Bir müddət əvvəl sosial şəbəkələrin Azərbaycan seqmentinin qəhrəmanına çevrilən Xınalıqdan olan məktəbli İbrahim Zeynalov İngiltərəyə yollanır.
Tehsil.biz AzərTAC-a istinadən xəbər verir ki, polşalı blogerlə ingilis dilində danışaraq qədim Xınalıq kəndi haqqında ətraflı məlumat verməsi ilə məşhurlaşan İbrahim Londonda 15 günlük yay məktəbində iştirak edəcək. Balaca istedad Birləşmiş Krallığa iyul ayının 6-da yola düşəcək. İbrahim Zeynalovun yay məktəbində iştirakı Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD Azərbaycan) tərəfindən təşkil olunub.
İbrahim Zeynalov Rüfət Kəlbiyev adına Quba rayon Xınalıq kənd internat tam orta məktəbinin VII sinifində təhsil alır. Onun atası Bəhmən Zeynalov 11 ildir Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq" Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğunda ekskursiyaçı-bələdçi vəzifəsində çalışır. Zeynalovlar ailəsi 5 nəfərdən ibarətdir. İbrahimin özündən kiçik bir bacısı və bir qardaşı var.
“İbrahim gələn həftə bir qrup azərbaycanlı məktəbli ilə birlikdə İngiltərəyə yola düşür. Yay məktəbində iştirak edəcək. İnanıram ki, bu səfər onun dünyagörüşünün artmasına, ingilis dilində daha səlis danışmasına kömək olacaq”,- deyə İbrahimin atası Bəhmən Zeynalov söyləyib.
Xınalıq kəndi Qubaya gələn turistlərin ən çox səfər etdiyi məkanlardandır. Dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir.