Logo

“İT – Akademiya”da növbəti məzun günü keçirilib - FOTO

22.06.2023 22:02 307 baxış
IMG

““İT – Akademiya”nın fəaliyyəti ölkənin informasiya texnologiyaları bazarının inkişafına töhfədir. İnnovasiya və yeni texnologiyaların geniş tətbiqi təhsil sisteminin təkmilləşdirilməsinə zəmin yaradır. Bu tipli layihələr ortayaşlı insanların əmək bazarında rəqabətədavamlı olması və öz peşəsini dəyişmək istiqamətində geniş imkanlar qazanması baxımından böyük rola malikdir”.

Tehsil.biz xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev iyunun 22-də “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin nəzdində  fəaliyyət göstərən “İT – Akademiya”da təhsil almış tələbələrin “İkinci dalğa” adlı məzun gününda çıxışı zamanı bildirib.

Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, “Alqoritmika”nın baş direktoru Andrey Lobanov, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, layihə müddətində “İT – Akademiya” ilə əməkdaşlıq edən bir sıra dövlət qurumları və şirkətlərin nümayəndələri iştirak ediblər.

Tədbirdə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, rəqəmsal biliklərin artırılması iqtisadiyyatın daha sürətli inkişafına münbit şərait yaradır. Qlobal iqtisadiyyatda cərəyan edən trendləri izləyən Azərbaycan da cəmiyyətin yüksək rəqəmsal bacarıqlara sahib olmasını və innovativ iqtisadiyyatın formalaşdırılmasını hədəfləyir. “İT – Akademiya”nın müasir əmək bazarının tələblərinə cavab verən insan resurslarının formalaşdırılmasına dəstək verdiyini bildirən nazirin birinci müavini bunun məzunların karyerasına, eləcə də ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə olacağını qeyd edib.

“Alqoritmika”nın baş direktoru Andrey Lobanov öz növbəsində müasir inkişaf tələbləri fonunda İT sahəsinin əhəmiyyəti barədə fikirlərini bildirib, rəhbəri olduğu qurum tərəfindən tətbiq olunan tədris metodları barədə məlumat verib. 

Daha sonra Elm və Təhsil,  İqtisadiyyat nazirliklərinin birgə dəstəyi ilə yaradılan “İT – Akademiya”nın fəaliyyəti və tədris prosesi barədə təqdimat nümayiş olunub. 

Sonda “İT – Akademiya”da tədris müddətində uğurlu nəticə göstərən 11 məzun sertifikatla təltif olunub.

Xəbər lenti