"Elm və Təhsil Nazirliyi qarşıya qoyulmuş hədəflər istiqamətində xərcləri düzgün planlaşdırmayıb".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, son 3 il ərzində 6 milyon manatdan çox vəsait qrant adı altında olan layihələrə xərclənib:
"Ancaq mənasız nələrəsə, məsələn, tez-tez saytlar, idarələr yaradırlar. Nazirliyin elmin inkişafına ayırdığı pul vəsaitinin məbləği ilə nazirlikdə özlərinə aldıqları yumşaq mebelin pulu ilə müqayisə etsək, görərik ki, daha çox yumşaq mebellərə vəsait xərclənib. Yaxud da hansısa dost-tanışlarına qrantlar verirlər. Heç bir hesabatlılıq yox, nəticəyönümlülük yox. Yəni ayrılan vəsaitin düzgün istifadəsi yoxdur. Son 3 il ərzində 6 milyon manatdan çox vəsait qrant adı altında olan layihələrə xərclənib, amma heç bir inkişaf yoxdur".
Ekspert bildirib ki, ali təhsil müəssisələrində dövlət sifarişli plan yerlərinin sayının artması üçün təhsilə ayrılan xərcləri artırmaq lazımdır:
"Bu gün ali təhsil müəssisələrində plan yerləri artıb, amma ciddi keyfiyyət dəyişikliyini görmürük. Birmənalı şəkildə vəsaitin azaldılması yaxşı hal deyil. Fikrimcə, vəsaitin plan üzrə xərclənməməsini yoxlamaq lazımdır. Pulun büdcəyə qayıtması yaxşı hal deyil. Bu zaman da büdcəni hazırlayan qurum görür ki, təhsil üçün nəzərdə tutulmuş vəsait xərclənmir. Deməli, hədəflərə çatmaq mümkün olmur deyə pul xərclənmir. Deməli, müvafiq qurum yalançı statistika ilə, məlumatlarla ictimaiyyəti aldadır”.
Kənan Nağıbəyli