Logo

İnsan hüquqları elminin və tədrisinin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu

16.06.2023 20:56 325 baxış
IMG

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.

Bu əlamətdar gündən ötən 30 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi böhrandan xilas oldu, davamlı inkişafın təməlləri qoyuldu. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ilk növbədə bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu.  Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə  hüquqi, demokratik və dünyəvi dövlət quruculuğuna başlanması, dövlət siyasətində insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilməsi və bu sahədə aparılmış əsaslı hüquqi islahatlar bütövlükdə cəmiyyətin və dövlətin inkişafında əvəzsiz rol oynamaqla yanaşı, hüquq elminin müasir tələblərə uyğun təkamülündə də mühüm əhəmiyyət kəsb edib. Belə ki, milli insan hüquqları standartlarının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə görülən bütün tədbirlər, qəbul edilmiş normativ-hüquqi aktlar, verilmiş fərman və sərəncamlar mərhələli şəkildə demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan üç pilləli məhkəmə sisteminin, konstitusiya nəzarətinin və s. bu kimi yeni təsisatların yaradılması ilə nəticələnib, dövlət orqanlarının fəaliyyətinin demokratizm, humanizm və insan hüquqlarına hörmət prinsiplərinə uyğun formada təşkilinə istiqamət verib.

İnsan hüquqları elminin formalaşması insan hüquqları sahəsində qanunvericilik bazasının yaradılması və inkişafından xeyli dərəcədə asılıdır. Beynəlxalq hüquq normalarında təsbit olunsa da, məhz milli səviyyədə hüquq və azadlıqların tanınması və onların müdafiəsi mexanizmlərinin işlənib hazırlanması insan hüquqları elminin inkişaf istiqamətlərini müəyyənləşdirir. Beynəlxalq konvensiyalara qoşulmaq, daha sonra isə həmin konvensiyalar əsasında müasir milli-hüquqi normalar işləyib hazırlamaq, mövcud normaları beynəlxalq sənədlər əsasında təkmilləşdirmək Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifələr idi. Yaradılan qanunvericilik bazası elmi araşdırmalar və ümumiləşdirmələr aparmağa, onun daha da təkmilləşdirilməsi üçün müvafiq tövsiyələr hazırlamağa, respublikamızda insan hüquqları üzrə məhkəmə təcrübəsini ümumiləşdirməyə və xarici məhkəmə təcrübəsi ilə müqayisə etməyə imkan yaratdı. Bütün bunlar da müasir insan hüquqları elminin dinamik inkişafını şərtləndirdi.

1995-ci ildə Konstitusiyanın qəbulu insan hüquq və azadlıqlarına yeni yanaşmanı təqdim etdi. Konstitusiyanın qəbul ediməsi, xalqımızın həyatında və dövlətçiliyimizin qurulmasında yeni bir mərhələnin başlanğıcını qoydu, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açdı. Bu mühüm sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət və cəmiyyət tərəfindən verilmiş və verilməli olan, habelə cəmiyyət üzvləri tərəfindən etibar edilən və etibar edilməsi mümkün sayılan bütün hüquq, azadlıq və vəzifələrin bütöv və vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasıdır.

Lakin Ulu Öndərin uzaqgörən siyasəti hüquq və azadlıqların yalnız bəyan olunması ilə kifayətlənməyib, onların təminat və müdafiə mexanizmlərinin işlənməsində ifadə olunub. Bununla bağlı Ümummilli Liderin “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 22 fevral 1998-ci tarixli Fərmanı və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” 18 iyun 1998-ci il tarixli Sərəncamı xüsusi qeyd olunmalıdır. Belə ki, Fərmanda müvafiq qurumlara verilən tapşırıqlar sırasında aşağıdakı istiqamətlər insan hüquqları elminin inkişafına təkan verdi:

-    Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə tapşırıldı ki, insan hüquqlarına dair beynəlxalq aktların öyrənilməsi məqsədilə respublikanın ali, orta ixtisas və orta məktəbləri üçün insan hüquq və azadlıqlarına dair dərsliklərin hazırlanmasını təmin etsin;

-    Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırıldı ki, əlaqədar dövlət orqanları ilə birlikdə insan hüquqları üzrə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə müvafiq tədqiqat və təhsil proqramlarının öyrənilməsi üçün mütəxəssislərin iştirakını təmin etsinlər.

Qeyd olunan istiqamətlər üzrə tədbirlər planı İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında öz əksini tapıb.

Ulu Öndərin qabaqcıl dövlət siyasəti insan hüquqları elminin müasir inkişaf perspektivlərini aşağıdakı kimi müəyyən edib:

Birincisi, bu sahədə tədqiqatlar aparan tədqiqatçı və alimlər üçün sərbəst araşdırma aparmaq üçün şərait yaradılması nəticəsində xarici dövlətlərin təcrübəsi və beynəlxalq normalar müfəssəl təhlil olundu, insan hüquq və azadlıqları ilə bağlı milli normalara dəyişikliklərlə bağlı təkliflər işlənib hazırlandı.

İkincisi, insan hüquqları ilə bağlı müxtəlif təsisatların yaradılması və onların elmi-tədqiqat sahəsində əməkdaşlığı insan hüquqları elminin müasir əsaslarla yenidən formalaşdırılmasını şərtləndirdi.

Üçüncüsü, insan hüquqları ilə bağlı müxtəlif fənlərin ali təhsil müəssisələrində tədrisi istiqamətində köklü dəyişikliklərin edilməsi Azərbaycan hüquq elmində müasir insan hüquqları elminin inkişafına təkan verdi.  

İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin mütəmadi aparılması Elm və Təhsil Nazirliyinə və Azərbaycan Milli Elmlər Akademiyasına tapşırılıb. Bütün bunlar ölkəmizdə müasir hüquq məktəbinin əsasını qoydu və insan hüquqları elminin inkişafında dönüş nöqtəsi yaratdı.

Ulu Öndərin müasir insan hüquqları siyasətini yeni mərhələdə uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Konstitusiyanın əsas hüquqi mənbə olaraq, demokratik əsaslara söykənməsini başlıca inkişaf istiqaməti kimi götürüb. Belə ki, 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsi nəticəsində insan ləyaqətinin qorunması və ona hörmət edilməsi konstitusion qaydada bəyan olundu.

Qeyd olunduğu kimi, Ulu Öndər siyasətində insan hüquqları ilə bağlı müxtəlif təsisatların yaradılması və onların elmi-tədqiqat sahəsində əməkdaşlığı insan hüquqları elminin inkişafının ikinci istiqamətini təşkil edib. Ulu Öndər Heydər Əliyevin 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında insan hüquqları üzrə elmi-tədqiqat institutunun yaradılması, eləcə də insan hüquqları üzrə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə, digər təsisatlarda müvafiq tədqiqat, təhsil və təcrübə proqramlarının öyrənilməsi üçün mütəxəssislərin iştirakının təmin edilməsi müvafiq dövlət orqanlarına həvalə olunub. Bütün bu tədbirlər insan hüquqları üzrə elmi biliklərin mübadiləsində mühüm əhəmiyyət kəsb edir.

Ümummilli Liderin insan hüquqları yönümlü siyasətinin başlıca istiqamətlərindən biri kimi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin hüquqlarının kütləvi şəkildə pozulması faktının dünya ictimaiyyətinə çatdırılması və onlara dəymiş zərərin Ermənistan dövləti tərəfindən ödənilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi olub. Bu məqsədlə Dövlət Proqramında insan hüquqlarının kütləvi şəkildə pozulması hadisəsi kimi azərbaycanlıların repressiyası, soyqırımı və deportasiyası haqqında sənədli, bədii filmlərin çəkilişi və digər sənət əsərlərinin, o cümlədən monumental əsərlərin yaradılması əsas tədbirlər sırasında öz əksini tapıb. Bu işdə milli hüquq elminin də payına çoxsaylı elmi tədqiqatların aparılması, alimlər tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işi düşür. Bu sahədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirakını, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini  xüsusi qeyd etmək lazımdır. Belə fəaliyyətin nəticəsidir ki, artıq Azərbaycan dünyada nəinki coğrafi mövqeyinə, həmçinin mədəni irsinə, elminə, tarixi abidələrinə, zəngin dövlətçilik, multikulturalizm və tolerantlıq ənənələrinə görə tanınır.

Yeni formalaşan informasiya cəmiyyətində Fondun konstitusion niyyətlərin reallaşmasına xidmət edən bir çox məqsədləri vətəndaş cəmiyyəti institutlarının inkişafında, hüquqi dövlət və sosial dövlət modellərinin tətbiqində, habelə müxtəlif insan hüquq və azadlıqlarının həyata keçirilməsində əvəzedilməz rola malikdir.

Növbəti mühüm istiqamət Ümummilli Lider Heydər Əliyevin qabaqcıl elm və təhsil siyasətinin nəticəsi olaraq, insan hüquqları ilə bağlı tədris sistemində köklü dəyişikliklərin edilməsində ifadə olunub. Bu istiqaməti Hüquq fakültəsinin timsalında şərh etmək olar. Ulu Öndərin və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mütərəqqi siyasətinə sadiq qalan fakültəmizin insan hüquqları elmi sahəsində həyata keçirdiyi fəaliyyət hər zaman respublikamızda qəbul edilmiş milli hüquq normalarını, dövlət proqramlarını rəhbər tutub. Belə ki, Ulu Öndərin Sərəncamı ilə təsdiq olunmuş İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramında əsası qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən və 28 dekabr 2006-cı il, 27 dekabr 2011-ci il tarixli Sərəncamlarla təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında “insan hüquqları sahəsində tədris, maarifləndirmə, elmi-analitik və əməkdaşlıq tədbirləri” prioritet istiqamətlər sırasında mühüm yer almaqdadır. Bu istiqamət üzrə planlaşdırılan və icra olunan bir çox tədbirlərin həyata keçirilməsində aktiv iştirak etmək fakültəmizin də payına düşüb. Belə ki, həm Dövlət Proqramında, həm də Milli Fəaliyyət Planı və Proqramında aşağıdakı tədbirlərin hər bir zaman mütəmadi icrası nəzərdə tutulub:

•    insan hüquqları və azadlıqları problemləri üzrə ixtisaslaşan mütəxəssislərin hazırlanması;

•    ali məktəblər üçün insan hüquq və azadlıqlarına dair mövzuların öyrənilməsi üçün tədris yükünün müəyyən edilməsi, tədris vəsaitlərinin nəşri, tədris proqramlarının təkmilləşdirilməsi;

•    insan hüquqları ilə bağlı dərs vəsaitlərinin və ədəbiyyatların hazırlanması və nəşri;

•    insan hüquqlarına dair tələbələr üçün olimpiadaların, müsabiqələrin keçirilməsi, insan hüquqlarının tətbiqinə dair bədii sərgilərin, festivalların və digər tədbirlərin keçirilməsi;

•    insan hüquqları üzrə ixtisaslaşan dövlət qurumlarının əməkdaşlarının mütəmadi olaraq bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılması;


•    hüquqi maarifləndirmə məqsədilə müxtəlif çap məhsullarının – kitabların, bukletlərin, bülletenlərin hazırlanması və əhali arasında yayılması işinin təşkili.

Hüquq fakültəsi elm və təhsil siyasətimizdə vacib sayılan yuxarıdakı istiqamətlər üzrə daimi və dinamik şəkildə fəaliyyət göstərir. Fakültəmiz insan hüquqları üzrə təhsil siyasətində 2011-ci ildə qəbul edilmiş Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Təhsil və Təlim Bəyannaməsinin aşağıdakı müddəasını rəhbər tutur ki, bu müddəa Ulu Öndərin təhsil siyasətinin hər zaman əsas qayəsini təşkil edib: “İnsan hüquqları üzrə təhsil və təlim insan hüquqlarının universallığı, bölünməzliyi və qarşılıqlı asılılığı prinsiplərinə uyğun olaraq, hər kəs üçün insan hüquqlarına və əsas azadlıqlara hörmət və onlara riayət edilməsinin təbliği üçün vacibdir”.

İnsan hüquqları üzrə təhsil insan hüquqlarının hər bir cəmiyyətdə reallığa çevrilməsinin hamının ortaq məsuliyyəti olduğu anlayışını formalaşdırdığı üçün davamlı təkmilləşdirilməli olan tədris prosesini əhatə etməlidir. Bu baxımdan Hüquqşünaslıq ixtisasında insan hüquqları sahəsində biliklərin geniş tədris edilməsinə, bu sahədə ixtisaslaşmış kadrların hazırlanmasına tələbat günbəgün artır. Hüquq fakültəsində artıq illərdir ki, bakalavriat səviyyəsində “İnsan hüquqları” fənni tədris olunur. Həmçinin magistratura səviyyəsində Azərbaycan və ingilis dillərində tədrisi aparılan “İnsan hüquqları” ixtisaslaşmasında bu sahədə kadr hazırlığı həyata keçirilir.

Dövlət başçısının insan hüquqları yönümlü siyasətində əsas tədbirlərdən biri də insan hüquqları üzrə ixtisaslaşan dövlət qurumlarının əməkdaşlarının mütəmadi olaraq bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılmasından ibarətdir. Fakültəmiz professor-müəllim heyətinin, tələbələrimizin insan hüquqları üzrə beynəlxalq təcrübənin öyrənilməsi prosesinə cəlb edilməsi və mənimsənilmiş müsbət təcrübənin yayılması məqsədilə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. BMT ilə, xüsusilə də BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə sıx əməkdaşlığımız mövcuddur. Bu əməkdaşlığın nəticəsidir ki, ötən ilin dekabrın 9-da Ali Komissarlıqla birgə Beynəlxalq insan hüquqları gününə həsr edilmiş beynəlxalq konfrans keçirdik. İlk dəfə olaraq fakültəmizin tələbələri tərəfindən insan hüquqları gününə həsr edilmiş videoçarx hazırlandı və nümayiş etdirildi. Bununla yanaşı, ilk dəfə olaraq Hüquq fakültəsinin tələbələri, o cümlədən fakültənin SABAH qrupunun tələbələri tərəfindən hazırlanmış insan hüquqları mövzusunda sosial teatr tamaşası təqdim olundu. Fakültənin 15 tələbəsinin iştirakı ilə təqdim edilən tamaşada insan hüquqları sahəsində ayrıseçkiliyin yolverilməzliyi, qadın hüquqları, gender bərabərliyi ilə bağlı maarifləndirici xarakterli məsələlər işıqlandırılıb. Tamaşanın əsas süjet xəttinin mahiyyəti ondan ibarətdir ki, bir qız uşağının təhsildən məqsədli şəkildə məhrum edilməsi ilk növbədə onun iradəsinə qarşı edilən qanunsuz aktdır və bu qanunsuz hərəkətlər şəxsin cəmiyyətdə mövqe tutmasına maneçilik törədir.

Bundan başqa, fakültənin tarixində ilk dəfə olaraq “Tələbə tərəfindən tələbə üçün” layihəsinin icrasına başlanılıb. Layihənin əsas məqsədi təlimçi tələbənin öz biliklərini tələbə yoldaşları ilə bölüşmək və qarşılıqlı şəkildə öyrənməkdir. Bu günədək keçirilmiş təlimlərin mövzularına diqqət yetirsək, hamısı insan hüquqlarına həsr olunub: “Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə giriş”; “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Azərbaycan Respublikasının Konstitusiyası: müqayisəli təhlil”; “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları” və s.

UNESCO-nun təhsilin gələcəyi təşəbbüsü üzrə hesabatlarında qeyd olunur ki, ali təhsil əxlaqı təşviq etməli, tələbələrə öz vətəndaşlıq və ətraf mühitlə bağlı məsuliyyətlərini daha yaxşı dərk edən bacarıqlı vətəndaşlar olmağa kömək etməlidir. Ali təhsil həm də sosial-mədəni baxımdan aktual olmalıdır. Mədəni müxtəlifliyin qiymətləndirilməsi, insan hüquqlarının müdafiəsinə sadiqlik və bütün formalarda ayrıseçkiliyə dözümsüzlük əsas təhsil məqsədləri olmalıdır. Bu cür dəyərləri və prinsipləri inkişaf etdirən ali təhsil mühazirə zalları və virtual məkanların hüdudlarından kənara çıxır və daim inkişaf edir. Belə istiqamətləri rəhbər tutan Hüquq fakültəsinin əsas missiyalarından biri də vətənpərvər, hüquqi dövlət quruculuğuna və hüquqi islahatlara töhfə verə biləcək mütəxəssislərin hazırlanmasından ibarətdir. Bu baxımdan rəqəmsal cəmiyyətin formalaşdığı bir dövrdə tələbələrin dünyada və respublikamızda baş verən hadisələrlə bağlı düzgün məlumatlandırılması fakültənin bilik mübadiləsində aktiv iştirakını təmin edir.

Bununla belə, insan hüquqları sahəsində biliklərin, tədrisin daim yenilənməsinə və inkişafına ciddi ehtiyac duyulur. Bu məqsədlə fakültəmizdə hər il insan hüquqları sahəsində yeni dərslik, dərs vəsaiti və proqramların yazılmasına dəstək göstərilir, mövcud vəsaitlər daim yenilənir. Bununla bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarılığı ilə “İnsan hüquqları” magistratura ixtisaslaşması üçün yeni tədris planı və proqramının hazırlanması xüsusi qeyd olunmalıdır. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarllığının dəstəyi ilə Hüquq fakültəsinin ekspertləri tərəfindən “İnsan hüquqları” magistratura ixtisaslaşmasının tədris planı tamamilə yenidən işlənib, Azərbaycan və ingilis dillərində vahid bir külliyyat şəklində çap edilib. Ekspertlər yeni tədris proqramının hazırlanması zamanı insan hüquqları üzrə təhsil sahəsində beynəlxalq təcrübəni geniş tətbiq ediblər.   

İnsan hüquqları və azadlıqları problemləri üzrə ixtisaslaşan mütəxəssislərin hazırlanması məqsədilə Hüquq fakültəsi savadlı və ixtisaslaşmış kadrların yetişdirilməsində beynəlxalq təşkilatların təcrübi bilikləri ilə yanaşı, dövlət orqanlarının bu sahədə fəaliyyəti üzrə məlumatların da tələbələrə çatdırılmasını başlıca məqsəd kimi seçib. Bu sahədə hüquqşünas kadrların təcrübi biliklərinin inkişaf etdirilməsi ilə bağlı Ədliyyə Nazirliyinin Hüquq fakültəsinə göstərdiyi dəstək xüsusilə qeyd edilməlidir. Hüquq fakültəsi ilə Ədliyyə Nazirliyi arasında razılaşmaya əsasən, hüquqşünas tələbələr müntəzəm olaraq Nazirliyin tabeliyində fəaliyyət göstərən qurumların, o cümlədən məhkəmələrin işi ilə yerində tanış olur, ədliyyə orqanları işçilərinin praktiki mühazirələrini dinləyirlər. Bundan əlavə, Ədliyyə Nazirliyi ilə razılıq əsasında “Heydər Əliyev İli” çərçivəsində əməkdaşlıq davam etdirilir. Bütün bunlar məhz hüquq elminin və təhsilinin müasir standartlara uyğun təşkilinə xidmət edərək, təcrübi biliklərin əldə olunmasına, gənclərimizin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsinə xidmət göstərir.

Belə təcrübənin müxtəlif dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır. Bütün bunlar insan hüquqları yönümlü hüquqşünas kadrların yetişdirilməsinə xidmət edir.  

Artıq üçüncü ildir ki, Azərbaycan xalqı Qurtuluş Gününü fərqli əhval-ruhiyyə ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Ulu Öndər Heydər Əliyevin arzuları illər sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini uğurla yerinə yetirdi. Bu gün qədim yurdumuz Qarabağda üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur və artıq icra edilmiş layihələrin açılışlarını edirlər. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, bir vaxtlar düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcəkdir.

Zaur Əliyev
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent

Xəbər lenti