Logo

Müəllimlərin sertifikasiyası nədir?

27.06.2023 17:20 4649 baxış
IMG

Bir çoxlarımız hələ də "sertifikasiya nədir?" sualı ilə qarşılaşdıqda nə cavab verəcəyimizi bilmirik.

Sertifikasiya latın sözü olub (certum - düzdür və fasere - eləməkdir).

Sertifikasiya - 1. mal. Dövlətin maliyyə istiqraz iltizamnaməsi. 2. Bəzi dövlət istiqrazları biletinin adı.
Xarici ticarətdə: göndərilən malların sortu (cinsi), çeşidi, qiyməti və s. haqqında sənəd.
Hər hansı bir şey haqqında vəsiqə, şəhadətnamə deməkdir.

Hal-hazırda sosial mediyada gündəmə çevirilən mövzu müəllimlərin sertifikatlaşdırılması prosesidir.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin məqsədi ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması ilə aparılır.

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi iki mərhələdən - test və müsahibə mərhələlərindən ibarətdir.

Əsas bilməli olduğumuz və mübahisələrə səbəb olan məqam budur ki, hansı təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər:

1. hamilə qadınlar; 

2. uşağının 3 (üç) yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

3. ilk dəfə işə qəbul olunanlar, 5 (beş) il müddətində;

4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə çatmamış təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı nəzərdə tutulur.

Sertifikatlaşdırmanın Test mərhələsində imtahan iştirakçılarına 60 (altmış) sual təqdim olunur. Sertifikatlaşdırmanın test mərhələsi iştirakçılarına 120 (yüz iyirmi) dəqiqə vaxt ayrılır. Test mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur

Səhv cavablandırılmış suallar düzgün cavablara təsir göstərmir. Test mərhələsində I dərəcə gözdən əlilliyi olan təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 (altmış) dəqiqə artırılır. Sertifikatlaşdırmanın test mərhələsində təhsilverənlərə tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına (fənnin tədrisi metodikası sahəsində yeniliklər, pedaqoji prosesin təşkili prinsipləri, təlim fəaliyyətinin planlaşdırılması, təlimin təşkilinə verilən tələblər, bilik və bacarıqların qiymətləndirilməsi metodları, qiymətləndirmənin növləri və məqsədləri) və təlim strategiyalarına (müasir təlim metodları və üsulları, fəal, interaktiv təlim texnologiyaları, interaktiv dərsin mərhələləri və ona verilən tələblər, kurikulumun mahiyyəti və məzmunu, innovativ pedaqoji fəaliyyətin xüsusiyyətləri) aid suallar təqdim edilir. Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində isə hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır.

Müsahibədə iştirak edən şəxslər aşağıdakı meyarlar əsasında qiymətləndirilirlər:

1. proqram üzrə mövzunu təqdimetmə bacarığı;

2. təhsilalanları qiymətləndirmə bacarığı;

3. özünü təqdimetmə bacarığı;

4. pedaqoji prosesi təşkiletmə bacarığı;

5. ünsiyyət bacarığı.

Sertifikatlaşdırmanın müsahibə mərhələsində azı 20 (iyirmi) bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. Hər bir meyar 4 (dörd) ballıq şkala əsasında qiymətləndirilməklə maksimum bal 40 (qırx) bal olaraq müəyyənləşdirilmişdir.

Sertifikatlaşdırmanın test mərhələsində azı 30 (otuz) bal toplamış, müsahibə mərhələsində isə azı 20 (iyirmi) bal toplamış təhsilverənlər sertifikatlaşdırmadan keçmiş hesab olunur. Sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin gələcək karyera inkişafında və stimullaşdırılma tədbirlərində nəzərə alınacaq. Sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malik olacaqlar.

Üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Əli Ələkbərov

Xəbər lenti