SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfranslarının bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov elmi konfranslar barədə məlumat verərək bildirib ki, artıq 12 ildir ulu öndərin adı ilə bağlı olan elmi konfransları təşkil etmək qürurvericidir: “12 il əvvəl BANM-də keçirilən ilk konfransda 17 tezis təqdim olunub. Çox sevindirici haldır ki, artıq bu tezislərin sayı 350-dən çoxdur. Həmin konfransda iştirak edən tələbələrin bəziləri artıq doktorant, müəllim, gənc alim və nüfuzlu şirkətlərdə çalışan mütəxəssislərdir. İnanırıq ki, budəfəki mükafatlandırılan gənclər arasından da alimlər, mütəxəssislər yetişəcək”.
Qeyd edək ki, bu il konfranslara ümumilikdə 365 tezis qəbul olunub. Onun 194-ü Bakı Ali Neft Məktəbinin tələbə və tədqiqatçıları tərəfindən təqdim edilib.
Konfransa Azərbaycan universitetləri ilə yanaşı, Almaniyanın Ştutqart Universiteti, Çin Xalq Respublikasının Şanxay Jiao Tong Universiteti, İspaniyanın Valyadolid Universiteti, Rusiyanın A.N. Frumkin adına Fiziki Kimya və Elektrokimya İnstitutu, ABŞ-nin Oklahoma Universitetindən də tezislər qəbul olunub.







