Logo

"Ulu Öndərin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas etdi"

12.06.2023 17:33 379 baxış
IMG

Heydər Əliyev XX əsrdə bəşəriyyətə bəxş edilən müdrik, təcrübəli və qətiyyətli dövlət xadimlərindən biridir.

Azərbaycan xalqı xoşbəxt xalqlardan biridir ki, tarixdə onun Heydər Əliyev kimi müdrik rəhbəri var. O, bütün dünyada yaxşı tanınan və qəbul edilən bir fenomenal şəxsiyyətdir. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük uğurlar qazanaraq təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başlamışdır. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı da xalqımızı məhv olmaq təhlükəsindən xilas etməklə vətənimizə böyük uğurlar gətirmişdir.

Çox da uzaq olmayan 1988-1990-cı illər tariximiz çoxumuzun yadındadır.Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verdikdən sonra erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri də o zamandan başlamışdır.

Ermənilərin Dağlıq Qarabağı Azərbaycandan ayırmaq tələbləri, məlum Sumqayıt hadisələri, Bakıda törədilən Qanlı Yanvar faciəsi, eyni zamanda Azərbaycanın o zamankı səriştəsiz rəhbərlərinin yürütdüyü yarıtmaz siyasət ucbatından torpaqlarımızın bir qisminin işğal edilməsi, dövlət idarəçiliyi sisteminin olmaması, ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.

Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürülməklə Azərbaycan yaxın qonşu ölkələrlə düşmən edilmiş və ölkətəcrid olunmuş vəziyyətə salınmışdı.1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüş, ölkədə anarxiya və özbaşınalığın tüğyan etməsi nəticəsində iqtisadiyyat çökmüş, əhalinin sosial durumu son dərəcə ağırlaşmışdır.

Belə bir vəziyyətdə nəinki müstəqilliyimizin itirilməsi, hətta  Azərbaycanın dünya xəritəsindən silinmək təhlükəsi yaranmışdır. Bu zaman xalqımızın güclü bir liderə, ölkəni bu durumdan çıxara biləcək bir rəhbərə ehtiyacı yarandı. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi uzaqgörən, qətiyyətli  bir rəhbər çıxara bilər.

Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdışı tariximizin bərpa edilmiş yeni bir dövrünün başlanğıcını qoydu. Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas olundu. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollanmış və orada baş qaldırmış qiyamın qarşısı alınmışdır. Odur ki, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü yaddaşımızda əbədi olaraq qalmaqdadır. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olmuş, inkişafın sarsılmaz təməlləri qoyulmuşdur.

1993-cü il iyunun 15-də Heydər Əliyev  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmiş,  iyunun 24-də  isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin  iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan etmişdir.

1993-cü ilin 15 iyun tarixi, eyni zamanda Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Əgər bu qayıdış baş verməsə idi 1991-ci ildə yenidən bərpa edilmiş müstəqilliyimizin tarixi elə 1993-cü idə də başa çatmış olacaqdı. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb.

Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı. “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”-deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltmiş və buna nail olmuşdur.

Bəli, Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən xilas edən yeganə şəxsiyyət Heydər Əliyev olmuşdur. Azərbaycanın müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz H.Əliyev üzərinə götürmüş və onu uğurla yerinə yetirmişdir. Bununla da illərlə davam edən siyasi hakimiyyət böhranı aradan qaldırılmış, anarxiya və özbaşınalığa son qoyulmuş,tariximizin yeni mərhələsi- dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlamışdır.

Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.

Şikar Baxışov
Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbin müəllimi, Yeni Azərbaycan Partiyasının üzvü

Xəbər lenti