Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Mən bu yazımda onlardan biri, lakin onlardan daha fərqli bir qəhrəman haqqında danışacağam.
Səbri, müdrikliyi, zəkası, əzmkarlığı və millətinə, xalqına sonsuz sevgisi ilə bütün dünyanı heyrətləndirən Ulu Öndər Heydər Əliyev haqqında.
Yaxşı dərk edirəm ki, Ulu Öndərimin həyatı və fəaliyyəti sonsuz bir dənizdir. Dənizin suyunu damla-damla boşaltmaq mümkün olmadığı kimi, kiçik bir inşada da Heydər Əliyevin həyat və fəaliyyətini tam əhatə etmək qeyri-mümkündür.
Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxillik dövlətçilik həyatında tarixin yaddaşında əbədi iz qoymağı bacaran nadir şəxsiyyətlərdəndir.Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.
Sözü ilə əməli bir olan şəxsiyyət Heydər Əliyev . Bütün ömrünü xalqına həsr etdi. İçindəki pak arzuları ilk fürsətdə reallaşdırdı. Dövlət müstəqilliyi, uğurlu neft strategiyası, daxili sabitlik, cəbhədə tökülən qanların kəsilməsi... yazmaqla bitməyən böyük tikinti-quruculuq işləri onun illərlə qəlbində daşıdığı, sonra isə həyata keçirdiyi arzuları idi. Öz xalqını tanıyan, ona inanan Ulu Öndər bugünkü yüksəlişin möhkəm əsasını qoymaqla inanırdı ki, “Azərbaycan dünyaya bir günəş kimi doğacaq”.
Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib.
Ulu öndərimiz Azərbaycan gənclərinə xitabən deyirdi ki, sizin qarşınızda çox böyük vəzifələr durur,qarşınızda çox böyük yol var, yol hamar deyil, asfalt deyil, yol uzun yoldur, cürbəcür maneələrlə bağlı olan yoldur, o yolu hər biriniz keçməlisiniz. Bu yol müstəqil Azərbaycanın gələcəyi yoludur. Heydər Əliyev hər bir Azərbaycan gəncinin həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməli olduğunu daima vurğulayırdı.
Ulu öndərimiz qeyd edirdi ki, hər bir gəncimiz öz həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir. Ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Mərhum prezidentimiz gənclərin aparıcı qüvvə olduğunu vurğulayaraq qeyd edirdi ki, bu sizin vəzifənizdir və güman edirəm ki, hər bir Azərbaycan gənci cəmiyyətdə, vətəndə, ölkədə öz vəzifəsini layiqincə yerinə yetirməyə çalışmalıdır.
Biz Azərbaycan gəncləri olaraq Ulu Öndərimizdən bizə qalan bu vəzifəni yerinə yetirmək üçün əlimizdən gələni edirik və edəcəyik .Bele bir insan olduğunu bilmək,şanlı bayrağımız altında bizə başçılıq etdiyini bilmək milletimiz üçün fəxrdir.
Ümummilli lider dəfələrlə xatırladırdı: «İnsan üçün hər şeydən əvvəl onun vətənidir, torpağıdır. Bir çox əsrlər bu vətənin azadlığının, müstəqilliyinin arzusunda olmuşuq. İndi buna nail olmuşuq və bunu əziz tutmalıyıq».
Bu sözlər Azərbaycanın dövlətçilik tərəfinə yeni və unudulmaz bir səhifə yazan ölməz rəhbərin – Heydər Əliyevin nəsillərə ən müqəddəs tövsiyəsi kimi səslənir. Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və yaşayacaqdır.
Xankişiyeva Mirsəkinə