AMEA və Fransanın Monpelye Universitetinin (MU) 2019-2022-ci tədris illəri üzrə birgə təşkil etdiyi ikili doktorantura proqramının qalibi olan və təhsilini hazırda MU-da davam etdirən akademiyanın Biofizika İnstitutunun (Bİ) İnteqrativ biologiya laboratoriyasının kiçik elmi işçisi Zərifə Osmanlı və digər azərbaycanlı tələbələr ordumuza dəstəklə bağlı Bİ-nin rəhbərliyinə məktub ünvanlayıblar.
Onlar “Vətəndən uzaq olsaq da, vətənləyik”, - deyərək Azərbaycan Ordusunun cəbhədəki uğurlarına hədsiz sevindiklərini, özlərinin də ölkəmizi xaricdə uğurla təmsil etmək əzmində olduqlarını bildiriblər.
“Baxmayaraq ki, müharibənin başlanması ilə eyni zamanda Fransa mətbuatında dezinformasiya xarakterli, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qərəzli və ermənipərəst mövqe tutan təxribat xarakterli məlumatlar yayılır, əhalidə reallığa uyğun olmayan təsəvvürlər yaranır, mən və digər azərbaycanlı tələbələr ölkəmizi xaricdə layiqincə təmsil etməyə çalışırıq. Məsələ ilə bağlı verilən normal və kinayəli sualları mədəni şəkildə və faktlarla cavablandırırıq, ruhdan düşmürük, özümüzü tək hiss etmirik. Yaşadığımız ərazidə ermənilərin çoxluğu və kütlənin də onları dəstəkləməyi bizi qorxutmur. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Tezliklə haqq öz yerini tapacaq və biz zəfər çalacağıq!”, - deyə Zərifə Osmanlı vurğulayıb.