Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən dərzi peşə ixtisası üzrə fəaliyyət göstərən, lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.
Agentlikdən "Tehsil.biz"ə verilən məlumata görə, qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması mərhələli şəkildə həyata keçirilir. Belə ki, Agentliyin nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirilmə aparılacaq və ilkin mərhələdə yüksək nəticə göstərmiş ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə dərzi peşə ixtisası üzrə sertifikatlar təqdim olunacaq, onların məşğulluq imkanlarına dəstək göstəriləcəkdir.
Qeyd edək ki, peşə ixtisasları üzrə qeydiyyat davam edir. Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.