"Hamımızın həyatında məktəb adlı mütləq bir yol var. İlləri bəlli olan bu yola uşaqkən qədəm qoyub yeniyetmə olaraq əlimizdə attestatla həyatın astanasından daxil oluruq".
Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında paytaxtın 82 nömrəli tam orta məktəbinin direktoru Leyla Fətiyeva bildirib.
Məktəb rəhbəri deyib ki, həyatın dolanbac yollar ilə nə qədər yüyürəcəyimizi bilmədən illəri adlaya-adlaya gedirik:
"İllər ötsə də, yaş üstünə yaş gəlsə də, kimliyimizdən asılı olmayaraq məktəb illərini nəinki unuda bilirik, hətta təkrar o illəri yaşamaq kimi bir xəyal olunması belə bizi tərk etmir. Bu gün çox əlamətdar gündür. Xüsusən 11-cilər və onların müəllimləri üçün çox həyacanlı anlardır. Bu il 82 nomrəli tam orta məktəbimizin 95 məzunu var. Onlarla fəxr etməyə dəyər. Respublikada və respublikadan kənar keçirilən olimpiadalarda, yarışlarda, musabiqələrdə iştirak ediblər və məktəbimizi layiqli təmsil ediblər. Biz inanırıq ki,onlar ölkəmizi də hər zaman layiqli təmsil edəcəklər. Respublikamızın bütün məzunlarını təbrik edirik.Həyat yolları açıq ,səmaları aydın olsun".
Mərcanə Əsədova