Logo

Sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətimizin gələcəyi – uşaqlar

30.06.2023 12:59 602 baxış
IMG

«Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.» (AR “Uşaq hüquqları” haqqında qanun, maddə 8) – deyən müasir dövlət siyasəti, gələcəyimiz olan uşaqlarımızın, dünyaya günəş kimi doğacaq olan Azərbaycanımızın parlaq ulduzlarına çevrilməsinə xidmət edir...

Hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti olan uşaqlar, sivil cəmiyyətin gələcək inkişafının sosial bazasını təşkil edir. Müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin fikirlərinə istinad etsək, uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır. 

Cəmiyyətdə balaca dövlət kimi dəyərləndirilən ailə modelləri fərqli olsalar da, ümumi tələb uşaqların sağlam fərd, Vətəninə, xalqına bağlı bir vətəndaş kimi yetişməsidir.  Möhkəm təməl üzərində qurulan çoxmərtəbəli binanın mərtəbələrini artırmaq nə qədər asandırsa, bünövrəsi düzgün qurulan ailənin hüquq və tərbiyə mexanizmləri də təkmil olmaqla yanaşı, o ailədə dünyaya göz açan övladların real həyatda özünü təsdiq etməsi də diqqət çəkəcək. Böyük mərhələləri özündə ehtiva edən bu məqsədə nail olmaq təbii ki,  ciddi addımlar, böyük fədakarlıqlar, səy,  ən əsası diqqət və qayğı tələb edir. Səbəb isə çox sadədir - uşaqlar böyüdükcə  bağça, məktəb həyatı onların zaman-zaman  bir şəxsiyyət kimi formalaşmalarında əhəmiyyətli rol oynayır və öz kimliklərini tanımağa, həmçinin tanıtmağa imkan yaradır. Bu həyatda ilk dəfə dil açarkən ana və Vətən sözlərini böyük həvəslə dilə gətirən gələcəyimizin parlaq simaları artıq kiçik yaşlarından bu sevgilərini balaca barmaqları arasında  rəngli qələmlərlə çəkilən rəsmlərdə, öyrəndikləri  şeirlərdə, oxuduqları  nəğmələrdə ifadə edirlər. Və bu digər, məktəb, ali məktəb pillələrində daha artıq şəkildə, işıqlı gələcəyə addımlamaqda,  dövlətinə, xalqına, Vətəninə, torpağına bağlılıqda özünü biruzə verir.  Bir sözlə,  ailənin, xalqın, dövlətin ən qiymətli sərvəti olan uşaqları fiziki və mənəvi cəhətdən  sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad  kimi böyütmək  çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bugünün uşaqlarına əmanət ediriksə, onların  düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara  hər zaman diqqət və qayğı  göstərilməli, onların  düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilməlidir və bugünkü müasir dövlət siyasəti ilə bu edilir.

Son 20 ildə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın  gördükləri işlərin, atdıqları addımların, imzalanan Fərman və sərəncamların, təsdiqlənən Dövlət proqramlarının xronologiyasına diqqət  yetirmək kifayətdir ki, uşaq hüquqlarının müdafiəsinin prioritet bir istiqamət olaraq müəyyən edilməsi nümayiş etdirilsin. 

Günümüzdə dövlət uşaq siyasəti və uşaq hüquqlarının müdafiəsi 17 illik nümunəvi fəaliyyətə sahib olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən reallaşdırılır. Dövlət Komitəsi ötən dövr ərzində  uşaqlarda liderlik keyfiyyətlərinin formalaşması, öz hüquqları ilə bağlı qərarların qəbul edilməsində iştirakını təmin etmək, problemləri ilə bağlı təşəbbüslərlə çıxış etmək imkanı yaratmaq məqsədilə uşaqların iştirakı ilə mütəmadi olaraq  müxtəlif tədbirlər həyata keçirir. 

Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2009-cu il ölkəmizdə «Uşaq ili» elan etməsi və bu ildən başlanğıc götürərək hər üç ildən bir Dövlət Komitəsi tərəfindən Ümumrespublika Uşaq Forumlarının təşkili, uşaqların öz hüquqlarının öyrənilməsi prosesində yaxından iştirakının təmininə əyani sübutdur. Həmçinin məhz uşaqlardan ibarət elə həmyaşıdlarının iştirakı ilə uşaq hüquqlarının qorunmasına xidmət edən “Uşaq Səfirlər Məclisinin” yaradılmasıda ilklər sırasına daxildir.

Uşaq hüquqlarının təmin edilməsinə göstərilən daha bir addım dövlətimizin başçısı İlham Əliyevin 2 iyun 2020-ci il tarixli  Sərəncamı ilə təsdiqlənən «Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası» da bu diqqət və qayğının tərkib hissəsidir. Sənəddə də bu məqam öz əksini tapıb ki, Azərbaycan müstəqilliyinin ilk illərində BMT-nin «Uşaq hüquqları haqqında Konvensiyası»na qoşularaq, uşaqlarla bağlı qanunvericiliyi beynəlxalq normalara uyğun təkmilləşdirmişdir. Bununla yanaşı, BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”ndə əks olunan və 2016-cı ildən qüvvəyə minmiş Dayanıqlı İnkişaf Məqsədləri uşaqların rifahının yüksəlməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsini zəruri edir. “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” ölkəmizdə  uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə, uşaqları müdafiənin işlək mexanizminin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyi göstərilməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, uşaqların sağlam mühitdə böyüməsi və tərbiyəsi, uşaqlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri və bütövlükdə Azərbaycanda uşaq siyasətinin əsas hədəflərini müəyyən edir. Statistikaya diqqət yetirsək, görərik ki,  2020-ci ilin əvvəlində Azərbaycan əhalisinin 26,2 faizini, yəni 2636,8 min nəfərini uşaqlar təşkil etmişdir.  Təsdiqlənən Strategiyanın əsas məqsədi də Azərbaycanda  uşaqların müdafiə sistemini Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan, ölkə ərazisində bütün uşaqlar üçün bərabər imkanlar yaratmaqdan, onların maraqlarını qorumaqdan, dövlət qayğısına ehtiyacı olan uşaqların hüquqlarını daha səmərəli müdafiə etməkdən və onlar üçün müasir tələblərə uyğun sosial dəstək xidmətlərini təmin etməkdən ibarətdir. Prioritet istiqamətlərə gəldikdə isə əsas diqqət göstərilən məsələlərdən biri  uşaq hüquqlarının müdafiəsi, onların problemlərinin həlli sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və bu istiqamətdə mütəxəssislərin hazırlanması, uşaqların təhsilə çıxışında bərabərliyin təmin edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi, çətin şəraitdə yaşayan uşaqların aşkarlanması və onlar barəsində təxirəsalınmaz sosial müdafiə tədbirlərinin həyata keçirilməsi üçün işlək mexanizmin yaradılması, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, aztəminatlı ailələrdən olan yeniyetmələrin təhsil imkanlarının dəstəklənməsi üçün təqaüd proqramlarının təsis edilməsi məqsədilə dövlət və qeyri-dövlət sektorunun əməkdaşlığının təşviqi və sairdir. Strategiyanın həyata keçirilməsi 2020–2025-ci və 2026–2030-cu illəri əhatə edən iki Fəaliyyət Planının reallaşması ilə təmin edilir. Qeyd olunan dövr ərzində sənədin icrasından gözləntilər uşaq hüquqlarının müdafiəsi ilə bağlı çevik institusional mexanizmin formalaşdırılması, uşaqların istedadlarının və bacarıqlarının inkişaf etdirilməsi, onların milli-mənəvi ruhda tərbiyə edilməsi istiqamətində tədbirlərin səmərəliliyinin artırılmasıdır.

Mən varam, mənim hüquqlarım var!

Bütün bunların xülasəsi olaraq qeyd etmək lazımdır ki, Uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Çalışmalıyıq ki, onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlaya bilək. Biz elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüsünlər. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi gücləndirməli və birləşdirməliyik ki, müstəqilliyi əbədi, dönməz və sarsılmaz olan Azərbaycanımızın parlaq gələcəyinin təminatçısı olan uşaqlarımız “Mən varam, mənim hüquqlarım var!” fikrini öz həyat devizlərinə çevirərək, dünyaya gülərək baxsınlar. Çünki dünya onlar gülərsə gözəlləşər...

Nurlan Cəbrayılzadə
Bakı Dövlət Universitetinin tələbəsi

Xəbər lenti