Azərbaycan öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınmışdır.
Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.
Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.
Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Dahi şəxsiyyətin çıxışları zamanı söylədiyi bəzi sitatlar:
Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır.
Səttar Bəhlulzadənin yaradıcılığı bizim üçün mənəviyyat mənbəyidir. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir. Bu bizim fəxrimizdir. Bu, xalqımızın gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün böyük bir əsasdır.
Azərbaycan xalqının mədəniyyəti böyük tarixə malikdir. Qədim əsrlərdə xalqımızın yaratdığı rəssamlıq sənəti, miniatür sənəti, Sultan Məhəmmədin miniatür məktəbi, ondan sonrakı dövrlərdə Azərbaycan rəssamlarının, Azərbaycan memarlarının yaratdıqları əsərlər xalqımızın mədəni-mənəvi irsidir.
Üzeyir Hacıbəyov fövqəladə fitri istedadı, böyük fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük şəxsiyyətlərindən biri olmuş, dünya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur.
Müslüm Maqomayev nadir və bənzərsiz müğənnidir, Allah vergisidir, ancaq eyni zamanda özünün gərgin, yorulmaq bilməyən zəhməti ilə cilalanmış istedaddır. Onu fərqləndirən bir cəhət də istedadının çoxşaxəli olmasıdır. Onun gözəl səsi, əla ifa texnikası var. O, gözəl oxuyur, musiqi alətlərində gözəl çalır, çoxlu gözəl mahnılar bəstələyib. Gözəl şəkil çəkməsinə, heykəltəraşlıq istedadına gəldikdə, bu da məlumdur. Görün, bir insanda nə qədər çoxşaxəli, böyük istedad cəmləşibdir. Sevinirik ki, bizim Azərbaycanın belə övladı, Azərbaycan musiqisinin, Azərbaycan incəsənətinin belə layiqli nümayəndəsi var və indiyədək olduğu və getdiyi bütün dünya ölkələrində özünü və bizim mədəniyyətimizi, musiqimizi və xalqımızı şöhrətləndirir.
Bülbül sənəti Azərbaycanın musiqi mədəniyyətinin inkişafında mühüm rol oynamışdır. O, Azərbaycanın professional vokal sənətinin banisidir. Onun çoxşaxəli zəngin yaradıcılığı milli muğam ifaçılığının ən yaxşı ənənələrini və dünya vokal məktəbinin nailiyyətlərini ahəngdar şəkildə özündə birləşdirir.
Üzeyir Hacıbəyov çox gözəl, əzəmətli Dövlət Himni yaratmışdır. Mən hər dəfə ayrı-ayrı ölkələrdə Üzeyir Hacıbəyovun musiqisi ilə yaradılmış himnin səsləndiyini duyarkən qürur hissi keçirirəm. Təkcə ona görə yox ki, müstəqil Azərbaycanın Dövlət Himni dünyanın bir çox ölkələrində səslənir və Azərbaycanın Dövlət Bayrağı qalxır. Bir də ona görə ki, həqiqətən Himnin musiqisi çox cazibədardır, gözəldir.
Dahi bəstəkarımız Üzeyir Hacıbəyov nə qədər milli olubsa, o qədər də ümumbəşəri olubdur.
Dahi bəstəkar Üzeyir Hacıbəyov 23 yaşında yaratdığı “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur.
Cəmi 23 il ömür sürmüş Asəf Zeynallı Azərbaycan musiqi mədəniyyəti tarixinə romans, simfonik musiqi və şair kimi bir sıra yeni janrların ilk nümunələrini yaratmış böyük bəstəkar kimi daxil olmuşdur.
Rəşid Behbudov dünyanı dolaşmış ilk Azərbaycan müğənnisidir, musiqiçisidir.
Müslüm çox mahnılar yaratmışdır, yəni o, özünü bəstəkar kimi də gözəl tanıtmışdır. Ancaq onun ən görkəmli mahnısı Azərbaycana həsr etdiyi mahnıdır. Bu mahnı Azərbaycanın himni kimi səslənir.
Çoxlu ifaçılar olmuşdur. Əlbəttə, onların arasında, müğənnilərimiz arasında birinci yerdə unudulmaz Bülbül durur. Azərbaycan tarixinin bütöv bir mərhələsi onun adı ilə bağlıdır.
Müslüm Maqomayev özünün gözəl mahnıları və incəsənət, mədəniyyət sahəsində görkəmli fəaliyyəti ilə Azərbaycanın tarixinə daxil olmuşdur. O, bizim mədəniyyətimizi, mahnı sənətimizi zənginləşdirmişdir, böyük məhəbbət, çox yüksək nüfuz qazanmışdır. O, Azərbaycan xalqının oğlu olaraq burada dünyaya gəlmiş və ilk addımlarını Azərbaycanda atmışdır, amma sonra, sadəcə, Azərbaycanın çərçivəsinə sığmamışdır. Bu da təbiidir. Çünki onun yaradıcılığı, onun sənəti, onun mahnıları daha geniş auditoriya, xalqla daha geniş ünsiyyət tələb edirdi.
Azərbaycanda rəngkarlıq, rəsm sənəti böyük inkişaf yolu keçibdir. Bəhruz Kəngərlidən, Əzim Əzimzadədən başlayaraq, Azərbaycanda davamlı olaraq böyük rəssamlar dünyaya gəlib və böyük əsərlər yaradıblar.
Niyazi olmasaydı, Qara Qarayevin əsərləri o cür yüksək səviyyədə təqdim edilə bilməzdi. Eləcə də Fikrət Əmirovun əsərləri. Onların hamısı bu simfonik orkestrdən və Niyazinin əlindən keçəndən sonra biz gördüyümüz səviyyəyə gəlib çatırdı.
Dursunxanım Əliyeva
Ucar şəhər 6 saylı tam orta məktəbin fizika müəllimi