Logo

"Yehovanın Şahidləri" Avropa Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib - FOTO

14.06.2023 17:43 308 baxış
IMG

İyunun 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov "Yehovanın Şahidləri" Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb.

Bu barədə "Tehsil.biz"ə komitədən bildirilib.

DQİDK sədrinin müavini Səyavuş Heydərov əvvəlcə qonaqları Azərbaycandakı nümunəvi dövlət-din münasibətləri, multikultural mühit, müxtəlif dini konfessiyalara məxsus icmalar arasında mövcud olan tolerant münasibətlər barədə məlumatlandırıb. Bildirib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə olunan qələbəmizdə ən böyük rolu xalqımızın hər bir üzvünün milli, dini kimliyindən asılı olmayaraq, müqəddəs amal ətrafında sıx birləşməsi oynayıb. 

Sədr müavini diqqətə çatdırıb ki, qloballaşma fonunda dünyada getdikcə gərginləşən bir çox problemlərlə yanaşı, mənəvi sahədə də böhranlar baş qaldırır ki, burada din faktorundan siyasi məqsədlər üçün istifadə  özünü qabarıq göstərir. Dinin siyasiləşərək çox zərərli silaha çevrilməsi tendensiyası həm İslam, həm də Xristianlıq üçün potensial təhlükə ifadə edir. Ermənistanın da, öz növbəsində dini siyasi alətə çevirmə cəhdlərinə diqqəti çəkən S.Heydərov qeyd edib ki, bu meyillər xristian təəssübkeşliyinə, nəticə etibarilə dünyada “xristianofobiya”ya səbəb ola bilər. O bildirib ki, ölkəmizdəki dini etiqad azadlığının qorunub-saxlanılması və dini təhlükəsizliyin yüksək səviyyədə təmini bizim bu istiqamətdəki siyasətimizin ən mühüm prioritetləridir.

Sədr müavini din ilə siyasətin qarışıraq sivilizasiyalararası toqquşmaya səbəb olmaması, mənəvi dəyər çərçivəsində qalaraq insanların ruhani tələbatlarını ödəməsi istiqamətində birgə səylərin aktuallığını da bir daha vurğulayıb.

“Yehovanın Şahidləri”nin Avropa Assosiasiyasının sədri Toni Breys Azərbaycan dövlətinin təmsil etdiyi qurum ilə daim dialoqa hazır olmasına, icma üzvlərinin burada bütün digər dinlərin nümayəndələri kimi bərabərhüquqlu fəaliyyət göstərmələri üçün şəraitin yaradılması, eyni zamanda dini icmaya göstərilən diqqət və qayğıya görə məmnunluğunu ifadə edib.

İcmanın fəaliyyət istiqamətləri ilə əlaqədar bir sıra nüansların müzakirə edildiyi görüşün sonunda Toni Breys qaldırılan məsələlərin həlli istiqamətində müvafiq köməkliyin göstərilməsi ilə bağlı qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə verilən dəstəyə görə minnətdarlığını bildirib.

Xəbər lenti