Logo

Köklənmiş simin nəğməsi... - FOTO

17.06.2023 22:40 497 baxış
IMG

"Qarabağın azadlığı – Şuşa zəfəri Milli Qurtuluşumuzun nidasına çevrildi!" 

Bu, müsabiqəyə təqdim etdiyim essenin son cümləsidir. Cümlədəki durğu və duyğu işarəsi olan nida "Dəmir Yumruğ"a annotasiya, iradəmizə intonasiyadır. "Qarabağ Azərbaycandır!" ifadəsindəki kimi, ədalı və nidalıdır. 

Müstəqil və müasir Azərbaycanın memarı Heydər Əliyevin 100 illik yubileyi və “Rabitəbank”ın 30 illiyi çərçivəsində Milli Qurtuluş Gününə həsr olunan esse yazı müsabiqəsinin üçüncüsü oldum.

Əslində müsabiqə barədə məlumatsız idim. Ta ki, fakültəmizin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Xalidoğlu məni müsabiqəyə qoşulmağa dəvət edənə kimi. 

Bakı Dövlət Universitetində müsabiqə təşkilatçıları ilə tələbələr arasında görüş də baş tutdu. Bu, görüşdən daha çox doğma insanların bir araya gəlməsi idi. Əvvəla, ona görə ki, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev sahəsinin peşəkarı, illərin televiziya aparıcısıdır. Həmçinin, “Rabitəbank” ASC-nin əməkdaşı, İctimaiyyətlə əlaqələr üzrə ekspert Səmra xanım Əsgərzadə də Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu, həm də tələbə jurnalistlərin dostudur. Özü də söhbət əsnasında bunu qürurla qeyd etdi.

Səmra Əsgərzadənin xoş rabitəli ünsiyyəti, Ayaz Mirzəyevin düz bucağa söykənən səmimi fikirlərindən sonra, qarşıda tələbələri böyük sınaq gözləyirdi. 

Və o gün yetişdi... 

Müsabiqənin mükafatlandırma günü. Bu gün olduqca maraqlı keçdi. Tarix də gözəl seçilmişdi. Görüş müstəqil dövlət tariximizdə Heydər Əliyevin Bakıya gəldiyi 9 iyun və Milli Qurtuluşumuzun 15 iyun tarixinin tən ortasında yer alırdı. Məram da bundan ibarət idi: qurulan müstəqil dövlətə tən olmaq.

Tədbirdə mükafatı Əməkdar jurnalist Təranə Məhərrəmovadan qəbul etdim. Üç əsrin qəzetinə mətbuat katibliyi edən Təranə xanımın sadəliyi, mükafatın aliliyindən doğan həyəcanımı aradan qaldırdı. 

Bundan öncə ilk mükafatım müəllimlərimin qiymətli fikirləri oldu. Mətbuat Şurasının sədri Rəşad Məcid tədbirlərin birindəki çıxışımı xatırlatdı, Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli nəvazişlə əhvalımdan, vəziyyətimdən soraq aldı.

“Rabitəbank” ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini Orhan Gültekinin, həmkarlarımız Orxan Salayevin, Zəka Quliyevin tələbələrlə xoş ünsiyyəti tədbirin ən yaddaqalan anlarına çevrildi. 

Müsabiqədə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin iki tələbəsi mükafatlananlar sırasında oldu. Bu səbəbdən fakültə dekanı Vüqar Zifəroğlu və timsalında bütün müəllimlərimizə mənəvi borcluyuq. 

Beləcə, gənc jurnalistlərin qələm təcrübəsinin artması, inkişafı baxımından əhəmiyyətli olan tədbir xoş sonluqla – köklənmiş sim üzərində zəfər nəğməsiylə yekunlaşdı.

Əsgər İsmayılov

Xəbər lenti