Logo

ADMİU-da yaradıcılıq və süni intellekt məsələləri müzakirə olunub - FOTO

26.06.2023 20:27 270 baxış
IMG

AMEA-nın vitse-prezidenti, AR Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyinin dəvəti ilə bu ali təhsil müəssisəsinin Elmi Şurasının üzvləri ilə görüş keçirib.

Tehsil.biz xəbər verir ki, görüşdə əvvəlcə ADMİU-nun rektoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor Ceyran Mahmudova çıxış edərək, akademik Rasim Əliquliyevi universitetin Elmi Şurası adından salamlayıb, alimlərlə son dərəcə aktual mövzuda – süni intellektin müasir vəziyyəti, inkişaf perspektivləri, o cümlədən yaradıcılıq proseslərinə tətbiqi və təsiri ilə bağlı fikirlərini bölüşmək, diskussiya aparmaq üçün dəvəti qəbul etdiyinə görə minnətdarlığını bildirib.

Rektor qeyd edib ki, universitetin Elmi Şurasının üzvləri sırasında incəsənətin müxtəlif sahələrində çalışan, eyni zamanda, elmi-pedaqoji fəaliyyətlə məşğul olan görkəmli elm, mədəniyyət və incəsənət xadimləri yer alırlar. Bu görüşdə incəsənətin müxtəlif sahələrinin özünəməxsus xüsusiyyətlərinə uyğun olaraq tətbiq edilən süni intellekt texnologiyaları ilə bağlı müzakirələrin aparılması hər bir alimin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Sonra çıxış edən akademik Rasim Əliquliyev, ilk növbədə, 2022-ci ildə “OpenAI” (Open Artificial Intelligence) şirkəti tərəfindən hazırlanaraq istifadəyə verilən, imkanlarına və funksiyalarına görə bütün dünyada rezonans doğuran, müxtəlif səviyyələrdəgeniş müzakirələrə səbəb olan “ChatGPT” adlı süni intellekt əsaslı proqram məhsulu barədə ətraflı məlumat verib. Bildirib ki, dialoq rejimində işləyən və təbii dil sorğularını dəstəkləyən “ChatGPT” mətnlər yaratmaq, məqalə və digər əsərlər yazmaq, tərcümə etmək, istənilən mövzu ilə bağlı sualları cavablandırmaq, proqram kodu yazmaq, eləcə də, nitqi dəyişdirmək, sintetik təsvirlər yaratmaq və s. kimi geniş imkanlara malik olması ilə bütün dünyanın marağına səbəb olub.

Alimin sözlərinə görə, hər gün daha da “ağıllanan” “ChatGPT”nin artıq yaradıcı insanlar üçün ciddi problemlərə yol açacağı və gələcəkdə həmin sistem qarşısında aciz olacağına dair mülahizələr gündəmə gəlir, bu da təbii olaraq cəmiyyətdə müəyyən narahatlıqlar yaradır. Son günlər artıq Avropa Birliyi və müvafiq dövlət qurumları “OpenAI” şirkətinin rəhbər şəxsləri ilə müəlliflik hüququnun qorunması, müəllifin qanun qarşısında məsuliyyəti, yaradılan yeni intellektual texnologiyalardan kənar şəxslərin neqativ məqsədlər üçün istifadəsinə yol verilməməsi ilə bağlı müzakirələr aparırlar.

Akademik bütün bu intellektual texnologiyaların, süni intellektin, eyni zamanda, bədniyyətli təşkilatların əlində çox güclü silaha çevrildiyini, bu baxımdan müvafiq normativ-hüquqi bazanın formalaşdırılması və təkmilləşdirilməsinin son dərəcə vacib olduğunu diqqətə çatdırıb.

Alim qeyd edib ki, bu gün cəmiyyət həmin innovativ, geniş transformativ potensiala malik texnologiyaların təsiri ilə yeni sosio-texnoloji inkişaf mərhələsinə keçid ərəfəsindədir. Bu səbəbdən son zamanlar V və VI sənaye inqilablarının çox da uzaqda olmadığından bəhs edilir. Artıq insanın bioloji, intellektual imkanları ilə süni intellektin imkanları müqayisəolunmaz həddə gəlib çatıb. Süni intellektin yaddaş və hesablama gücü, əməliyyat aparma sürəti, zaman və məkandan asılı olmayaraq fəaliyyət göstərməsi və s. kimi geniş imkanları, superintellektin yaranması perspektivləri onun gələcəkdə insanı üstələyə bilməsi ehtimalı ilə bağlı fikirlərin irəli sürülməsinə əsas verir, texnologiyaların cəmiyyətin aparıcı qüvvəsinə çevriləcəyi proqnozlaşdırılır.

Görüşdə Muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanov, Əməkdar İncəsənət Xadimi, ADMİU-nun dosenti Ayaz Salayev, Teatrşünaslıq kafedrasının müdiri, professor Aydın Talıbzadə, Dizayn və dekorativ tətbiqi sənət kafedrasının müdiri, Xalq rəssamı Arif Əziz, Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiri, professor Kamilə Dadaşzadə, Dizayn və dekorativ tətbiqi sənət kafedrasının baş müəllimi Mir Azər Abdullayev, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə təqdim edilən mövzuya öz münasibətlərini bildirərək, akademik Rasim Əliquliyevlə onları maraqlandıran və narahat edən məqamlarla bağlı fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı İnformasiya Texnologiyaları İnstitutu ilə ADMİU arasında mədəniyyət, incəsənət və süni intellekt məsələlərinə həsr olunmuş birgə tədqiqatların aparılması, elmi konfrans və seminarların keçirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Görüşün sonunda akademik Rasim Əliquliyev universitet rəhbərliyinin Azərbaycan dövlətinin siyasətinə, qlobal texnoloji reallıqlara, IV Sənaye İnqilabının çağırışlarına uyğun olaraq, süni intellekt məsələlərinə həssaslıqla yanaşmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Xəbər lenti