Logo

Məktəbdənkənar istedadlar

13.03.2021 17:42 541 baxış
IMG

Bakıdakı 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvlərinin uğur hekayələri

 

Oxuculara  təqdim etdiyim  bu istedad sahibləri  Bakıdakı  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin ən fəal üzvləridir. Onlar  öz istedad və bacarıqlarını nümayiş etdirərək ölkə daxilində və beynəlxalq yaradıcılıq müsabiqələrində  qaliblər cərgəsinə ucalıblar. Müəllimlərin əzmkarlığı, yaradıcı yeniyetmə və gənclərin fəallığı nəticəsində əldə olunan nailiyyətlər  bu gün  mərkəzə yönəli olan diqqət və marağı birə-beş artırır. Sabahın korifey sənətkarları ola biləcək  istedadlı dərnək üzvləri sənətdə qazandıqları bütün uğurlara görə nə vaxtsa haqqında söhbət  açdığımız  bu mərkəzə  öz dərin minnətdarlıqlarını fəxrlə dilə gətirəcəklər. Təbii olaraq  qələbələr heç də asanlıqla qazanılmır. İstedad, üstəgəl birincilik iddiası və qətiyyət bu istedad sahiblərini qələbələrə aparan çətin yarışmalarda qalibiyyət kürsüsünə ucaldıb. Mərkəzdə 31 adda dərnək fəaliyyət göstərir. Oxucularımızı ən fəal dərnək üzvlərinin bir neçəsinin yaradıcılıq uğurları ilə  yaxından tanış edirik.

 


 

“Bütün nailiyyətlərimizdə müəllimlərimizin payı var”

 

Mənim 16 yaşım var. 6 yaşımdan Bakı şəhəri, Nizami rayonu 3 nömrəli  Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvüyəm. Mərkəzdə müxtəlif  dərnəklərin üzvü olmuşam. “Çiçəyim” uşaq teatrı, “Azəri inciləri” rəqs qrupu, “Fortepiano” dərnəklərində öz istedadımı sınamışam. Hazırda isə, “Gənc aktyorlar” və “Mahnı teatrı” dərnəklərinin üzvüyəm. Heydər Əliyev Sarayında, Rus Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, R.Behbudov adına Mahnı Teatrında uğurlu çıxışlarımız olub. Tez-tez televiziya kanallarına dəvətlər alırıq.

 

Hər il “Gənc aktyorlar” dərnəyinin rəhbəri Xanım İsmayılova hazırladığı tamaşalarla “açıq dərs”lər   keçir. M.Füzulinin “Leyli və Məcnun”unda Leyli, Ə.Haqverdiyevin “Pəricadu” tamaşasında Pəricadu, A.Şaiqin “Qaraca qız” pyesində isə Pəricahan xanım obrazlarını məharətlə  oynamışam. 2017-ci ildə  “Gənc aktyorlar” dərnəyi ilə Türkiyənin Kayseri şəhərində keçirilən  Uluslar ve Liseler arası Tiyatro festivalında biz Ü.Hacıbəyovun “Arşın mal alan operettası”nı kompozisiya şəklində çox uğurla nümayiş etdirdik. Mən bu əsərdə Gülçöhrə obrazını ifa edirdim. Tamaşamız 4 nominasiya üzrə qalib oldu. Mən qız rol ifaçıları  arasında I yerə layiq görüldüm. Xanım müəllim isə  “Musiqi tərtibatı” və “Rejissorluq” nominasiyası üzrə mükafatla  təltif olundu. Çox sevindim ki, mərkəzimizi beynəlxalq festivalda layiqincə təmsil edə bildim. Biz onlayn festivallarda, müsabiqələrdə də çıxışlar edir, diplomlar qazanırıq. Beynəlxalq onlayn  “3 Alov” festivalında “Fortepiano” nominasiyası üzrə III yerə layiq görülmüşəm. Nizami rayonu İdman və Gənclər İdarəsinin keçirdiyi onlayn şeir müsabiqələrində də bir neçə dəfə qalib adını qazanaraq  I yerləri  tutmuşam.

 

Riyaziyyat müəllimim deyir ki, məndən yaxşı riyaziyyatçı olar. Sinif müəllimim isə “Bu biliyini notlarına qurban vermə, səndən yaxşı pedaqoq olar”, - deyir. Təbii ki, müəllimlərimin fikirlərinə hörmətlə yanaşıram. Ancaq açığını deyim ki, özüm də hələ ki,  peşə seçimində bir az çaşqınlıq içindəyəm. Bəzən valideynlər arasında elə fikirlər yürüdən də olur ki, uşaqlar  dərnəklərdə məşğul olanda, dərsdən, təhsildən yayınırlar. Mən isə  10 illik təcrübəmə əsaslanaraq, deyə bilərəm ki, bu  fikir qətiyyən  düzgün deyil. Çünki mən dərnəyə də gedirəm, müsabiqələrdə də iştirak edirəm və bununla bərabər həm dərs  əlaçısıyam, həm də sinif nümayəndəsi. Mərkəzimizin bizim dünyagörüşümüzün formalaşmasında rolu əvəzsizdir.

 

Mərkəzimizin direktoru Lalə Qəti hər zaman bizə diqqət və qayğı nümayiş etdirir. Bizə stimul verən  müəllimlərmizin üzərimizdə əməkləri heç bir meyarla ölçülə bilməz. Bütün  nailiyyətlərimizdə onların misilsiz payı var. Arzum Azərbaycan Dillər Universitetini bitirib səfir olmaq, Azərbaycanımızı  xarici ölkələrdə layiqincə təmsil etməkdir.

 

“Bizə göstərilən etimadı layiqincə doğrulduruq”

 

11 yaşındayam.  Artıq 7 ildir ki, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin üzvüyəm. Müəllimim Əməkdar Mədəniyyət işçisi Rəna  Kərimovadır. “Çiçəyim” uşaq teatırımız  pandemiyayla əlaqədar olaraq  mərkəzimizin hazırladığı bir çox videoçarxlarda iştirak edib. Mən də bu videoçarxlarda çox  fəal olmuşam. “Evdə qal”, “Əsgərə məktub”, “Mənim qəhrəmanım” kimi bir çox aksiyalarda çıxış etmişəm. Bizim üçün sevindiricidir ki,  bu il “Nizami  Gəncəvi” ili elan edilib. Mərkəzimizdə bu  mövzuya  həsr olunan   “dəyirmi masa” keçirildi və mən də  bu konfransda  var idim. Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Kərpickəsən kişinin dastanı” hekayəsindən bir parçanı sevə-sevə  ifa etdim.   Dərnəyimizin istedadlı yetirmələri ilə birlikdə mən də Türkiyədəki 23 Nisan Çocuk festivalına dəvət almışdım. İstanbul, Fəthiyə, Antalya kimi şəhərlərdə uğurla çıxış etdik və   diplomla təltif olunduq. Mən Yakust şəhərində keçirilən iki müsabiqədə iştrak etmişəm. Bunlardan biri  bədii qiraət sahəsinə aid idi. Bu müsabiqədə I yerə layiq görüldüm. Növbəti müsabiqədə  “Çiçəyim” uşaq teatrı dəbli geyimləri nümayiş etdirdi. Həmin müsabiqədə də bizim komanda  daha çox bəyənildi və  “Qran-pri” mükafatına layiq görüldük. Yeri gəlmişkən qeyd edim ki,  Baku Media Centerin  çəkdiyi  “Hər şey yaxşı olacaq” adlı videoçarxı  səsləndirən mən olmuşam. Heydər Əliyev Sarayında keçirilən uşaq tədbirlərində mütəmadi olaraq iştirak edirəm. Biz  də bir yaradıcı komanda olaraq bir çox nağıl tamaşaları  şəhərimizin böyük teatr salonlarlında  səhnəyə qoymuşuq. Heydər Əliyev Fondunun keçirdiyi yeni il tədbirlərində artıq 5 ildir ki, tanınmış  aktyorlarla birlikdə öz istedadımı nümayiş etdirərək  əsas rollardan birini oynayıram. Bir çox kiliplərdə, reklamlarda, televiziya kanallarında çəkilişlərə dəvətlər alırıq və bizə göstərilən etimadı da layiqincə doğrulduruq. Valideyinlərimə təşəkkür edirəm ki, məni zamanında  bu mərkəzə üzv yazdırıblar. Görün burada mən özümə nə qədər sədaqətli dostlar qazanmışam. Hamısı da   istedad sahibləridir. Bütün uğurlarıma görə  sevimli  müəllimim Rəna Kərimovaya  və təbii olaraq   dərnək üzvlərimizin  məşqləri üçün yaratdığı bütün şəraitə görə mərkəzimizin direktoru Lalə  Qətiyə təşəkkürümü  bildirirəm. O diqqətdən, o qayğıdan  biz dərnək üzvləri kifayət qədər bəhrələnməsəydik sizin qarşınızda  heç bir  qalibiyyətdən, uğurdan  söhbət  aça  bilməzdik.

 

“Yaradıcılıq müsabiqələrində, idmanda da birincilik qazanmışam”

 

2008-ci ildə Bakıda  anadan  olmuşam. Humanitar fənlər təmayüllü məktəb-liseyin  şagirdiyəm. 8 ildir ki, mərkəzin  “Azəri  inciləri”  rəqs  qrupu və  “Çiçəyim” uşaq teatrının  fəal üzvüyəm. Beynəlxalq, eyni zamanda  ölkədaxili yaradıcılıq müsabiqələrində  və  bir  çox  başqa tədbirlərdə həmişə iştirak etmişəm və   birincilik qazanmışam.  Heydər Əliyev Sarayında təşkil olunan “Zima” qış tədbirində iştirakımla təmsil olunduğum kollektivə  qələbə sevinci yaşatmışam. İki ildir “Kaspi” təhsil mərkəzində ingilis dilini  də öyrənirəm. Düşünürəm ki, öz gələcək perspektivlərini təmin etmək üçün hər bir məktəbli  bu dili  də mükəmməl bilməlidir.

 

Yeri gəlmişkən, mənim idmana  da  hədsiz marağım var.  Dörd ildir  ki, mütəmadi olaraq  Sərhədçi İdman Kompleksində üzgüçülük idman növü ilə, eyni zamanda  paralel olaraq  gimnastika və  karate ilə  də məşğul oluram. Gimnastika  və karate üzrə keçirilən  idman yarışlarında  dəfələrlə iştirak etmişəm   I, II və III yerlərə layiq görülmüşəm. Kifayət qədər  diplomlarım  və medallarım  da var. Hamısı da  əzmkarlığımın, gərgin zəhmətə qatlaşmağımın  bəhrəsidir.  Karate idman növü üzrə artıq sarı kəmər sahibiyəm. Beş yaşımdan   mərkəzdə  rəqs qrupunda   və uşaq  teatrında  həvəslə məşğul olaraq  uğurlara imza atıram. “Azəri inciləri” rəqs qrupunda  müəllimim  Samirə Musaim, “Çiçəyim” uşaq teatr dərnəyində isə  Rəna Kərimovadır. Hər ikisinin üzərimdə zəhməti böyükdür. Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirlərdə 6 il  mütəmadi olaraq iştirak etmişəm. Moskvada, Belarusda, Qazaxıstanda, Türkiyədə  keçirilən yaradıcılıq müsabiqələrində dəfələrlə  birincilik qazanmışam.

 

 

“Ən böyük arzum Vətənimə layiqli övlad olmaqdır”

 

Artıq 9 ildir ki,  mərkəzdə “ Mahnı teatrı” dərnəyinin  üzvüyəm. Xüsusi istedad və bacarığım  ilə yaşıdlarımdan seçilirəm. Ötən bu illər ərzində müxtəlif nominasiyalı müsabiqələrdə, festival və yarışmalarda iştirak edərək təmsil  olunduğum kollektivə başucalığı qazandırmışam.  “Azəri inciləri” vokal qrupunun solisti olmuşam.  İlk nailiyyətimi 8 il əvvəl “Yeni uşaq mahnıları-2013” adlı festivalda “Qaranquşum” mahnısı ilə əldə etmişəm. 2014-cü ildə S.Vurğun adına  Azərbaycan Rus Dram Teatrında  keçirilən “Bizim rəqs dünyamız” adlı   hesabat konsertindəki  ifalarım “Kəndimiz”,  “Dostluq mahnısı” tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Dəfələrlə beynəlxalq yarışlara qatılaraq  birincilik qazanmışam.  Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən “Vətən yaxşıdır” adlı onlayn respublika mahnı müsabiqəsinin “Bəstəkar mahnıları” nominasiyası üzrə  lll yerin qalibi oldum. Müsabiqə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadəyə və onun timsalında bütün şəhidlərin xatirəsinə həsr olunmuşdur. Qırğızıstan Respublikasında təşkil olunan Gənc İstedadların II Beynəlxalq onlayn festivalında isə vokal nominasiyası  üzrə “Doğma yurdum” mahnısını ifa edərək  II yeri tutdum. Vokal müəllimim İradə Cabbarovaya  təşəkkür edirəm.  Dəfələrlə televiziya kanallarında çıxışlarım olub. Karantin dövrundə bir çox beynəlxalq və respublika üzrə onlayn müsabiqələrdə iştirak etmişəm. “Evdə qalaq, nəğmə deyək” adlı müsabiqədə I, “Sing at home” adlı beynəlxalq italyan müsabiqəsində II,  “İstoki” adlı beynəlxalq müsabiqədə II,  “Xarı bülbül” adlı respublika müsabiqəsində  I yerlərə  layiq görülmüşəm.

 

Ən böyük arzum Vətənimə layiqli övlad olmaqdır. Ümid edirəm ki, bu arzuma çatacağam.

 

Sifai SƏFƏROVA

Xəbər lenti