Təqribən iki il yarım əvvəl 30 il erməni işğalı altında olan torpaqların azad edilməsində Xüsusi Təyinatlı Qüvvələr qəhrəmanlıq göstərmişdilər.
Bu gün həm xüsusi təyinatların sayı artırılır, həm də yeni komando qoşun növü yaradılmaqla ordumuz daha da gücləndirilir.
Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ərəfəsində Müdafiə Nazirliyinin komando hərbi hissəsinə döyüş bayrağının təqdim olunması mərasimində iştirak etdi. Komandolar qarşısında çıxış edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, torpaqlarımızı işğaldan azad etsək də, dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə hələ də yeni təhdidlər mövcuddur. Eyni zamanda, Ermənistanda revanşist qüvvələr baş qaldırırlar. Bu da bizdən ordumuzu daha da gücləndirməyi tələb edir. Ölkəmizin iqtisadi imkanları artdıqca ordumuza ayrılan vəsait də çoxalır. Dövlətimizin başçısının dediyi kimi, bu gün ordumuz 44 günlük Vətən müharibəsindəkindən daha güclüdür.
Güclü ordu ərazi bütövlüyümüzün və dövlət təhlükəsizliyinin qarantıdır. Azərbaycan ordusunu gücləndirməklə yanaşı, sülh müqaviləsinin imzalanması və regionda sabitliyin yaranmasını da dəstəkləyir. Prezident İlham Əliyev komandolar qarşısında etdiyi çıxışında sülh müqaviləsinin imzalanması üçün Ermənistanın icra etməli olduğu üç əsas şərti bir daha açıq şəkildə səsləndirdi. İstənilən halda, ordumuzu gücləndiririk və lazımi anda Ali Baş Komandanın Silahlı Qüvvələrimizin qarşısında qoyduğu hər bir hərbi tapşırıq yüksək səviyyədə icra ediləcək.
Müharibə yekunlaşdığı müddətdən indiyədək Ermənistan təxribatlarına ara vermir. Paralel olaraq isə Azərbaycan Ordusu Ermənistanın təxribatlarına layiqli şəkildə cavabı verməklə yanaşı, sülhə məcburetmə tədbirləri də icra edir. Ermənistan “Dəmir yumruğ”un gücünü daim hiss etməlidir. Çünki Ermənistanın hələ ki, anladığı təkcə bir dil var, o da güc tətbiqidir. Onlar indiyə qədər heç bir məsələdə xoşluqla normal davranış sərgiləməyiblər.
Bu gün sərhədlərimiz ordumuz tərəfindən göz bəbəyi kimi qorunur. Müharibənin başa çatdığı 3 ilə yaxın müddətdə ermənilərə havadarlıq edən xarici siyasətçilər Xankəndiyə gizli, qanunsuz gəlirdilərsə, bu gün onların qarşısı kəsilib. Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi yaratmaqla öz sərhədlərinə nəzarəti tamamilə bərpa edib. Ölkəmizin mövqeyi hər zaman olduğu kimi, yenə də beynəlxalq hüquqa və ədalətə söykənir. Bu səbəbdən heç nədən çəkinməyərək öz işimizi görürük. Heç bir qüvvə iradəmizi qıra bilməz, lazımi yerdə layiqli cavabımızı veririk. Ona görə də ordumuz daha da güclənməli və uyğun zamanda sözünü deməlidir. Tarix sübut edib ki, beynəlxalq platformalarda diplomatik yollarla həll olunmayan məsələlər hərbi və siyasi yollarla həllini tapır. Ölkəmizin qarşısında dayanan əsas vəzifə ordunu daha da gücləndirmək, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarını yenidən qurub-bərpa edərək keçmiş məcburi köçkünləri öz ata-baba yurdlarına qaytarmaqdır. Azərbaycan bu vəzifənin öhdəsindən layiqli şəkildə gəlir və bundan sonra da quruculuq işlərini böyük qürurla davam etdirəcək.
Dövlətimizin başçısının Ermənistana və onun havadarlarına ünvanladığı mesajlar regionun gündəliyinin müəyyənləşdirilməsi baxımdan çox əhəmiyyətlidir və öz ünvanlarına çatıb.
Türkan Abdullayeva