Logo

"Silahlı qüvvələrin modernləşdirilməsi Prezidentin dövlət siyasətinin strateji isiqamətlərindəndir"

27.06.2023 16:29 355 baxış
IMG

Ordu bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyidir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Azərbaycan Ordusunun yaradılması dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir.

Bildiyimiz kimi 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü — Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi kimi qeyd edilən rəsmi bayramımızdır.İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edilmiş, lakin, Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.Odur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. Tarixə nəzər salsaq görərik ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən "azad" edilməsi bu xalqların hərbi işləri yadırğamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.

AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir.

Tarixi varislik ənənəsinə uyğun olaraq da Ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 İyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Ordu quruculuğu siyasətinin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi.

Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci və İkinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Bu isə Ulu öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.

Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Eyni zamanda, Ulu Öndərin rəhbərliyi ilə hərbi təhsil sisteminin inkişaf etdirilməsi üçün ciddi işlər görülürdü. Belə ki, Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il fevralın 20-də Hərbi Akademiyanın yaradılması haqqında Fərman imzalamışdır. Akademiyanın təsis olunması hərb sahəsində milli kadr ehtiyatının formalaşması prosesinin keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsi sayıla bilər. Ordu quruculuğu sahəsində həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan Ordusu modern orduya çevrildi.

Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla, müasir dövrün tələbləri çərçivəsində həyata keçirən Prezident cənab İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib.

Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Buna müvafiq olaraq büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin imkanları da genişlənir. Məhz həyata keçirilən düzgün strategiya nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır.

Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biri olduğunu 44 günlük Vətən müharibəsində əyani olaraq sübut etdi. Nəhayət, ll Qarabağ müharibəsi ilə rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçmişlər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad edilmişdir.Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbənin şahidi oldu. Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər, Ağdam, Laçın və ümumilikdə 300-dən çox yaşayış məntəqəsi azad edildi.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə noyabrın 8-də Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynamış, bununla da, Ermənistan öz məğlubiyyətini etiraf etmişdir.

2020-ci il noyabrın 10-da imzalanan Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin bəyanatı ilə müharibə Azərbaycanın qələbəsi ilə nəticələnmişdir. Düşmənin kapitulyasiyası ordumuzun gücü hesabına əldə olunmuş nəticədir. Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla da tarixi ədaləti bərpa etdi və düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Əldə olunan böyük Qələbə ilə Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.

İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.Azərbaycan Ordusunun gücünü artıran amillərdən biri də xalq-Ali Baş Komandan-ordu birliyidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. “Dəmir yumruq” qələbəmizin rəmzinə çevrildi. Mövcud birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir.

Bu gün də Azərbaycanda Silahlı Qüvvələrinin quruculuğu prosesi uğurla davam etdirilir və ordumuz sabit olaraq öz inkişaf və təkmilləşmə dövrünü yaşayır.

Malik Mustafayev
Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbin direktoru

Xəbər lenti