Şagirdlərin insan olduğu sanki unudulub
"Ölkədə tətbiq edilən mövcud təhsil proqramında böyüməkdə olan nəslin hərtərəfli psixofizioloji inkişafı əsla nəzərə alınmayıb"
"Bu gün cəmiyyətdə hamının qınadığı, yuxarıdan aşağı baxdığı və hətta, "mübarizə apardığı" böyük bir zümrə var. Hansı ki, son illər sayları durmadan həndəsi silsilə ilə artır: narkomanlar, əyyaşlar, fahişələr, toksikomanlar, ehtiyacdan cinayət yoluna düşmüş digər insanlar... Təəssüf ki, onlarla heç bir təbliğat, nə cərimə, nə cəza kimi "mübarizə" üsulları heç vaxt gözlənilən nəticəni verməyib".
Bu sözləri "Şərq"ə açıqlamasında məktəb psixoloqu Famil Səfərov deyib. O hesab edir ki, belə hallarla mübarizənin yeganə və ən effektiv yolu - cəmiyyətin sağlamlaşdırılmasından keçir:
"Gəlin bir anlıq düşünək, heç onlarla danışıb, onların düşüncələrini almısınız? Yaxud digər zərərli vərdişlərə qurşananları heç dinləmisizmi? Təbii ki, hamı bir anlıq çaş-baş qalacaq. Əlbəttə, gəmisi batana, dəvəsi çökənə yol göstərməyə nə var ki?! Kimisə qınamağa, həmişə hamımız hazırıq. Ən asan iş məsləhət verməkdi.
Mən çox vaxt belə duruma düşmüş insanları dinlədikcə, bu gün bizim yaşamağa vadar edildiyimiz cəmiyyətin iç üzünün, eybəcərliklərinin inikasını sanki görürəm onlarda.
Bir anlıq insan olaraq, onların yerinə özümü təsəvvür edirəm, bir fərd kimi onların acı taleyini anlamağa çalışıram. Və düşünürəm ki, bu gün elə bizim hər birimiz potensial narkoman, əyyaş, ya cinayətkarıq, sanki, dalana qısnanılmış və intihar həddinə gətirilmiş insanıq. Sadəcə, onlarla fərqimiz, bizim bir az həyatda bəxtmizin gətirməyindədir".
F.Səfərov vurğulayıb ki, bu günləri çox təəssüf ki, məktəblilərin intiharına rast gəlirik. Təbii ki, bunlar sırasında məktəb proqramlarının ağırlığı ön sıradadır:
"Mən və mənim kimi onlarla təhsilin içində olan insanlar illərdir ki, Təhsil Nazirliyinə xitabən müxtəlif mövzulardakı yazılarımızda həyəcan təbili çalırdıq. Durmadan onları xəbərdar edirdik ki, cənablar, belə Təhsil Proqramı olmaz! Bir gün bunun dəhşətli acısını çəkəcəyik. Qurbanlar isə bizim günahsız balalarımız olacaq. Artıq illərdir ki, tədris proqramlarından şagirdlərin mənəvi dünyasını formalaşdıracaq, onların emosional aləmi üçün, etik-əxlaqi tərbiyəsi və sosial həyata hazırlanması üçün bütün fənləri bir-bir proqramdan çıxarıblar.
Məktəbli nə robot, nə maşın, nə kompüter, nə də ki mexanizm deyil! Bəli, sanki robot kimi bu bilikləri, gərəksiz informasiyaları deklorativ şəkildə durmadan 11 il uşaqların kövrək çiyinlərinə və məsud beyinlərinə yükləyirlər. Pandemiyanın insanların psixikasında törətdiyi destruktiv fəsadlar bir yandan, Vətən müharibəsinin posttravmatik stresi bir yandan, insanların ağır sosial-iqtisadi durumu və karantin şəraitindəki total işsizliyin gətiriyi kütləvi yoxsulluq ümumilikdə bu gün cəmiyyətdə baş verənlərin başlıca səbəbləridir.
Məntiqi nəticələr isə göz önündədir. Bəli, bütün belə fövqəladə hallarda "günah keçiləri" - məktəb psixoloqlarıdır. Məktəblərdə 300 manat kargüzar maaşına saxlanılan ali təhsilli mütəxəssislər. Bir zəhmət çəkib baxıb, görsünlər ki, son 3 ayda nazirlikdən RTŞ-lərinə məktəb psixoloqlarının işlərini yerinə yetirməsi üçün nə qədər əmr və göstərişlər, rəsmi məktublar ünvanlayıblar. Fevralın əvvəlində əyani təhsil bərpa olunanda məntiqlə məhz psixoloqlar ağır psixoloji sarsıntılardan sonra məktəbdə ən gərgin iş rejimində işləməli olan işçilər idilər. Ancaq bu göstərişlərdən sonra, psixoloqlar özlərinin illik və aylıq iş planlarını bir yana atıb, bu tədbirləri hazırlayıb keçirməyə məcbur ediliblər. Psixoloqlar isə yalnız bu tədbirlərdə iştirak edib öz müvafiq tövsiyələrini verə bilərlər. Ümumiyyətlə, əgər məsələyə elmi yanaşsaq, insanın psixo-fizioloji yaş dövrlərinin (ontogenezin) əsas kritik böhranlarının hamısı məktəb yaş dövrünə təfavüq edir. İndi mənə deyin, bizim təhsilimizin başbilənləri nə ağılla şagirdləri bu böhran yaş dövrlərində Allahın ümidinə, başlı-başına buraxdı?!".
F.Səfərov qeyd edib ki, bu kimi hadisələrin baş verməsinin əsas səbəblərindən biri də onun cəmiyyətdə təbliğat obyektinə çevrilməsidir:
"Biz hər hansı mövzunu gündəmə gətirib, onu müzakirə obyektinə çevirməklə, insanların altşüuruna (təhtəlşüura) bu haqda siqnallar ötürürük. Bu siqnallar da irsi meyilliliyi olanlarda, gərgin psixo-emosional vəziyyətdə və ağır maddi durumda olanlarda, habelə, pataloji psixi pozuntusu olan adamlarda intihar riskini kəskin artırır. Üstəlik, belə düşünülməmiş təbliğatla biz qaş düzəldən yerdə göz çıxarıb, psixologiyada keçən əsrin əvvəllərində Verter effekti (sindromu) adı ilə məhşur, Avropada kütləvi intiharlara səbəb olan əks təbliğat vəziyyəti yarada bilərik. Odur ki, gəlin baş verən hər hansı hadisədən sonra, "günah keçisi" axtarmaqdansa, cəmiyyətin rifah halının, düzgün qurulmuş təhsilinin qayğısına qalaq və ölkədə sağlam informasiya məkanının yaradılmasına nəzarət edək".
Psixoloq əlavə edib ki, hazırda ölkədə tətbiq edilən mövcud təhsil proqramında böyüməkdə olan nəslin hərtərəfli psixofizioloji inkişafı əsla nəzərə alınmayıb:
"Bu gün təhsilin və dərs yükünün inkişafı yaş mərhələlərinə uyğun qurulmayıb. Habelə, tədrisdə varislik və davamlılıq prinsipinin pozulması, ən əsası isə bütövlükdə orta məktəb proqramında şagird şəxsiyyətinin, mənəvi aləminin və emosional sferasının formalaşması üçün demək olar ki, heç nəyin olmaması bugünkü təhsilin əsas çatışmazlıqlarıdır. Sanki şagirdlərin insan olduğu unudulub. Biz birdəfəlik bilməliyik ki, məktəb yaşlı uşağın harmonik inkişafı üçün hər hansı elmi bilikdən öncə onun - mənəvi, cinsi, milli və dini tərbiyəsi vacibdir. Bizim təhsilimizi yönəldən adamlar əgər düşünürlərsə, bütün bu boşluqları məktəbdə yalnız psixoloqlar doldurmalıdır, bu, əlbəttə kökündən yanlış yanaşmadır. Çünki bu xidmətin bütün dünyada qəbul olunmuş fəaliyyət istiqamətləri yalnız ümumi maarifləndirici, profiliaktiki, diaqnostik, korreksiya və konsultasiyadır. Bu işləri də onlar illik planlarına əsasən bütün məktəb kollektivi üçün aparmalıdırlar. Aparılası fərdi işlər isə yalnız xüsusi hallar üçün nəzərdə tutulur. Əlbəttə, biz əgər yuxarıda sözügedən boşluğu doldurmaq istəyiriksə, mütləq məktəblərdə sadaladığımız məsələləri özündə ehtiva edən ayrıca təlim vəsaitləri hazırlanmalıdır. Bu heç olmasa şagirdlərin 3 yaş mərhələsi üçün ayrı-ayrı dərslik kimi mütləq tədris proqramlarına əlavə olunmalıdır. Cəmiyyətdə, eləcə də təhsildə son zamanlar baş verənlər, həmçinin məktəblərdə sosial-emosional mühitin də düzgün formalaşmasını aktuallaşdırıb. Odur ki, TN-in artıq 2 ildir həyata keçirdiyi “Antibullinq” proqramını da, eyni zamanda bunu dərsliklərdə ayrıca mövzular kimi nəzərdə tutmaq lazımdır. Onu da əlavə etmək yerinə düşərdi ki, hazırda ölkə məktəblərində fəaliyyət göstərən yüzdən çox TOT təlim keçmiş təhsil psixoloqu bu layihənin əsas təlimçiləridir. Elə son 2 ildə 100-lərlə məktəb rəhbərləri, müəllimlər və psixoloqlar “AntiBullinq” və “Uşaq psixologiyası” üzrə təlimlərdən keçib. Düzdür, opponentlər hazırda proqramda olan sıxlığı bəhanə edə bilərlər. Amma inanın, dediyim kimi, bu dərslər uşaqların indiki dövrdə problemsiz inkişafı üçün heç də aparıcı fənlərdən az əhəmiyyətli deyil".
F.Səfərov onu da əlavə edib ki, bu gün məktəbə gələn şagird 10 il əvvəlki şagird deyil:
"Cəmiyyətin, elm və texnologiyanın inkişafı hazırda yeni nəsil – rəqəmsal nəsil yetişdirib. Məktəbin isə başlıca problemi bu yeni nəslə necə təhsil vermək problemidir. Çünki nə pedaqoji heyət, nə təlim-tədris proqramları, nə də hazırkı idarəetmə sistemi buna tamamilə hazır deyil. Biz indi hər şeyi yenidən qurmağa hazır deyilik, amma dediyim kimi, çətin də görünsə, çıxış yolları var. Təki bu işə məsul şəxslər çeviklik və kreativlik göstərsinlər, ölkənin təcrübəli və bacarıqlı mütəxəssislərini bu işə cəlb edib, təhsili hazırkı bu çətin durumdan çıxarmaqda istəkli olsunlar".