Dövlət orqanlarında inzibati vəzifələrin 4-5-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə fevralın 1-dən başlanan ümumi müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Energetika Nazirliyində şöbə müdiri vəzifəsidir. Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 14, Hesablama Palatasında 3, Dövlət Statistika Komitəsində 3, Dövlət Turizm Agentliyində 3, Energetika Nazirliyində 2, Təhsil Nazirliyində 1, Şəki Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 27 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb. Müsahibədə iştirak üçün ümumilikdə 229 nəfər müraciət edib. Bu günə olan məlumata görə 20 nəfər - 6 nəfər Dövlət Statistika Komitəsində, 3 nəfər Hesablama Palatasında, 2 nəfər Təhsil Nazirliyində, 2 nəfər Dövlət Turizm Agentliyində, 6 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 1 nəfər isə Energetika Nazirliyində müxtəlif vəzifələrə uyğun bilinib.
Müsahibələr martın 15-də yekunlaşacaq.
Qeyd edək ki, ötən il dekabrın 10-da 7 dövlət orqanında inzibati vəzifələrin 4-5-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elan olunub. Sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmini, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilib.