Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gənclərdə depressiyanın yaranması səbəbləri və aradan qaldırılması yolları” adlı elmi-praktik seminar keçirilib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.
Seminarın məruzəçisi - BDU-nun Psixologiya kafedrasının baş müəllimi, doktorantı, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova qeyd edib ki, depressiya insanın mənfi əhval-ruhiyyədə olması, həyəcan, halsızlıq, yuxusuzluq, psixomotor ləngimə, narahatlıq, həmçinin müxtəlif somatik simptom və şikayətlərlə müşayiət olunan, təkrar yaşanma ehtimalı olan, insanı həyatdan zövq almaqdan məhrum edən, özünəqəsd və s. halların yaşandığı psixi pozuntudur. Yüngül, orta və ağır variantlarda təsadüf edilən pozuntu zamanı xəstələr əsas etibarilə əhval-ruhiyyənin davamlı aşağı enməsi, maraq və zövqün yoxluğu, enerjilərinin olduqca zəifləməsindən şikayət edirlər. Ümumi yorğunluğun və fəallığın xeyli enməsi xəstənin az hərəkətli və ya hərəkətsiz vəziyyətdə qalmasına səbəb olur. Bu vəziyyət özünüqiymətləndirmənin aşağı düşməsi, həyatın mənasını itirməklə müşayiət olunur.
Psixi və Davranış Pozuntularının Beynəlxalq Təsnifatına (XBT-10) uyğun şəkildə depressiv pozuntu diaqnozunun qoyulması üçün əlamətlər 2 həftədən az olmayaraq müşahidə edilməlidir.
Seminarda depressiyanın genetik, bioloji, psixososial, sosial, psixoloji və s. aspektləri təhlil olunub. Eyni zamanda gənclərdə depressiyanı aradan qaldırmaq üçün istifadə olunan psixoterapiya metodları müzakirə edilib. Həmçinin Hamilton və Bek testlərindən istifadə edilərək tələbələrdə depressiyanın praktik təyini aparılıb.