Logo

İnformasiya Texnologiyaları İnstitutunda tələbələr üçün təşkil olunan kurslar başa çatıb

25.06.2023 22:49 263 baxış
IMG

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutu və Bakı Biznes Universiteti arasında ötən ilin sentyabr ayında bağlanmış müqaviləyə əsasən, universitetin “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan III kurs tələbələrinə institutun Tədris-İnnovasiya Mərkəzində (TİM) bu qurumun mütəxəssisləri tərəfindən proqramlaşdırma dilləri, kompüter qrafikası, veb sistemləri və texnologiyaları kimi fənlər tədris olunmuş, sonda tədris olunan fənlər üzrə tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsi və sertifikatlaşdırılması nəzərdə tutulmuşdu.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, cari ilin yaz sessiyasında TİM-də tələbələr üçün “Kompüter qrafikası” və “C# (sharp) proqramlaşdırma dili” fənləri üzrə kurslar təşkil olunmuşdur. “Kompüter qrafikası” fənni çərçivəsində tələbələr tədris prosesində “PhotoShop” və “Corel Draw” proqramlarından istifadə etməklə kompüterdə rəqəmsal təsvirlər yaratmağı və redaktə etməyi öyrəniblər. Onlar rastr və vektor təsvirlərin yaradılması və redaktəsi, çap məhsulları (bukletlərin, vizit kartların hazırlanması və s.) üçün dizayn layihələrin hazırlanması və s. kimi kompetensiyalara yiyələniblər.

“C# (sharp) proqramlaşdırma dili” fənni çərçivəsində isə tələbələr dilin sintaksisi, alqoritmlər və verilənlərin strukturu ilə tanış olublar. Onlara verilənlər bazaları ilə C# proqramlaşdırma dili arasında əlaqələrin qurulması, ASP.NET texnologiyasının tətbiq edilməsi, MVC texnologiyasından istifadə etməklə veb-proqramların qurulması, servis proqram təminatlarının yaradılması və s. kimi mövzular tədris olunub. Qeyd edək ki, C# proqramlaşdırma dili video oyunlar, biznes, funksional və veb-layihələr, “Windows”, “Mac OS” əməliyyat sistemləri, iOS və Android mobil tətbiqləri üçün proqram yaratmaq imkanına malikdir.

Tədris prosesi başa çatdıqdan sonra, 12 və 21 iyun tarixlərində TİM-də Bakı Biznes Universitetinin “İnformasiya texnologiyaları” ixtisası üzrə təhsil alan III kurs tələbələri qeyd olunan iki fəndən imtahan veriblər. İmtahanlarda institutun aparıcı mütəxəssislərindən ibarət imtahan komissiyaları tərəfindən tələbələrin “Kompüter qrafikası” və “C# (sharp) proqramlaşdırma dili” fənləri üzrə bilik və bacarıqları qiymətləndirilib.

Tələbələrin bilik və bacarıqlarını qiymətləndirən komissiyanın üzvləri TİM-in rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova, baş elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova, baş mütəxəssis Rəna Gözəlova və fənn müəllimləri şöbə müdiri Anar Səmidov və baş mütəxəssis Raqif İsmayılov olmuşdur. Hər iki imtahanda, həmçinin Bakı Biznes Universitetinin tədris hissə müdiri Səbuhi Həsənov da iştirak edib.

Kursu müvəffəqiyyətlə bitirən tələbələr fənlər üzrə sertifikat əldə edəcəklər.

Xəbər lenti