Artıq Misli premyer liqasında 2022/2023 mövsümü başa çatır.
Amma bu mövsümün digər mövsümlərdən daha fərqli və maraqlı olduğu fikrini bir çox azarkeşlər səsləndirirlər. Təbii ki, bu da səbəbsiz deyil. Əksər azarkeşlərin və futbol camiasının fikrincə, liqadakı əsas problem komandaların sayı ilə bağlı idi. Bununla yanaşı liqada son pilləni tutan klubun aşağı diviziona yuvarlanmaması amili də,intriqanı kəskin şəkildə öldürür. Təbii ki, çempionat başlayarkən hər bir ortabab klubun əsas məqsədi liqada yerini qorumaqdır. Amma belə bir təhlükə yoxdursa, niyə görə komandalar özlərinə artıq əziyyət verməlidirlər?
Bütün bu narazılıqlardan sonra nəhayət ki,klub sayında gözlənilən artım müşahidə olundu. Ələxsus azarkeşlərin rəğbətini qazanan Tovuz təmsilçisi Turanın da,əsas liqaya gəlməsi fərqli auranın yaranacağından xəbər verirdi. Digər klub isə Gəncənin qüruru Kəpəz oldu.Təbii ki,bundan əlavə autsayderin liqanı tərk edəcəyi haqqında qərar da,artıq orta klublar üçün həyəcan siqnalından xəbər verirdi. Gözlənildiyi kimi çempion yenə də,Ağdam təmsilçisi Qarabağ oldu.Amma bu elə də asan başa gəlmədi.
Saysız-hesabsız transferlərlə ölkəyə səs salan Sabah klubu liqada elə-belə mübarizə aparmadığını sübut etmək istəyirdi və layiqincə bacardı. Qarabağa başağrı olan Murad Musayevin yetirmələri bəzilərinin fikrində “Bu il çempion Sabahdır,ya da ola bilər” kimi fikirlərin yaranmasına səbəb oldular. Çempion olmasa da, liqanı 2-ci pillədə başa vurub Konfrans liqasına vəsiqə qazanmaqla bu klub Avropada da,uğur əldə edə biləcəyinə dair vədlər verir.
Flaqman isə Konfrans liqasına vəsiqə qazansa da,göstərdiyi performans ümid vəd etmir. Buna baxmayaraq həm Neftçinin, həm də,Qəbələnin ölkə kubokunu udmaq və mövsümü uğurlu bitirmək üçün şansı var. Nəzərə alsaq ki, Qəbələ artıq 4-cü pilləni tutaraq Konfransı rəsmləşdirib, belə olan halda finalın yalnız bir məsələni aydınlaşdıracağı dəqiqdir.
Xəlilov Üzeyir