"Mən 2019-cu ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsil alıram. Keçən illər ərzində daim ümumi prosesləri və baş verənləri izləmişəm. Tələbə olduğum üçün universitetin fəaliyyətində hərtərəfli iştirak etmək imkanlarım da olub. Bu il beş illik təhsil müddətinin dörd ilini başa vururam. Artıq ADPU barəsində apardığım təhlillər, araşdırmalar və tədqiqatların nəticələrini ictimaiyyətə bölüşmək istəyirəm".
Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında ictimai-siyasi fəal, ADPU-nun tələbəsi Anar Salehoğlu bildirib.
O, qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil siyasəti ADPU-da başda universitetin rektoru, professor Cəfər Cəfərov olmaqla bütün rəhbər şəxslər və ümumuniversitet əməkdaşları tərəfindən qarşılıqlı anlaşma şəraitində yüksək səviyyədə tətbiq edilir:
"Beynəlxalq təcrübənin tətbiq, təbliğ və təşviqinə böyük önəm verən universitet rəhbərliyi xaric dövlətlərin ali məktəbləri ilə qarşılıqlı əməkdaşlıq imkanlarını günü-gündən genişləndirir. Müxtəlif xarici ali təhsil müəssisələri ilə tələbə mübadiləsi və ikili diplom proqramları həyata keçirilir. Ölkə rəhbərliyinin Azərbaycan gəncliyinə qarşı göstərdiyi diqqət və qayğı ADPU-da da özünü göstərir. Bu istiqamətdə mühüm addımlar atılır. Bütün məsələlər qanunlar çərçivəsində tələbəyönümlü qərarların qəbul edilməsi ilə həll edilir".
Kənan Nağıbəyli