Cəmiyyətin reallıq və illüziya arasındakı dilemması: bir kitab, bir arzu, bir reallıq...
“Bu dünyada iki faciə var: ilki insanın istədiyini əldə etməməsi, digəri isə əldə etməsidir”. (Oskar Uayld)
Qapalı və ciddi fəaliyyət rejiminə baxmayaraq şəffaflığı və əlçatan fəaiyyəti ilə Azərbaycan cəmiyyətinə böyük töhfələr vermiş Dövlət İmtahan Mərkəzinin əhatə etdiyi imtahanların əhəmiyyəti baxımından daha çox diqqət cəlb etməsi heç də təəccüb doğurmamalıdır.
Uzun müddət yaşadığımız sovet dövrü müxtəlif qeyri-qanuni, qeyri-legitim, imtahangötürən şəxslərin subyektiv istəyindən asılılıq şəraitində ali məktəblərə qəbul üçün hökmran olan ehkamlarının cəmiyyətə həddən artıq təsiri ilə yadda qalmışdı ki, bu zamanlardan hələ uzun müddət şüurlardan silinməyəcək ali məktəblərə qəbulun əyri yollar olmadan mümkünsüzlüyü fikri həmin dövrün psixi zədələrindən idi.
Bu cür irrasional fikirlə cəmiyyətin qarşısına çıxarılmış DİM-in (O vaxtkı TQDK) qapılarını qanunsuzluqlara sərt şəkildə bağladığına görə tənqid atəşinə tutulması gözlənilən idi. Əlbəttə, cəmiyyət heç də birinci gündən imtahan sisteminin dürüstlüyünə inanmağa başlamayıb. Bu inam tədricən, illər keçdikdə insanlarda formalaşıb.
Mən Neftçala rayon Dördlər kəndində doğulmuşam. Atam Alim Əsədov uzun müddət Daxili İşlər Nazirliyinin polis əməkdaşı, anam Humay Əsədova kəndimizdə kitabxanaçı vəzifəsində çalışırdı. Böyük ailəmiz var idi: dörd qardaş, iki bacı.
Valideynlərimin bir arzusu var idi: bütün övladları ali təhsil alsın. Amma ərtaf cəmiyyət ailəmin maddi durumina görə bunun mümkün olmayacağını deyirdi. Onlar deyirdi ki, ali məktəbə qəbul olmaq üçün çox pul lazımdır. Lakin biz hər gün məktəbə gedir, valideynlərimizin dəstəyi ilə dərslərimizi yaxşı oxuyurduq.
Böyük qardaşım 1997-ci ildə imtahan versə də, ali məktəbə qəbul ola bilməmişdi. Cəmiyyət israrla dedi ki, bax, pulunuz olmadığı üçün sizi qəbul etmədilər. Amma kənddə digər birinin böyük məbləğdə pul qarşılığında ali məktəbə qəbul olduğunu deyirdilər.
Amma ruhdan düşmədik. Qardaşım bir il sonra ali məktəbə qəbul oldu, ardınca o biri qardaşım, sonra o biri, sonra mən, ardınca bacılarım. Hər birimiz biliyimiz və DİM-in formalaşdırdığı şəffaf, əlçatan qəbul sistemi nəticəsində. Ancaq sonra məlum oldu ki, o böyük məbləğli pulla ali məktəbə qəbul olduğunu dedikləri qonşumuzun aldığı diplom dövlət nümunəli deyilmiş, saxta imiş.
Bir çox insanları Martin Skorsezinin “Taksi sürücüsü” filmindəki son səhnəsindəki kimi görmək olar. Dorian reallığı çərçivəyə salaraq illüziyanı həyat qayəsinə çevirsə də, zövq və xoşbəxtlik arasındakı fərqi anlamır. Bizim insanların bir qismi də qəbul imtahanlarındakı real şəffaflığı özünün illüziyaları ilə qəbul etmək istəmir.
Reallıq, obyektiv və həqiqi olan dünyanın varlığını ifadə edir. Reallıq, müsbət faktlar, məlumatlar və sübutlarla dəstəklənən bir konseptdir. Bu, həqiqəti və mövcud olan şeylərin doğruluğunu əks etdirir. Reallıq obyektivdir və insanların təsəvvüründən asılı olmayan bir varlığı təmsil edir. Misal üçün, bir şəxs bir ağacın yanında durursa, bu ağacın həqiqi və mövcud olduğunu gözləyir. Reallıq tədqiqatlar, faktlar və testlər əsasında əks olunan bir mövcudluqdur, materiyadır. Səndə sual yaranmır: bu var, yoxsa yox?
Gəlin bizim test üsulu ilə qəbul reallıqlarımıza baxaq:
Qeyd edim ki, keyfiyyətli ali təhsilin ən mühüm meyarlarından biri də imtahan verənin bilik və bacarığının obyektiv və ədalətli qiymətləndirilməsindən, eləcə də subyektiv təsirlərin aradan qaldırılmasından ibarətdir. İndiyədək tətbiq edilən qiymətləndirilmə üsulları – sorğu şəklində aparılan və yazılı imtahanlar heç də bütün hallarda obyektiv qiymətləndirilməni təmin edə bilmir.
Qiymətləndirmənin həyata keçirilməsi üçün müasir tələblərə cavab verən ən yaxşı vasitə son illərdə dünyanın əksər ölkələrində daha geniş tətbiq edilən test üsulundan istifadə olunmasıdır. Belə ki, test qiymətləndirmənin daha ədalətli üsulu olub, qiymətləndirmə zamanı bütün biliyi ölçülənlər qarşısında bərabər şərt qoymaqla subyektivliyi praktik olaraq aradan qaldırır.
Test üsulu ilə imtahanı ləğv etmək, bu fikri səsləndirmək doğru məsələ deyil. Testin özəlliyi odur ki, kim nə bilirsə, onu aşkara çıxarır. Test insanın biliyinin qiymətini obyektiv müəyyən edir. Əlbəttə, qəbul liberallaşmalıdır. Liberallaşsa, ali məktəblər rahat, öz imkanlarına uyğun, istədikləri qədər tələbə götürə biləcəklər. Bununla ali məktəblərə qəbul olanların sayını artırmaq olar. Müəyyən əlavə mexanizmlər, dəstəkləyici platformalar tətbiq edilə bilər.
Testin heç bir günahı yoxdur. Günah prosesləri düzgün qura bilməyən məktəbdə, tədrisi müasir tələblərə uyğun qura bilməyən müəllimdə, müasir çağırışları qulaqardına vuran şagirddə və dəstəkləyici mühit yarada bilməyən valideyndədir.
Hər kəs etiraf edər ki, test üsulu Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında inqilabi dəyişiklik yaratdı.
Düşünmək lazımdır ki, test sisteminin bir çox üstünlüklərini əvəz edə bilməmək var: seçimdə demokratizm, obyektivlik, ən savadlı abituriyentin növbəti təhsildən kənarda qalmaması, proqram materialını tam əhatə edə bilmək, relevantlığın və analoji tapşırıqların təqdim edilməsi, vaxt itkisinin qarşısının alınması, vətəndaşın daha az əziyyət çəkməsi, nəticələrin sürətli təhlili, rəqəmsallaşa bilmək imkanları və sair.
Gördüyümüz kimi, test üsulunun nə qədər çatışmaz cəhətləri olsa da, sadalanan səbəblərə görə bu üsul əvəzedilməzdir.
Son olaraq, son 30 ildə 1 milyon insan heç bir qapıya getmədən, pul vermədən öz biliyini nümayiş etdirərək ali məktəblərin balakavr, magistratura pilləsinə, orta ixtisas təhsili müəssisələrinə qəbul ola bilib.
Kamran Əsədov
"Tehsil.biz" saytının baş redaktoru
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin “Bunker müəllimi: illüziya və reallıq” mövzusunda təşkil etdiyi müsabiqəyə təqdim olunur