəbində müəlliməm. İbtidai sinfə dərs deyirəm. Sizi daha öncə bu kənddə görməmişdim. Deyəsən, siz də mənim kimi gəlməsiniz. Təsadüfən müəllim deyilsiniz? Deyin ki, müəlliməm. Mən hər zaman yeni dostluqların tərəfdarıyam. Məncə, yeni dostluqlar insanın dünyagörüşünə faydalıdır. Bura gələndən o qədər dostlarım artıb ki. Məsələn, elə biri Sənəm xala, sonra kəndin baməzəsi Səməndər. Elə maraqlı oğlandır ki. Söz verib təhsil alacaq. Çünki, biliklidir, təhsili yoxdur, amma məndən də çox mütaliə edir. Aman Allah, yenə bir nəfəsə nə qədər danışdım.
Bu məqamda günəşin otağa düşən əlvan şəfəqləri Aqşinin çöhrəsində bərq vurdu. Gülnar onun gülümsədiyini gördükdə daxilən rahatlıq tapdı. Və bu əsnada Aqşin dilləndi:
– Mənim də adım Aqşindir. Bəli, çox uzaqlardan olmasa da, ancaq buralara gəlməyəm. Dulusçuluqla məşğulam. İndiki zəmanədə bu peşəyə çox da maraq yoxdur. Sanki insanlar dünənə marağı itirib. Fəqət mən halımdan da, peşəmdən də məmnunam. Bəlkə də bu məmnuniyyətlik tarixi yaşatdığımdandır...
– Təbii ki, ən vacibi də budur, Aqşin bəy. İnsan gərək özünü xoşbəxt hiss etdiyi məkanda, peşədə olsun.
– Gülnar xanım, mən getməliyəm. İcazənizlə.
– Hə, əlbəttə. Görüşənədək. Amma demədiniz kitab nə haqdadır ( gülümsəyir)?
– Detektiv. Amma mən Şerlok Holms olmaq istəmirəm (gülür). Tələsirəm, üzrlü sayın.
Bunu deyib, qapıya tərəf irəliləyən Aqşinin ardınca da Gülnar çıxır. Aqşin sağa-sola boylanmağa başlayır.
– Əgər gedəcəyiniz yeri tanımırsınızsa, başa salım, – deyə Gülnar dilləndi.
– Əslində tanımıram. Dünən təsadüfən gördüm, uçurum var idi.
– Tələsdiyiniz yer uçurumdur?
Bu zaman Aqşinin ciddi baxışlarından təşvişə düşən Gülnar, sağ tərəfə əlini uzadaraq, küçənin sonundan sola dönüb, təxmini 500 metr getməli olacağsınız, dedi.
– Təşəkkür edirəm. Sağolun, Gülnaz xanım
– Gülnar, adım Gülnardır, – deyə o, təkrar etdi.
– Üzrlü sayın, insan adlarını yadımda saxlaya bilmirəm, o mənada yaddaşım zəifdir.
Aqşin bu sözləri deyib gözdən itdi. Gülnar isə, sakitcə eybi yox, – deyə, dodağının altında mızıldandı.
Beləcə, Gülnar demək olar hər gün Aqşini eyni saatlarda görürdü. Amma Aqşin elə cəld yeriyirdi ki, ona çatmaq mümkün olmurdu.
Bugün də o günlərdən biri idi. Amma bu dəfə Gülnar Aqşini uçurumun kənarında gözləmək qərarına gəlmişdi. Gülnar, otluqda oturub xeyli gözlədi. Artıq günəşin altında qaraldığını, daha doğrusu qızardığını hiss edirdi. Gəlməyəcək yəqin, deyib ayağa qalxdı. Sanki daxilində qəribə bir hiss vardı. Daxili səsi nələrinsə yolunda getmədiyindən xəbər verirdi. Dərin bir ah çəkərək yola düşdü. Kəndin mərkəzinə çatırdı ki, ətrafda bir çaxnaşma olduğunu gördü. Kənd camaatı elə-hey ora-bura qaçırdı.
Birdən Gülnarın gözü qonşunun kiçik nəvəsi, eyni zamanda şagirdi olan Cəfərə sataşdı.
– Cəfər bala, nə baş verib orda, bayramdır?
Şagird çöhrəsinə yansımış qəribə tutqunluq və səsində sezilən narahatalıqla cavab verdi:
– Gülnar müəllimə, nə bayram? deyirlər gəlmə kişi ölüb.
Gəlmə kişi ölüb. İlahi, bu cümlə Gülnarın qulaqlarında elə cingilti yaratdı ki. Gözləri qaraldı. Bədəni əsməyə başladı. Qızmar yay günündə bədəni üşüməyə başladı, sanki onu don vurdu. "O olmasın, bircə o olmasın" deyərək dualar edirdi.
Daxilindəki suallar Gülnara rahatlıq vermirdi: Allahım, bircə o olmasın. Axı bu kiçik kənddə neçə gəlmə var ki? Bu cümlələri təkrar edə-edə özünü emalatxananın qapısının ağzında tapdı. İçəri girə bilmədi. Ayaqları kilidlənmişdi. Yerində donub qalmışdı: bir yaz günündə qəfil gələn soyuqdan donan sərçə balası kimi.
İçəridən səslər gəlirdi.
Birdən Gülnar cəsarət tapıb otağa daxil oldu. Gözlərinə inanmadı. Gəlmə adam özünü tavana bərkidilmiş dəmir çıxıntısından qalın kəndirlə asmışdı.
Gülnar, son ümidini də itirmiş halda gözlərini tavana zillədi. Aqşinin canını alan tavan, Gülnarın da həyat eşqinə qənim kəsildi.
Aqşin demək olar heç kimlə ünsiyyətdə olmurdu, amma indi hamı onun ölümünə, sanki doğmasını itiribmiş kimi üzülürdü. Kimi başını bulayırdı, kimi əlləriylə ağzını tutmuşdu. Bəziləri təəccübdən divara söykənib, nə etməli olduğunu bilmirdi. Axı bu bir ilk idi kənd üçün. Hələ bu kənddə intihar hadisəsi baş verməmişdi. İnsanlar hadisəyə sanki kinoymuş kimi diqqətlə baxırdılar.
Birdən Gülnar üzünə dəyən damcılarla, həyəcanlı halda yuxudan oyandı. Qan-tər içərisində ətrafa göz gəzdirdi. Baş verənləri anlamağa çalışarkən, hər şeyin yuxu, daha doğrusu kabus olduğunu anladığı an sevincdən gözləri yaşardı. Amma ürək döyüntüsü və qorxu hissi ilə ayağa qalxıb cəld şəkildə Aqşini tapmağa getmək istəyərkən, uzaqdan görünən kişi selüiti onu dayandırdı. Gələn Aqşin idi. Gülnar keçirdiyi qorxunun təsiri altında, həm sevinclə Aqşinin qarşısına qaçaraq onu möhkəm qucaqladı.
Aqşin təəccüblü halda, nə baş verdiyini anlamadan ona qarşılıq verdi. Gülnar, sevincli halda: Aqşin bəy, elə qorxutdunuz ki məni. Bir də bu şəkildə yuxularımın qonağı olmayın, deyərək onun əllərini sıxdı.
Aynurə Nəzəri
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi