Logo

"Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib"

12.06.2023 17:04 277 baxış
IMG

İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.Xalqımız illərlə arzusunda olduğu və 1991-ci ildə bərpa etdiyi müstəqilliyini ötən əsrin 90-cı illərinin əvvəllərində itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Respublikanı hakimiyyət böhranı, xaos, özbaşınalıq, anarxiya bürümüşdü. Müqəddəs və əzəli torpaqlarımız bir-birinin ardınca işğal olunurdu. Daim xalqının ən ağır günündə onun imdadına yetişən əbədiyaşar lider, Türk dünyasının böyük oğlu Heydər Əliyev Bakıda 1990-cı ilin qanlı 20 Yanvar hadisələri baş verdiyi ilk dəfə olaraq bu zülmə qarşı etiraz səsini ucaltdı. Doğma Vətəninə qayıdan Ümummilli Lider həmin dövrdə ağır iqtisadi-sosial problemlərlə üzləşən muxtar respublikada qısa müddətdə iqtisadi sabitlik yarada bildi. Bütün Azərbaycan vətəndaşları əmin idi ki, xalqımızı düşdüyü mürəkkəb vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev çıxara bilər. Ümummilli Lider yaranmış çətin anda dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü.

1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və ölkəmizi ictimai-siyasi böhrandan və vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Həmin gün sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu və böyük qurtuluşa doğru mühüm addım atıldı. Bununla da Azərbaycanın müasir tarixində ən uğurlu mərhələ başladı. Azərbaycanın yeni tarixində dönüş başladı və bu tarix sözün həqiqi mənasında xalqımızın qurtuluşunun başlanğıcı oldu. Bu qayıdışla milli dövlətçiliyimiz məhv olmaqdan qurtuldu. Heydər Əliyev ilk öncə vətəndaş müharibəsinin qarşısını alaraq qısa müddət ərzində ölkəni yaranmış ictimai-siyasi böhrandan çıxardı, qanunların aliliyini təmin edən hüquqi dövlət quruculuğu prosesini sürətləndirdi və dövlətimizin beynəlxalq aləmdə imicinin yüksəlməsinə xidmət edən müstəsna addımlar atdı.

Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında dəfələrlə xarici və daxili düşmənlərimiz tərəfindən dövlət çevrilişlərinə cəhdlər olunsa da, Heydər Əliyev bu cəhdlərin qan tökülmədən, müdrik və uzaqgörən, real, təmkinli və inamlı siyasəti ilə qarşısını aldı, vəziyyəti xalqın xeyrinə dəyişdi. Ulu Öndərin siyasi və diplomatik ustalığı həqiqətən də dövlət quruculuğu tarixinin ən parlaq səhifələrindən oldu. Azərbaycanı inkişaf edən, tənəzzüldən tərəqqiyə, vətəndaş müharibəsi astanasında olan ölkədən güclü vətəndaş həmrəyliyinin formalaşdığı diyara çevirdi. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın xilaskarı kimi Azərbaycanın müstəqillik tarixini yazan ümummilli liderimiz qısa zamanda demokratik əsaslara malik dövlət qurmaqla, misilsiz xidmətləri ilə, köklü demokratik hüquqi dövlət quruculuğu ilə tariximizin parlaq səhifələrini yazdı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquqi islahatlar aparıldı.Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması, şəffaf məhkəmə-hüquq fəaliyyətinin formalaşması, neft strategiyasının yaradılması və həyata keçirilməsi yolunda atılan mühüm addımlar respublikamızda hərtərəfli inkişafın təməli oldu. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Bu gün ümummilli lider Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ona olan bütün ümidləri layiqincə doğruldur və Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Son 20 ildə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli ölkəyə çevrilib. Prezident İlham Əliyev ötənilki çıxışlarının birində fəxrlə bildirirdi ki, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. "2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum".

Son 20 ildə ölkəmizdə bütün sahələrlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət göstərilib. Azərbaycan Prezidenti İlham Əliyev ordu quruculuğunu həmişə ən prioritet məsələ hesab edərək, respublikanın müdafiə qüdrətinin artırılmasını və ən müasir silahlarla təchiz olunmasını ön planda saxlayırdı. Ölkə başçısı öz çıxışlarında dəfələrlə qeyd edirdi ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır.2020-ci il tarixə Zəfər ili kimi yazıldı. Bu gün hər birimiz qalib bir ölkənin vətəndaşı olaraq qürurluyuq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ermənistan silahlı birləşmələrinin işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə qalxan Azərbaycan Ordusu ötən il sentyabrın 27-də düşmənə qarşı əks-hücum əməliyyatına başladı. Fədakar, vətənpərvər əsgər və zabitlərimiz 30 ilə yaxın bir müddətdə erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizi cəmi 44 gündə azad etdi. Əldə etdiyimiz bu tarixi Zəfərə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasəti, yenilməz, rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətinin şücaəti, qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində nail olduq.

Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq və demək olar ki, XX əsrin yeni müharibə modelini dünyaya təqdim etdik. Azərbaycan xalqına bu qələbə sevincini bəxş edən Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə, bu tarixi qanı, canı ilə yazan şəhidlərimizə və qazilərimizə borcluyuq. Xalqla iqtidarın monolit birliyi Azərbaycana son yüzilliklər ərzində əldə etmədiyi qələbə sevincini yaşatdı və 30 ilə yaxın işğalda olan ərazilərimizi, torpaqlarımızı əsl sahibinə - xalqımıza qaytardı. Bununla da Ali Baş Komandan İlham Əliyev öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Xalqımızın 30 illik torpaq həsrətinə nəhayət, son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan haqq savaşımız Azərbaycanımızın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad olunması ilə nəticələndi.Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanında Qələbə müjdəsi ilə Azərbaycan xalqına müraciətində bildirirdi: "Əziz həmvətənlərimiz, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları təbrik edirəm.İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox... Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Biz bu qələbəni döyüş meydanında, şəhidlər verərək qazandıq. Və bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır".

Hər kəsin səbirsizliklə gözlədiyi o tarixi çıxışında - xalqa müraciətində Ali Baş Komandan böyük qürur və fəxarətlə hissiylə dedi: "Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad edirik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Dövlətçiliyimizin bərqərar edilməsində və nailiyyətlərimizdə müstəsna xidmətlərin ilkin səhifəsi olan 15 iyun - Milli Qurtuluş Günü də Azərbaycan tarixinə qızıl hərflərlə həkk edilib və şərəfli gün kimi xalqımız tərəfindən daim ən yüksək səviyyədə qeyd olunacaq.Bu gün əldə etdiyimiz bütün qələbələrin, uğurların təməlində Heydər Əliyevin möhkəm təməlini qoyduğu siyasi kurs, inkişaf strategiyası dayanır. Bu siyasi kurs Azərbaycanımızı daha böyük uğurlu gələcəyə aparır, onun işıqlı ideyaları daim yaşayacaqdır. Azərbaycan və Heydər Əliyev əsrlər boyu qoşa səslənəcəkdir. Onun nurlu xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır...

Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru, Yeni Azərbaycan Partiyasının üzvü

Xəbər lenti