Logo

Özünə də, özgəyə də doğma olmaq - MƏQALƏ

11.06.2023 19:29 467 baxış
IMG

Uşaq yaşlarımdan anlamışam ki, Yaradan insana sözü doğru danışmaq üçün, həqiqətə fikir və düşüncə ilə yaxın olmaqdan ötrü verib.

Söz ifadəsinin son iki hərfi "öz"dür. Öz həm də uyğur dilində "mən" deməkdir. Yəni, söz, bilavasitə mənliyimizdir. Ümumiyyətlə, bir iş təkcə sözdə deyil, həm də ürəkdə olmalıdır. Ürəyin odunda qızınmalıdır. Bu zaman söz və əməl birliyi yaranır. Ötən il Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı oldu. Həmin törəni televiziya vasitəsilə izlədim. Mərasimdə Prezident İlham Əliyev iki qardaş ölkənin qəlb bağlılığını, söz birliyini dərin və qısa ifadəylə bildirmiş oldu: "Qardaşlığımız sözdə deyil, əməldədir”.

Bakı Dövlət Universiteti, Jurnalistika ixtisası bilavasitə sözün keşiyində durur. Buna görə fakültəmiz hər zaman öz fərqliliyi ilə seçilib. Ötən il bu vaxtı xatırlayanda "Nə yaxşı ki, məqsədimdən dönməyib Jurnalistika yolunda irəliləmişəm" deyə düşünürəm. Bəzən belə bir bənzətmə ağlımdan keçir: Jurnalistika peşəsi mənim üçün ümmandır; mən də o dənizdə üzən gəmiyəm. 

Əziz oxucu, əslində, mən inanmıram ki, sözlər Jurnalistika fakültəsini təsvir etmək, orada olmağın xoşbəxtliyini izah etmək üçün kifayət etsin, yalnız bundan əminəm ki, hazırda bu yazını əksərən abituriyentlər oxuyur və Jurnalistika fakültəsi barədə təsəvvürlərinin formalaşmasını istəyirlər. 

Mövzuya bir az fərqli yöndən baxmaq istəyirəm. Belə bir deyim var: "Dostunu mənə göstər, deyim sən kimsən". İlk növbədə peşəni özünə dost bilməlisən. Bir az dərindən düşünsək, görərik ki, bu deyim ətrafımızın, yaşadığımız mühitin təsiri haqda bizə siqnal ötürmək istəyir. Bu fikirdən çıxış edərək demək istəyirəm ki, Jurnalistika fakültəsinin çevrəsi jurnalistikanı ürəkdən sevən hər kəs üçün çox möhtəşəmdir. Möhtəşəmlikdən danışarkən yalnız təhsili nəzərdə tutmuram. Bura, ən önəmlisi, səmimi bir ətraf daxildir. 

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu və Sosial məsələlər üzrə dekan müavini Samir Xalidoğlunun fakültədə olduğumuz ilk gün bizə dedikləri sözlər hələ də yaddaşımdadır, bəlkə də Çingiz Aytmatovun "Manqurt" əsərinin baş qəhrəmanı mən olsa idim, yenə də onların fakültəyə qarşı daha da maraq oyadan misralarını unutmaq imkanım olmazdı. Düşünürəm ki, Jurnalistika fakültəsinin əksər tələbələri bu barədə sözümə haqq verib səsimə səs verərlər.

Belə bir nüans var ki, özümüzdən yaşca böyük insanların olduğu cəmiyyətdə onlara hörmət etməliyik. Ancaq Jurnalistika fakültəsində qarşılıqlı hörmət təkcə kiçiyin böyüyə qarşı yox, həmçinin böyüyün kiçiyə qarşı hörmətindən başlayır, bu da arada mehriban münasibətin yaranmasına, biz – gələcək jurnalistlərin etik çərçivədə təhsil alıb uğura və uğurlara doğru addımlamamızda çox mühüm bir rol oynamaqdadır.

Jurnalistika fakültəsində kifayət qədər savadlı, həmçinin milli ruhlu kadrlar yetişir. Sanki bu ənənə il-müdam davam etdirilir və nəsildən-nəslə ötürülür. 

Biz fəxr edirik ki, fakültə öz ənənələrini yaşadır. Və sələflərinin yolunu uca tutur. Biz həm də ona görə qürurluyuq ki, fakültəmizin, ümumilikdə Azərbaycanın Şirməmməd Hüseynov kimi milli vicdan səsi, sözü olub. Rəhmətlik Bəxtiyar Vahabzadə Şirməmməd Hüseynov haqqında deyirdi: "Şirməmməd – əxlaqın, haqqın səsi idi". 

Əziz oxucu, nəhayət gəldik sona. Mikayıl Müşfiq sevgi hissinə necə dəyər veribsə, hələ də dilimizdə əzbər olan şeirləri vardır. Mən də Jurnalistika fakültəsinə sevgimi ifadə etmək üçün Müşfiq şeirinin bir sətrini əziz və dəyərli Jurnalistika fakültəsinə, onun müəllim heyətinə, ən əsası da istər keçmişdə, istərsə də hazırda fakültənin daha da irəli getməsi üçün əmək sərf edən hər kəsə həsr edirəm: "...Sevgi vardır oxudur qəlbidə bülbüllərini..." 

Məryəm Abdullazadə, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti