Logo

Heydər Əliyev – Bir əsrə sığmayan ömür

08.06.2023 13:15 307 baxış
IMG

Ümummilli liderimiz Heydər Əliyev haqqında inşa yazmaq həm şərəf, həm məsuliyyətdir. Onu çox sevirəm. Ürəyimdə Heydər Əliyev haqqında deyiləsi sözüm çoxdur. Fikirlərimin hamısı bir inşa yazıya sığmaz. 100 il bundan öncə 1923-cü ilin may ayının 10-da Naxçıvan şəhərində fəhlə ailəsində alagözlü bir uşaq dünyaya gəldi. Onda heç kəs bilməzdi ki, bu uşaq Azərbaycanın şöhrətini ucaldacaq. Ona Heydər adını verdilər.

Belə bir rəvayət var. Allah Yer kürəsini bir gün millətlər arasında bölüşdürməyə başlayır. Bütün millətlər tələskənlik edib öz ərazisini alır. O vaxtlar da, indinin özündə də işini səbirlə, təmkinlə görən Azərbaycan xalqı gecdən-gec Ulu Tanrının hüzuruna gedir və özü üçün məskən istəyir. Millətin səbrini, dözümünü xoşlayan Tanrımız buyurur ki, mən özüm üçün bir cənnət guşə saxlamışdım. Siz milləti xoşladığım üçün öz məskənimi sizə halal edirəm, gedin yaşayın.

Allahın bizə verdiyi cənnət guşə Azərbaycandır. Azərbaycan babaların əmanətidir. Heydər Əliyev isə Azərbaycan adlı əmanətin etibarlı dayağıdır. Heydər Əliyev və Azərbaycan! Qürur və şərəflə səslənən ən müqəddəs iki ad. Azərbaycan Heydər Əliyevin bütün vücudu ilə bağlandığı, ömrünü , həyatını həsr etdiyi ülvi dünyası, ömrünün mənasıdır. Heydər Əliyev üç məşhur şəxsiyyətin simasını özündə birləşdirir: birinci Aəzrbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev; ikincisi SSRİ Nazirlər Soveti sədrinin Birinci müavini Heydər Əliyev; üçüncü Azərbaycan Prezidenti Heydər Əliyevi. O, 1969-cu ildən 1982-ci ilə qədər respublikamızın rəhbəri vəzifəsində çalışmışdır. 1982-1988-ci illərdə Moskvada çalışır. 1993-cü ildə isə Azərbaycanın Prezidenti seçildi. O, yenilməz sərkərdə kimi Vətəndaş müharibəsi təhlükəsini böyük cəsarətlə aradan qaldırdı, xalqını xilas etdi. 

Heydər Əliyev tarixçi, arxeoloq, iqtisadçı, siyasətçi idi. Xarakteri bütöv, yaddaşı işıqlı, fikirləri parlaq və aydın, həm də səbirli idi. Ümummilli liderimiz nöqsanlara qarşı barışmaz olmuş, həm özünə, həm də başqalarına yüksək tələbkarlıqla yanaşmışdır. Heydər Əliyev dünyamızın görən gözü, düşünən beyni idi. O, vaxtaşırı təziqlərə məruz qalsa da , geri çəkilmədi, tutduğu yoldan - haqq və həqiqət yolundan dönmədi, axı necə dönsün? Bu yol əzəldən bəri onun məqsədi olmuşdur. Heydər Əliyev xalqını, millətini, Azərbaycanı hədsiz məhəbbətlə sevirdi. Portuqaliyanın paytaxtı Lissabon Zirvə samitində Avropanın 54 ölkə başçısından 53-ü Heydər Əliyev siyasətini dəstəkləmiş, Azərbaycanın haqq səsinə tərəfdar çıxmışdır.

Lissabon samitində Ermənistan dövləti ilk dəfə olaraq təklənmiş, təcavüzkar dövlət kimi tanınmışdır. Bax Heydər Əliyev zəkasının, müdrik siyasətinin əsl uğuru budur. O, Azərbaycanın təcavüzə məruz qaldığını, sülh məramlı bir ölkə olduğunu bütün dünyaya bəyan etdi. Bu görüşdə Ümummilli liderimizin faktlara, həqiqətlərə, maraqlı dəlillərə əsaslanan natiqlik istedadının  gözəl bəhrəsi sayılan çıxışı bir çox diplomatları heyrətə saldı.O sübut etdi ki, Azərbaycan xalqı müstəqilliyini qorumağa, öz həqiqəti ilə yaşamağa qadirdir. Təbiətin doğma Vətənimizə səxavətlə verdiyi yeraltı sərvətlər hamımıza məlumdur.

Azərbaycan nefti əsrlər boyu talanıb 70 illik əsarət illərində lazımınca istehsal olunmayıb. Bakı neft sənayesi, neft istehsal olunan ərazilər yaşayış üçün yararsız hala salınmışdır. H. Əliyev Azərbaycan tarixinə böyük bir töhfə verdi. “Əsrin müqaviləsi” adlanan dünya neft şirkətilə saziş bağladı. Çünki Azərbaycanın “qara qızılı” onun ən böyük sərvətidir. 20 Yanvar 1990-cı ildə Sovet Ordusu əlisilahsız xalqımızı gülləbaran edəndə Moskvada-mərkəzdə olmasına baxmayaraq, etiraz səsini Heydər Əliyev ucaltdı. O, günahkarın Qorbaçov olduğunu bildirdi. Heydər Əliyev yazırdı: “Mən çox böyük sınaqlardan keçmiş bir adamam. Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”.

Bakı şəhərini Bakı eləyən də , Azərbaycan dilini bugünkü səviyyəyə qaldıran da, Bakıda hərbi məktəbi açdıran da, Azərbaycanı dünyada tanıtdıran da Ümummilli liderimiz Heydər Əliyev olub. H. Əliyevin Azərbaycan dilinin dövlət dili elan etməsini xalqımız yüksək qiymətləndirdi. H.Əliyev gəncləri sevirdi, onlara həmişə qayğı göstərirdi. Azərbaycan Respublikası Gənclərin I Forumunda Ümummilli liderimizin nitqində gənclərə verdiyi nəsihətlər: “Mənən zəngin olun, tarixinizi, ədəbiyyatınızı, dininizi, incəsənətinizi sevin, dərindən öyrənin və qoruyun”.- ifadələri biz gənclərin həyat örnəyimiz olub, zəkamızı işıqlandırır. Vətəni, torpağı, el-obanı, xalqı onun kimi sevməyə səsləyir. “Günəşə də uçaram, iradəm çox mətindir, Xalqın zəka zirvəsinə çatmaq isə çətindir”. Deyirlər ki, zəkalar tarixdə az-az yaranır. Heydər Əliyev qüdrətli zəkaya malik olan, siyasət aləminə öz dəst-xəttini həkk edən Azərbaycan oğludur. 

Məhz Heydər Əliyevin dühası, onun dünya şöhrətli siyasi xadim və dövlət başçısı, yüksək idarəetmə qabiliyyətli, təcrübəli və müdrik rəhbər, el ağsaqqalı olması sayəsində dövlətçilik bərqərar olmuş, müstəqil ölkənin ilk Konstitusiyası yaradılmış, elm, təhsil sürətlə inkişaf etmişdir. Peyğəmbərimizin kəlamlarında oxuyuruq: “Nə xoşbəxtdir özü-sözü doğru olanlar. Onlar həqiqətin yolunu işıqlandırır, bununla da bütün qaranlıq qalan fitnə-fəsad işlər aydınlaşır”. H.Əliyev Ulu Tanrının ən kamil insanlarından biridir. Onun üçün hər şeydən əziz və qiymətli xalqı və Vətəni Azərbaycandır. O deyirdi: “Mənim üçün xalqın mənə göstərdiyi etimad və etibardan yüksək mükafat yoxdur”. 

Bu əbədi dünyada əbədilik qazanmaq hər kəsə nəsib olmur. Ümummilli liderimiz H.Əliyev əbədilik qazanmış və qəlbimizdə həmişə yaşayan Azərbaycan oğludur.Heydər Əliyev oğlu - indiki prezidentimiz haqqında demişdir: “Mən ona özüm kimi inanıram”. Bu, doğurdan da, belədir. İlham Əliyev ata vəsiyyətini şərəflə yerinə yetirdi. Bu, özünü 44 günlük müharibədə - II Qarabağ müharibəsində göstərdi. Xalqımız Prezidentimizin ətrafında birləşərək həsrətində olduğumuz torpaqlarımızı - Qarabağı azad etdi. H. Əliyev deyirdi ki , ədalətsizliyə qarşı ədalətlə mübarizə aparmaq lazımdır. Azərbaycan xalqı ədalətlə mübarizə apardı, ona görə də ədalət bizimlə oldu. İstərdim ki, qələbə hər bir sahədə həmişə bizimlə olsun. 

Bu gün Ümummilli liderimiz Azərbaycanın hər yerindədir. O bizim qəlbimizdədir. Dünyanın hansı yerində Azərbaycanlı varsa, onda Vətən sevgisi varsa, orada Heydər Əliyev var. O, bizim dünənimiz, bu günümüz, gələcəyimizdir.

Rzazadə Sehri

Xəbər lenti