SOCAR-ın Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasının V kurs tələbəsi Ayşən Zülfiyeva Almaniya, Böyük Britaniya və İtaliyanın ümumilikdə 8 universitetinə qəbul olub, həmçinin DAAD və Erasmus Mundus təqaüdlərini qazanıb.
Tehsil.biz xəbər verir ki, Ayşənin qəbul olduğu universitetlər Almaniyanın Fridrix Aleksandr Universiteti (FAU), Hamburq Universiteti, Ulm Universiteti, Böyük Britaniyanın Edinburq Universiteti, Mançester Universiteti, Nyukasl Universiteti, Kardif Universiteti və İtaliyanın Sapienza Universitetidir.
BANM tələbəsi Erasmus Mundus SINReM (Dayanıqlı İnnovativ Təbii Ehtiyatların İdarəedilməsi - 47 min avro), Erasmus Mundus SBBE (Dayanıqlı Biokütlə və Bioməhsullar mühəndisliyi üzrə) və DAAD təqaüdlərini qazanıb.
Onun seçimi Almaniyanın Ernlangen şəhərində yerləşən Fridrix Aleksandr Universitetinin Təmiz enerji prosesləri ixtisasıdır. O, bu universitetdə DAAD təqaüdü ilə təhsil alacaq.
Ayşən BANM-in ən fəal tələbələrindən biridir. O, Enactus Milli yarışında I yeri qazanan komandanın üzvü olub, Tələbə və Gənc Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında II və III yerləri qazanıb, Polşada keçirilən beynəlxalq sammitdə iştirak etmək hüququ qazanan 30 azərbaycanlı qadından biri olub, bir neçə transmilli şirkətin proqramlarında iştirak edib.