Logo

BDU rektoru Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri ilə görüşüb

08.06.2023 18:33 415 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Feyzi Yazıcı ilə görüşüb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, rektor Elçin Babayev qonağa BDU-nun əcnəbi tələbələrinin arasında Türkiyədən olan tələbələrin üstünlük təşkil etdiyini və onların daim qayğı ilə əhatə olunduğunu söyləyib. O qeyd edib ki, türkiyəli tələbələr daha çox sosiologiya, psixologiya və hüquq ixtisaslarını seçirlər. Rektor BDU-da təhsil alan türkiyəli tələbələrin sayının daha da artırılması üçün birlikdə çalışmağın zəruriliyini vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nurullah Feyzi Yazıcı isə qeyd edib ki, təhsil Türkiyə-Azərbaycan qardaşlığında önəmli nöqtədir. O, Azərbaycanın ali məktəblərində təhsil alan türkiyəli tələbələrlə vaxtaşırı görüşlər keçirildiyini, bu tələbələrə dair elektron portalın yaradılacağını bildirib.

Görüşdə BDU-nun türkiyəli tələbələrinin təhsilləri, maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Xəbər lenti