Logo

"Xarici dairələrin ölkəmizdə apardıqları dini təbliğatın məqsədi Azərbaycanı zəiflətmək, parçalamaqdır"

20.06.2023 17:24 317 baxış
IMG

"Zaman-zaman Azərbaycanın yüksəlişini gözü götürməyən kənar qüvvələr qlobal və regional hegemon dövlətlərin maraqlarına xidmət edən radikal və ekstremist ideologiyaları, qatı məzhəbçiliyi, yad mədəniyyətləri din adı altında ölkəmizdə yaymağa cəhd ediblər".

Tehsil.biz xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədrinin müavini Sahib Nağıyev bildirib.

Sədr müavini qeyd edib ki, onlar müəyyən dırnaqarası uğurlara nail olmaqla yanaşı, daha da irəli gedərək, İslam dinini siyasi alətə çevirməkdən də çəkinməyiblər.

Xarici dairələrin ölkəmizdə apardıqları dini təbliğatda əsas məqsədin Azərbaycanı zəiflətmək, parçalamaq, ən azından təsir altına salmaq olduğunu dilə gətirən sədr müavini, bütün bu kimi hallarla mübarizədə Azərbaycan xalqının iradəsi və bu iradənin təcəssümü olan Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinə diqqəti çəkib.

"Ümummilli Liderin 1993-cü ilin iyulunda xalqın tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində dövlət-din münasibətlərində yeni mərhələ başlayıb, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, inzibati idarəetmə mexanizmlərinin formalaşdırılması, milli-ənənəvi dəyərlərin qorunaraq sonrakı nəsilə ötürülməsi istiqamətində mühüm addımlar atılıb", - S.Nağıyev vurğulayıb.

Mərcanə Əsədova

Xəbər lenti