"Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı” və “Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları” təsdiq edilib.
Tehsil.biz xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
“Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları” “Peşə təhsili müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 mart tarixli Fərmanının 4.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb və yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi məsələlərini tənzimləyir.
Azərbaycan ərazisində fəaliyyət göstərən peşə təhsili müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi dövlət sifarişi əsasında həyata keçirilir. Peşə təhsili müəssisələrinin maliyyələşdirilməsinin dövlət sifarişi əsasında həyata keçirilməsi ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili səviyyələrini əhatə edir.
Tabeliyindən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün peşə təhsili müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilərlər.
Dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir.
Fərmana əsasən peşə təhsili müəssisələrində 2023-2026-cı illərdə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına bu Qaydalara uyğun olaraq artım əmsalı tətbiq edilir. Müasir infrastruktur, maddi-texniki və tədris bazasına malik olan peşə təhsili müəssisələrində dövlət sifarişi əsasında hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına 1,75 artım əmsalı tətbiq edilir.
Dövlət sifarişində iştirak edən peşə təhsili müəssisələrində maliyyələşmənin səmərəliliyinə nəzarəti Elm və Təhsil Nazirliyi və aidiyyəti dövlət orqanları həyata keçirirlər.