Logo

"Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsiplərinə əsaslanır"

19.06.2023 17:57 266 baxış
IMG

Azərbaycanla Pakistanın əlaqələrinin dərin tarixi kökləri var. Hər iki ölkənin xalqları bir-birinə qarşılıqlı hörməti bəsləyir. Hər iki xalqın eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir.

Bu əlaqələrin tarixi azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə birbaşa bağlıdır. XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi virus yayılmışdı. İnsanlar bu ağır xəstəlikdən kütləvi şəkildə dünyasını dəyişirdilər. Həmin vaxt Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampul peyvənd alıb Pakistana göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Pakistan xalqı bu gün də həmin yaxşılığı unutmur.

Qarşılıqlı əlaqələrin inkişafında son illər Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr də ciddi rol oynayır. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xəttilə Pakistanda bir sıra mühüm layihələr həyata keçirilib, zəlzələdən zərərçəkmiş məktəblər təmir edilib, tibb müəssisələri müvafiq avadanlıqlarla təchiz edilib.

Sadalanan faktlardan da göründüyü kimi, Azərbaycanla Pakistan hər zaman çətin günlərdə bir-birilərinin yanında olublar. Bu ənənə bu gün də uğurla davam etdirilir. Hər iki ölkə tərəfindən tez-tez qarşılıqlı səfərlər həyata keçirilir. Hə iki dövlət bir-birinə qarşı dəstəyini davamlı ifadə edir. Pakistan Azərbaycana görə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb. Artıq uzun illərdir hər iki qardaş ölkə hərbi və siyasi sahələrdə sıx əməkdaşlıq edir. Bu əlaqələr növbəti illərdə digər sahələrdə də sürətlə inkişaf edəcək.

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş düşünülmüş, uzaqgörən və müdrik strategiyaya əsaslanan xarici siyasət kursu möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirilir. Azərbaycanın son illər ərzində xarici siyasət strategiyasını uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Məhz bunun nəticəsidir ki, hazırda müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqeyi xeyli möhkəmlənmiş, əlaqələri genişlənmiş, ölkəmiz dünyada söz sahibinə çevrilmişdir.

Xüsusilə də, son dövrlər Azərbaycan ilə Cənub-Şərqi Asiyanın nəhəng 8 dövlətlərindən biri olan Pakistan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır.

Belə ki, ölkə liderlərinin yüksək səviyyəli səfərləri və görüşlər bu fəaliyyəti daha da möhkəmləndirir. Qeyd etmək lazımdır ki, Pakistan İslam Respublikası dünyada sülhməramlı hərbi missiyaları həyata keçirən bir ölkə kimi də tanınır. Pakistan İslam Respublikası Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Belə ki, Pakistan 12 dekabr 1991-ci ildə rəsmi olaraq Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanımışdır. Bu böyük Asiya dövləti 9 iyun 1992-ci il tarixində Azərbaycanla diplomatik əlaqələrin yaradılması haqqında qərar qəbul etmiş, 12 mart 1993-cü ildə Bakı şəhərində özünün səfirliyini açmışdır.

Dövlət müstəqilliyimizin ilk illərindən Ümummilli Lider Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev iki ölkə arasında olan münasibətləri dəyərləndirərək bu əlaqələri belə səciyyələndirirdi: “Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin üzərində qurulub”.

İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə rəsmi səfərə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə həm təkbətək, həm geniş tərkibdə və həmçinin iki dövlət rəhbərlərinin mətbuata bəyanatlarında əsas xətt dostluq, qardaşlıq üzərində qurlumuşdur.Görüş keçirilib görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tərəfdaşlıq, dostluq və qardaşlıq üzərində qurulan bu səfərini ölkələrimiz arasında münasibətləri gücləndirəcəyini vurğulayıb.

Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub". Bu sözləri Azərbaycan Prezidenti cənab İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.

Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir.

Dövlətimizin başçısı iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib ki, Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub: "Biz görürük ki, beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox. Biz hər ikimiz bunu yaxşı bilirik".

Azərbaycan Prezidenti onu da qeyd edib ki, ona görə də ərazi bütövlüyü, təhlükəsizlik və ölkənin firavanlığı, əlbəttə, ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır: "Bütün bu məsələlərdə bizim qarşılıqlı anlaşmamız var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olub".

Dövlətimizin başçısı Vətən müharibəsi dövründə dəstəyə görə Pakistanın Baş nazirinə təşəkkür edib: "Mən həm (Azərbaycan torpaqlarının) işğalı, həm də İkinci Qarabağ müharibəsi dövründə ölkəmizin ərazi bütövlüyünə, həmçinin ərazi bütövlüyümüzü bərpa etdikdən sonra ona verdikləri dəstəyə görə Pakistanın Baş nazirinə təşəkkürümü bildirdim".

Prezident cənab İlham Əliyev Kəşmir məsələsinə də toxunaraq bildirdi ki, Azərbaycan Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyib və bu dəstək davam edəcək. Bu dəstəyin bütün beynəlxalq təşkilatlarda davam etdirildiyini söyləyən dövlətimizin başçısı vurğulayıb ki, qarşılıqlı dəstək xalqlarımızı daha da yaxınlaşdırır.

Beləliklə, Azərbaycan ilə Pakistanın hər zaman birgə addımlaması, iki dost dövlət arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi ölkələrimizin inkişafına, xalqlarımızın rifahına böyük töhfələr verəcək, eləcə də regionda və dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcək.

Rüfanə Həşimova
Ucar şəhər 4 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi

Xəbər lenti