Logo

İnsanların qorxduğu səs - Əməkdar jurnalistin yazısı

17.06.2023 17:19 336 baxış
IMG

...Qapı döyülür. 

Aman Allah, görəsən kimdir, yoxsa onlardır? 

....Oxuduqlarıma və eşitdiklərimə görə, 30-40-cı illərdə insanların ən qorxduğu qapı səsləri olub. Gecələr döyülən qapı səsləri... O qapı səsləri ki, bir evi, bir ocağı, bir obanı yox, böyük bir məmləkətimizi viran qoydu. Haqq içində             haqsızlığa düçar olaraq gecənin o qaranlıq vədəsində döyülən qapılar illərlə qaranlıqlara düçar oldu... 

O qapıları döyənlər YADLARMI idi? Təəssüf ki, yox! O YADLAR sapı özümüzdən olan baltaların hesabına döyürdü qapıları gecənin o vədəsi! Nənəmin sözü olmasın “urus nə bilirdi, mənim elimdə-obamda kim nə işlə məşğul olur”. Yoxsa, Azərbaycan DTK-nin Sumbatovları, Mikoyanları, Avanesyanları, Qalstyanları belə can-fəşanlıqla bu xalqdan köhnə qisasını ala bilməzdi ki? Əbəs yerə deməyiblər ha: “Ağacı qurd içindən yeyər”.

Əgər statistik məlumatlara inansaq, guya “1934-cü il yanvar ayının 1-dən 1939-cü il yanvar ayının 1-nə kimi Azərbaycanda XDİ-nin komissarlığında 27458 nəfər insan repressiyaya məruz qalıb”. 

... 28 yanvar 1937-ci il. Gecə saat 3 radələri. Bayırda çovğunlu bir qış gecəsi idi. Hənəfi Zeynallının qapısı döyülür. Azərbaycanın görkəmli gənc ədəbiyyatşünas alimi, publisisti, istedadlı ədəbi-tənqidçisi, ziyalısı Hənəfi Zeynallı Dövlət Təhlükəsizlik İdarəsi IV şöbəsinin müstəntiqi Şer tərəfindən həbs edilir.
 
Bu çağrılmamış “qonaq”ların hay-küyünə uşaqlar da oyanır. Onlar anaları Səyyarəyə sığınaraq yazıq-yazıq, qorxu içində ətrafda baş verənlərə tamaşa edirdilər. Hənəfi heç olmasa son dəfə onları bağrına basmaq istədi. Bir addım onlara tərəf atmaq istərkən “qonaq”lardan birinin bağırtısına özü də uşaqlar da diksindi. “Olmaz, aparın” – deyə o, yanındakılara əmr verdi.  

Səyyarə 7 yaşlı oğlu Əzimi (bəzi mənbələrdə adı Azər də göstərilir) və 3 yaşlı qızı Zemfiranı bağrına basaraq göz yaşları tökürdü. Gözləri önündə zülmətli, sonu görünməyən uçurumlar görünürdü. Qorxurdu ağlamağa, hay-küy salmağa da... Sanki donmuşdu, buz heykələ dönmüşdü. Çünki onları sonra “xalq düşməni”nin ailəsi kimi daha böyük dəhşətlər gözləyirdi. 

Amma Səyyarə hələ “xoşbəxt” idi ki, övladları heç olmasa onun qoynunda idi. Onları bağrına basa bilirdi. Deməli hələ “xoşbəxtdir”. Lakin bu “xoşbəxtlik” uzun sürmədi... 

SSRİ Ali Məhkəməsinin 12 oktyabr 1937-ci il tarixində Bakı şəhərində keçirilən 15 dəqiqəlik Səyyar Hərbi Kollegiyasının qapalı məhkəmə iclasında Hənəfi (bəzi arxiv sənədlərində onun adı səhv olaraq Hənifə yazılıb) Baba oğlu Zeynallı Azərbaycan SSRİ cinayət məcəlləsinin 64, 69, 70, 73-cü maddələri ilə təqsirli bilinib güllələnməyə məhkum edilir. 

Güllələnmədən cəmi üç gün sonra yenə də gecənin bir vədəsi Səyyarəgilin qapısı döyüldü. Bu dəfə isə onu həbs etməyə gəlmişdilər. 

Yarıyuxulu olan üç yaşlı Zemfira anasının qoynuna sarılaraq ağlayırdı. Sanki duymuşdu ki, bu cəlladlar atası kimi, anasını da gedər-gəlməzə aparırlar. Cəlladlardan biri əsəbi halda uşağı ananın qucağından alaraq yerə qoyub Səyyarəni qapıya tərəf itələdi. 
  
– Ana, biz tək qorxuruq axı, – deyə oğlunun onun dalınca qışqırması Səyyarənin bütün vücudunu sarsıtdı. Körpəsinin titrək dodaqlarından qopan bu yalvarıcı səs ananın ürəyini dağladı. O, uşaqlarının üzünə baxdı. Onların gözlərində dəhşətli bir qorxu gördü...

O gecə Səyyarə hər şeyə nifrət elədi. İnsana da, insanlığa da... Həyat dondu onun üçün. Bütün səadəti məhv oldu, uçub-dağıldı o müdhiş gecədə. Yalvarmaq istədi bu cəlladlara, heç olmasa övladlarını bu qaranlıq gecədə kimsəyə tapşırmaq üçün imdad diləmək istədi. Amma danışa bilmədi. Sanki dili-ağzı qurumuşdu. Onu hıçqırıqlar boğurdu. Fırtınalı dənizdə ümidi üzülmüş sükançı kimi başı hərlənir, gözlərinə qaranlıq çökürdü. Çöldə hava soyuq olsa da ona elə gəldi ki, bütün bədəni od içində yanır, havasızlıqdan boğulur, ölür. Addım atmaq istəsə də ayaqları kilitləndi. Səyyarə canlı ölüyə dönmüşdü. Onu sürüyüb maşına atdılar. Artıq Səyyarənin huşu özündə deyildi. Ona görə də uşaqlarının “ana, ana, biz qorxuruq axı, bizi qoyub getmə” – deməsini, ağlamasını nə görür, nə də eşidirdi... Gözlərini açanda özünü çirkab, yarı qaranlıq, soyuq həbsxana divarları arasında gördü...    

VIII şöbənin rəisi, təhlükəsizlik leytenantı Koqanın təqdimatı ilə XDİK-in müavini, təhlükəsizlik mayoru Borşevin təsdiqinə verilmiş 28.01.1937-ci il tarixli arayışda göstərilir ki, Azərbaycan SSR XDİK tərəfindən əksinqilabçı, terrorçu, vətən xaini, ziyankar, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının I dərəcəli məhkum edilmiş Hənəfi Baba oğlu Zeynallının bir həyat yoldaşı kimi SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən Şərifova – Zeynallı Səyyarə Səttar qızı həbs edilsin. 

Səyyarəni həbs edərkən 1806 saylı orderə əsasən əmlakı müsadirə edilərək dövlət hesabına keçirilir, övladları isə Şüvəlanda yerləşən 1 saylı uşaq evinə verilir. 

Bakıdakı ümumi həbsxanalardan birində saxlanılan Səyyarəni SSRİ XDİK yanında Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il tarixli qərarına əsasən 8 il müddətinə azadlıqdan məhrum edərək Qazaxstanın Karlaqa (Karakanda düşərgəsinə) sürgün edirlər.

14 il Səyyarə hər gecə övladlarının həsrəti ilə səhərləri göz yaşları ilə açır. Hər gecə Hənəfini və uşaqlarını yuxuda görən Səyyarəyə elə gəlirdi ki, elə həyatı da bir yuxudur. Çünki canidildən sovetlərə qulluq edən ömür-gün yoldaşına qarşı hökumətin niyə belə etməsi ona çox qaranlıq idi. Səyyarə ali təhsili bir qadın idi.  Ətrafda baş verənlərdən az-çox hali olsa da, ailəsinin başına gələn bu hadisələrdən lap çaş-baş qalmışdı. Odur ki, bu haqsızlıqlar haqqında M.C.Bağırova məktub yazmaq, onu bu işlərdən hale etmək ümidilə qapıda dayanan növbətçidən kağız qələm istədi və məqsədini ona bildirdi. Növbətçinin şaqqanaq çəkib gülməsi ona qəribə gəldi. Çünki Səyyarə inana bilmirdi ki, onun ərini elə M.Bağırova sui-qəsddə günahlandırırlar, inanmırdı ki, Azərbaycan ziyalısını məhv edən elə onun ümid bağladığı cəllad və onun tör-tökülüntüləri, dili bir, dini bir olan “həmvətənləri” idi. Hər yerdən, hər şeydən ümidi üzülən, xəbərsiz olan, təmiz, məsum, zavallı qadın “cəzasını” çəkirdi... 

Bu cəza 1945-ci ildə bitsə də ona Qazaxıstandan çıxmağa 1946-cı ildə icazə verirlər. Amma Bakıda övladlarının yanında qalmasına icazə verilmir. Məcburi olaraq Zaqatala rayonuna göndərilir. Zaqatalada əvvəl çay sovxozunda, sonra isə çay sovxozunun bağçasında tibb bacısı işləyən Səyyarə 1946-cı ildən 1951-ci ilə kimi, 14 il övladlarına qovuşacaq günün həsrəti ilə “yaşayır”.

1952-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Nəzər Heydərova ümid dolu bir məktub ünvanlayan ana övladlarına qovuşmasında ona kömək olmasını dilədi. Amma aylar sonra məktubuna yox cavabı alır. Bu dəfə SSRİ dövlət Təhlükəsizlik Nazirliyinə müraciət edərək məhkumluğunun üzərindən götürülməsini xahiş edir. SSRİ XDİK yanında Xüsusi Müşavirə 6 avqust 1952-ci il tarixli 50 saylı qərara əsasən onun xahişini rədd edir.

Səyyarəyə yenə də gözləmək qalır. Həbslərdə, sürgünlərdə hər cür rəzalətlərə, haqsızlıqlara düçar olunan bu qadın üçün onsuz da həyatda yaşamaq arzusu, istəyi yox idi. Hafizəsinin ən dərin bucağında belə yaşamaq sevgisi qalmamışdı. O istəyi, o sevgini, səadətini-sevimli ömür-gün yoldaşı Hənəfini itirən, əziz övladlarından zorla ayrılan günü itirmişdi. Səadət onun üçün qeyri-adi, əlçatmaz, ünyetməz qədər uzaq idi. O, “yaşamaq” uğrunda mübarizə aparmırdı. Heç buna heyi də qalmamışdı. Onun yeganə bir arzusu var idi övladlarını görsün, onlara qovuşsun və onları başa salsın ki, onların valideynləri cinayətkar deyil, yüzlərlə, minlərlə Azərbaycan ziyalısı kimi haqsızlığın qurbanıdır. Ona görə də yenidən dəfələrlə müraciətlər etdi. Yalnız bu müraciətlərə 1956-cı ildə müsbət cavab ala bildi. Belə ki, 7 fevral 1956-cı il Azərbaycan SSR Ali Məhkəməsinin və SSRİ Ali Məhkəməsi Səyyarə Zeynallıya və 30 mart 1957-ci il tarixli qərarları ilə isə Hənəfi Zeynallıya işlərində cinayət tərkibi olmadığı üçün bəraət verilir və Səyyarə ana övladlarına qovuşa bilir.

Fikir verin, cinayət tərkibi olmadığı üçün bəraət verilir. Bütün 37-ci il qurbanlarına 56-cı ildən sonra bəraət verildi. Bəs cinayət olmadığı halda haqsız olaraq nə qədər ailələr başsız qaldı, ocaqların çırağı söndürüldü, evlər viranə edildi. Mərkəz antiinsani, antibəşəri bir faciəni bu xalqın başına açdıqdan sonra biz yenə də illərlə “böyük qardaşı”mıza sədaqətlə qulluq etdik. Görən bu qulluğu ağıllamı etmişik, ya...

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Xəbər lenti