Logo

Heydər Əliyev - Bir əsrə sığmayan ömür

16.06.2023 12:13 446 baxış
IMG

Azərbaycanın müasir tarixinin bütöv bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın xilaskarı olan Heydər Əliyev çox zəngin və mənalı, hər ayı, hər günü bir dastan olan  böyük ömür yaşayıb. 

Tanrının xalqımıza verdiyi bu nadir şəxsiyyətlə öyünməyə, qürurlanmağa, fəxr etməyə bütün dünyanın və ən başlıcası biz azərbaycanlıların haqqı vardır. Çünki Heydər Əliyev, hər şeydən öncə, bizimdir, öz əlləri ilə qurub-yaratdığı doğma Azərbaycanımızındır.

“Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm 

Heydər Əliyev - Azərbaycan Xalqının Ümummilli Lideri

Heydər Əliyevin daxili dünyası

Hər bir insanın, səxsiyyətin böyüklüyünü, zəngin daxili aləmini, düşüncələrini, duyğularını anlamaq üçün onun həyat və peşə fəaliyyətinə bələd olmaq lazımdır. Heydər Əliyev ilk növbədə müdrik siyasətçi olmasına baxmayaraq, milli-mənəvi dəyərlərin qorunmasına, elm, mədəniyyət, incəsənət, poeziya, drammaturqiya və s. sahələrinə də həssaslıqla, diqqətlə yanaşırdı. Bu da onun çox böyük insani keyfiyyətlərinə, romantik təbiətə, həssas xarakterə malik olmasından irəli gəlir.

Heydər Əliyev şəxsiyyətinə həsr olunmuş, müxtəlif janr və sənət növlərində yaradılmış çoxlu sayda gözəl əsərlərə rast gəlmək olar. Yazarların Heydər Əliyev haqqında istifadə etdiyi epitetlər: “uzaqgörən, tələbkar, yeri gələndə çox sərt, eyni zamanda mehriban, sadə, səmimi, zarafatçıl”. O, həqiqətən həddindən artıq sərt adam idi, bunu, hamı bilirdi, ancaq bu sərtliyin arxasında o qədər böyük bir ürək vardı, o gədər böyük səmimiyyət vardı ki, onunla ünsiyyətdə olan o sərtliyi artıq hiss etmirdi. Buna misal olaraq H.Əliyevin Sara Qədimova, Habil Əliyev, Məmməd Araz ilə görüşləri zamanı onları maraqla dinləməsini, yaradıcılıqlarına yüksək qiymət verməsini, onlarla səmimi söhbətlərini göstərmək olar. Habil Əliyevin kamança sənətinə gəlməsindən utanc hissini keçirtməsini deyərkən, dahi Heydər Əliyev ona kamança sənətinin xalqa məxsus olduğunu və bu alətin bütün dünyada şöhrət qazanmağının böyük bir uğur olduğunu demişdir. “Bu adam təəcüblü şəkildə müxtəlif istedadları birləşdirdi. Əminliklə deyə bilərəm ki, hansı peşəni seçsəydi, bu sahədə çox uğur qazanardı. Əgər o, məsələn, memar və ya musiqiçi olmaq qərarına gəlsəydi, mütləq şöhrət qazanardı. Heydər Əliyevin mahnı oxuduğu sənədli kadrlara baxanda bu adamın musiqini necə incə hiss etdiyini başa düşmək olar”,-deyə F.Əlizadə vurğulayıb. 

Heydər Əliyevin portret cizgiləri arasında onun ailəsinə münasibəti də aydın ştrixləri ilə seçilir. O, gənc yaşlarından yüksək vəzifələrdə çalışıb, böyük bir ölkənin yükünü çiynində daşıyıb. Eyni zamanda, ailəsi ilə gözəl vaxt keçirmək fürsəti də tapıb.

Təhlükəsizlik orqanlarında işlədiyi müddətdə tale onu bir neçə sınağa, o cümlədən şəxsi həyatı ilə bağlı çətin sınağa çəkmişdir, dilemma qarşısında qoymuşdur. Məhəbbəti uğrunda əzmlə mübarizə aparmaqla sevgisinə qovuşmaq, qəlbinə yaxın bir insanla ailə həyatı qurmaq, ən əsası əhdinə sadiq olmaq üçün çalışdığı Dövlət Təhlükəsizlik Orqanlarının rəhbərliyinin mövqeyinə qarşı çıxmaqdan, buna görə hətta tutduğu vəzifəni itirməklə gələcək karyerasını təhlükəyə atmaqdan belə çəkinməyərək bu cəsarətli insan öz haqlı inadından dönmədi və onun Zərifə xanım ilə müqəddəs ittifaqa – nikaha girməsinə heç kim və heç nə mane ola bilmədi. Bununla da o, mənəviyyat tariximizdə gələcək nəsillərə örnək ola biləcək məhəbbət dastanı yarada bildi. 

"Heydər Əliyeviçlə ilk görüşüm 1969-cu ildə oldu. Sonra mən, 21 yaşlı gənc Heydər Əliyevin musiqini nə qədər çox sevdiyinə, onu yaxşı başa düşməsinə, musiqi tədbirləri ilə maraqlanmasına sevindim. Onunla görüşmək mənə qismət oldu. Yüksək intellektin, insanpərvərliyin, dahiliyin və müxtəlif peşə sahiblərinə heyrətamiz diqqət nümunəsi olan görkəmli şəxsiyyətlə - Heydər Əliyevlə dəfələrlə görüşmüşəm”, - deyə F.Bədəlbəyli vurğulayıb.

Ulu öndər ədəbiyyata və incəsənətə daim dəyər verib, qoruyub inkişaf etdirib. Məhz onun iştirakı və dəstəyi sayəsində Azərbaycanda bir çox muzeylər, o cümlədən Səməd Vurğunun, Üzeyir Hacıbəylinin, Cəfər Cabbarlının, Bülbülün və bir çox başqa dəyərli şəxsiyyətlərin muzeyləri yaradılıb. Ziyalıların himayədarı olan Heydər Əliyev yazıçı və ədəbiyyatşünasları da həmişə diqqətdə saxlayırdı. Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən ümummilli lider bu işdə həm ziyalıları müdafiə edir, həm də onların dəstəyinə arxalanırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 1993-cü il sentyabrın 21-də AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir. Bütün hakimiyyəti boyu ziyalıların himayədarı olan dahi rəhbər Heydər Əliyev ədəbiyyat insanlarını da həmişə diqqətində saxlayırdı. İstər yazarların, istərsə də ədəbiyyatşünasların əsas dayağı olan Ulu öndər həm ədəbiyyata bələd olub, həm də ona bu bələdçilikdən irəli gələn sevgi ilə yanaşıb. 

Bu, həm müasir inkişafa, həm də tarixin qorunaraq gələcəyə ötürülməsinə zəmin yaradırdı. Bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi Gülnar Səmanın “Ziyalıların himayədarı olan ulu öndər Heydər Əliyev yazıçı və ədəbiyyatşünasları da həmişə diqqətdə saxlayırdı” sərlövhəli məqaləsində yer alıb. Onlarca sənətkara fəxri ad, Prezident təqaüdü, müxtəlif mükafatlar verildi. Neçə-neçə unudulmuş mədəniyyət xadiminin yubileyləri keçirildi. 

Heydər Əliyev hakimiyyətinin birinci dövründə Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Süleyman Rəhimov, Rəsul Rza və digərləri Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Hakimiyyətə gəldiyi ilk illərdə Ulu Öndərin Qazaxda Molla Pənah Vaqifin ev-muzeyinin yaradılması qərarını verməsi öz dövrü üçün böyük ədəbi hadisə olmaqla yanaşı, milli hadisə idi. 1980-ci il dekabrın 11-də Naxçıvan şəhərində Hüseyn Cavid kimi bir şəxsiyyətin ev-muzeyinin yaradılması qərarına imza atmaq həmin zaman kəsiyi üçün əvəzolunmaz böyüklük idi. Bunu Hüseyn Cavidin faciəvi həyat tarixçəsinə əsaslanaraq söyləmək daha inandırıcı olar. “Hüseyn Cavid bizim üçün, doğurdan da, əzizdir. O tariximizdə böyük bir şəxsiyyətdir və böyük bir irs qoyub. Xalqımız, tariximiz nə qədər yaşayacaqsa Hüseyn Cavidin irsi də o qədər yaşayacaq və xalqımız ondan istifadə edəcək. Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli sərvətidir” - Heydər Əliyevin Hüseyn Cavid haqqında deyilən sözləri idi, və öz sözünə sadiq qalan Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə 100 illik yubileyi ərəfəsində ədibin nəşi Sibirdən Bakıya gətirilmiş və Naxçıvanda, ata yurdunda dəfn olunmuşdur. 1996-cı ildə Hüseyn Cavidin qəbri üzərində məqbərə ucaldılmışdır... 

Ümumiyyətlə, Azərbaycanda həyatın elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev əməyinin, Heydər Əliyev zəkasının izi olmasın. Bu əməyin, bu irsin qədrini bilməli, onu göz bəbəyi kimi qorumalı və gələcək nəsillərə ötürməliyik.

Heydər Əliyev və siyasət

Azərbaycan tarix boyu bəşəriyyətə böyük dahilər bəxş edib. Bu şəxsiyyətlər sırasında ən yüksək zirvələrdən birini xalqımızın ulu öndəri Heydər Əliyev tutur. Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü zaman keçdikcə dərk olunur. Bununla mütənasib olaraq xalqın dahi oğluna məhəbbəti, hörməti artır. Ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətlə üzləşmiş xalq keçmişi unutmamış və öz xilasını Heydər Əliyevdə görmüşdür. 

“Heydər Əliyev qeyri-adi insandır, onun kimi insanlar bu dünyaya çox nadir hallarda gəlir. Onun bütün həyatı bütünlüklə Vətənə, Azərbaycan xalqına həsr olunub. Fəxrlə deyə bilərik ki, müasir şəraitdə dövlət müstəqilliyimiz üçün vacib olan iqtisadi potensialımızın əsası Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində qoyulmuşdur. İslahatların yüksək peşəkarlıqla aparılması sözsüz ki, Heydər Əliyev dühasının bəhrəsi idi. Heydər Əliyev deyirdi: "Müstəqillik ona görədir ki, biz öz taleyimizin sahibi olaq, öz sərvətlərimizə yiyələnək və bu sərvətlərdən istifadə edərək xalqımızın daha yaxşı yaşamasına nail olaq". Bununla belə, peşəkar siyasətçi 1994-cü ilin sentyabr ayında ölkəmizin qüdrətlənməsində mühüm əhəmiyyəti olan,  Azərbaycanın Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının istifadə edilməsi barədə “Əsrin müqaviləsi” kimi möhtəşəm bir müqavilənin bağlanılmasına nail oldu. Sözsüz ki, Azərbaycan neftinin dünya bazarlarına çıxmasında müstəsna rolu olan Bakı-Tibilisi-Ceyhan neft kəmərinin təməlinin qoyulması, Azərbaycanı dünyada böyük qaz potensialına malik olan bir dövlət kimi tanıdan “Şahdəniz” layihəsinin reallaşması da bu böyük şəxsiyyətin misilsiz xidmətlərinin nəticəsi idi. Xüsusi vurğulamaq lazımdır ki, türk dünyasının bir biri ilə, o cümlədən bütün dünya ilə birləşdirilməsinə xidmət edən tarixi “İpək Yolu” layihəsinin də ərsəyə gəlməsində Heydər Əliyevin təşəbbüsü ilə görülən işlər müstəsna əhəmiyyət kəsb etmişdir. Əsas məqsədi Orta Asiya və Qafqaz ölkələrinin dünya iqtisadiyyatına fəal qoşulmasını təmin etməkdən ibarət olan bu böyük layihənin reallaşdırılmasında Bakı-Tbilisi-Ceyhan boru xəttinin müstəsna əhəmiyyətini dərk edən Heydər Əliyev, bütün qüvvəsini əvvəlcə həmin xətt layihəsinin, sonra isə digər mühüm layihələrin reallaşdırılmasına yönəltmişdir. Tarix onun növbəti uzaqgörənliyini təsdiq etdi və göstərdi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru xəttinin, Şərq-Qərb nəqliyyat dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası və qədim “İpək Yolu”nun bərpası Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının qüdrətlənməsinə yönələn müdrik siyasəti olmaqla bərabər, həm də türk dünyasının birləşdirilməsinə xidmət edirdi.

Milli-mənəvi və bəşəri dəyərlərin ən ali prinsiplərini ardıcıllıqla zənginləşdirən ümummilli liderimizin Azərbaycan xalqı qarşısında xidmətləri ölçüyəgəlməzdir. Onun iradəsi, qətiyyəti, zəngin idarəçilik təcrübəsi, Vətənin azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin mübarizə nəticəsində ölkədə ictimai-siyasi sabitlik, əmin-amanlıq bərqərar oldu, demokratik-hüquqi dövlət quruculuğunda sanballı nailiyyətlər qazanıldı. Vətən və xalq qarşısında misilsiz xidmətlər göstərmiş Heydər Əliyevin ideyaları yaşayır və yollarımızı daim işıqlandırır. Dünyaya səs salan möhtəşəm uğurların əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.

Ulu öndərin ən böyük arzusu Qarabağın düşməndən azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Uzun illər əvvəl ümummilli lider böyük uzaqgörənliklə deyirdi: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Azərbaycanın torpaqlarını heç kim əlindən ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaq. Nəyin bahasına olursa olsun”. Bu an 17 ildən sonra gəldi. Dahi şəxsiyyətin arzusu, vəsiyyəti onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən həyata keçirildi, ölkəmizin ərazi bütövlüyü ordumuz tərəfindən bərpa edildi. Üçrəngli Azərbaycan bayrağı yenidən doğma torpaqlarında, Qarabağın qoynunda - Şuşada qürurla dalğalandı.

Xülasə

Heydər Əliyev şəxsiyyətini, Heydər Əliyev fenomenini öz dəyərincə, bütün incəliklərinə qədər qiymətləndirmək mümkün deyil. Çünki ulu öndərimiz kimi dahilər min ildə bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, məmləkətin, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır...

Bu gün iftixar hissi ilə qeyd edə bilərik ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin bundan sonra illər və on illər uzunu davam etməsi Azərbaycan dövlətinin tərəqqisi üçün ən böyük təminatdır.

Ümummilli lider Heydər Əliyevin vəfatından keçən 20 il ərzində Azərbaycan tanınmaz dərəcədə dəyişib. Ölkəmizin dinamik inkişafı gündən-günə gözəlləşən Bakının və bölgələrimizin görünüşündə özünü aydın şəkildə göstərir... Zamansız olan yeganə reallıq - xalqın böyük oğluna olan tükənməz sevgisidir.

Əskərova Aysel

Xəbər lenti