Təhsil aldığım Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi eyniadlı peşənin zəngin və tarixi ənənələrini hər zaman yaşadır. Bununla belə pəncərəmiz müasir dünyaya açılır, ancaq özünün milli dəyərlərinə sadiq qalaraq.
Jurnalistika ixtisasına sevərək qəbul olan hər bir tələbə üçün başlıca bir amil var. Bu amil müəllimlərə diqqətdə, onlara qarşı hörmətdə özünü göstərir.
Müəllimlərimizin yazılarına, çıxışlarına tez-tez qəzet səhifələrində, televiziya proqramlarında, radio dalğalarında rast gəlirik. Yəni, hələ bu ixtisasa qəbul olmamışdan öncə də gələcək ixtisas müəllimlərimizin tələbəsi sayılmış oluruq.
Əfsuslar olsun ki, 2022-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olan tələbələr(mən də daxil olmaqla) professor Nəsir Əhmədlidən dərs ala bilmədi. Çox təəssüf ki, gələcək kolleqalarımız müəllimimizi auditoriyada görə bilmədi.
Nəsir Əhmədli 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin(indiki BDU) Jurnalistika fakültəsini bitirib. 2004-cü ildə Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasında işləyib. Yüzə yaxın məqalənin, üç monoqrafiyanın, beş dərs vəsaitinin, on kitabın müəllifidir. İndi bu mənəvi irs Nəsir Əhmədlinin davamçıları tərəfindən oxunulur.
Nəsir Əhmədli Allahın rəhmətinə qovuşdu. Amma gələcək nəsil üçün silinməz izlər qoydu.
Samirə Kərimli
BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbəsi